"OĞUZ" Müstəqil Araşdırmaçılar Qrupunun yeni layihəsi olan "Azərbaycan hökmdarları: SƏFƏVİLƏR" adlı məlumat kitabının təqdimat mərasimi həftənin şənbə günü saat 13.00-da "KİTAB EVİM" adlı məkanda keçiriləcək. Nəşr olunan kitab təqdimat mərasiminin iştirakçıları arasında pulsuz paylanacaq.
Qeyd edək ki, Azərbaycan Səfəvilər dövlətini, dünya ictimaiyyətinin, elmi sferasının bir çox hissəsi İran dövləti kimi tanıyır və öyrənirlər. Bu da xarici ölkələrdə yaşayan və təhsil alan soydaşlarımızın ciddi narazılığına səbəb olur. Tarixdən məlumdur ki, bu dövlət sırf Azərbaycan xalqına məxsus olmuş, ölkəmizin ərazisində yaranmış, dövlətin idarəedilməsi buradan həyata keçirilmişdir. Səfəvilərə "iranlılıq” prizmasından yanaşan xarici dövlətlərin elm və təhsil,media sahələrinin addığı bu yanlış addım bəzən qəsdən yox sırf təbliğatın zəifliyindən, məlumat azlığından qaynaqlanır. Bütün bu neqativ ünsürlərin həllinə yardımçı vəsait olaraq Səfəvi hökmdarları barədə lakonik, lakin məzmun və mahiyyət etibari ilə maarifləndirici xarakter daşıyan bu əsər olduqca mühüm əhəmiyyət daşıyır. Azərbaycan Səfəvi xanədanına məxsus hökmdarlar barədə 2 dildə avtobioqrafik məlumatları və rəngli şəkilləri özündə ehtiva edən kitabın ən böyük spesifik xüsusiyyəti ondan ibarətdir ki, orada təkcə Səfəvi hökmdarları geniş təsvir edilmir, eyni zamanda onların şəkilləri təqdim edilir, eləcə də dövlərinə aid bayraqlar və sikkələrin, xəritələrin təsvirlərinə də geniş yer ayrılır. Kİtab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr edilib.