Ceyhun: “Xəstəliyindən xəbərimiz var idi. Amma yenə qəbul etmək çətindi. Çox tez tərk etdi məni”
Vüqar: "Məsciddə yuyanda 50 manat veriblər. Ailəyə başqa kömək olunmayıb”
Biri vardı, biri yoxdu. Bu həyatda hər zaman biri olub, biri yox. Hərə öz nağılını yaşayıb. Hərə öz ömür payını oynayaraq bu həyatdan köçür. O da öz ömür payını yaşayıb getdi. Bir az kasıb, bir az susqun yaşadı. O, səhnədə də oynayanda kim ona hansı payı verdisə, razılaşdı. Heç vaxt "mən böyük rollar üçün yaranmışam” demədi.
Əslində xırda obrazlarla da yadda qalmaq asan deyil. Amma onun sənətinə olan sevgisi, aktyor olaraq üstünlüyü də ondadır ki, kiçik obrazlarla sənətində yüksəkdə dura bildi. Bəzən xırda obrazlarda dediyi hər kəlmə adi günlərdə deyimlərimizə çevrildi. Demək ki, o, sənəti ilə yaddaşlarda izini qoya bildi. Beləcə, həyat yenə özünü göstərərək zamanı dayandıra bildi. Onun üçün zaman dayandı. Sənət adamlarından biri də getdi aramızdan. Həm də kimsəni incitmədən.
Əməkdar artist Ələsgər Məmmədoğlu 3 gün öncə dünyasını dəyişdi. Onun barədə danışanlar deyirlər ki, Ələsgər Məmmədoğlu həyata necə sakit gəlmişdisə, eləcə də getdi. Onun yoxluğu o qədər ani oldu ki, sənət dostları da çaşqın qaldı. Ələsgər Məmmədoğlunun yoxluğu ailəsini də sarsıtdı.
Əməkdar artistin oğlu Ceyhunla əlaqə yaratdıq. Atasının yoxluğu ilə hələ də barışa bilməyən övladı atasından "Şərq”ə danışdı: "Atasızlıq həqiqətən ağırdı. Hələ də inana bilmirəm ki, o, aramızda yoxdu. Danışmağa çətinlik çəkirəm. Nə danışım ki? Bu gün nə qədər danışsaq da, onun yoxluğu həqiqəti dəyişmir. Təsəlli verirlər, amma bunu qəbul etmək ağır idi. Baxmayaraq ki, xəstəliyindən xəbərimiz var idi, amma yenə qəbul etmək çətindi. Çox tez tərk etdi məni”.
Ələsgər Məmmədoğlunun kürəkəni Vüqar da "Şərq”in əməkdaşı ilə söhbətində qayınatasından danışdı: "Ələsgər müəllim o qədər gözəl təbiətə malik insan idi ki, onun barədə danışmaq həm məsuliyyətlidir, həm də çətindi. Onun sənəti, aktyorluğu göz qabağında olub. Əslində ona aktyor kimi imkan verməyiblər ki, istedadını göstərsin. Həmişə kiçik obrazlarla kifayətlənib. Amma onu da o qədər ürəklə oynayıb ki, baş obrazı oynayanlardan daha çox sevilib. Bu, başqa məsələdir. Amma insan kimi Ələsgər müəllim çox sadə insan idi. Qayınatam olduğu üçün demirəm. Onu tanıyanlar bilir ki, nə qədər təmkinli, sadə qəlbə malik insan idi. Hərdən qohum-əqrəba danışanda deyirdilər ki, niyə Xalq artisti adı üçün heç kimə müraciət etmirsən? Sakitcə bir gülüşü var idi. Deyirdi məsləhət olanda, yəqin verərlər. Heç vaxt narazılıq etməzdi.
Baxmayaraq ki, maddi durumları da o qədər yaxşı deyildi. Onsuz da aktyorların əksəriyyətinin maddi durumu çətindi. Amma Ələsgər müəllim o qədər sakit insan idi ki, maaşdan başqa gəlir yeri də olmayıb. Nə bəzi aktyorlar kimi toya gedib, nə də tamadalıq edib. Cəmi 300 manat maaş alıb, onunla ailəsini dolandırıb demək olar. Səhhətində də problem olduğunu bilmirdi. Ölən günə qədər bilmədi ki, xərçəng xəstəsidir. Vəziyyətini həkimlər bizə demişdilər. Yəni elə bir xəstəliyi oldu ki, müalicəsi yoxdu. Ona görə də son günə qədər özünə demədik. Ciyərində xərçəng aşkar olundu. Deyə də bilmədik ki, narahat olmasın. Ona görə də nə son sözünü deyə bildi, nə vəsiyyətini etdi. Birgə onu bilirik ki, oğlu Ceyhun üçün çox narahat idi. Toyunu görmək istəyirdi. Qismət olmadı. İkiotaqlı, dar evləri var. Kasıb ailə olublar. Ceyhunun da işsizliyi onu narahat edirdi. Nə danışım ki? Sadə, kasıb həyat yaşayan aktyor idi Ələsgər Məmmədoğlu”.
Maraqlandıq ki, nazirlik hüzr mərasiminin dəfn xərcinin bir qismini özü üzərinə götürmüşdü. Ailəyə kömək olundumu? Ələsgər Məmmədoğlunun kürəkəni bildirdi ki, ailəyə heç bir maddi kömək olunmayıb: "Ələsgər müəllimin ailəsinə 50 manat teatrdan kömək olub. O da məsciddə yuyanda 50 manat veriblər. Ailəyə başqa heç bir maddi kömək olunmayıb”.
Tahirə