Tanınmış şair Məmməd Dəmirçioğlu vəfat edib. Bu barədə Axar.az-a şairin yaxın dostu Mehman Əhməd məlumat verib. Onun sözlərinə görə, Məmməd Dəmirçioğlu bu gün səhər saatlarında dünyasını dəyişib:
"Məmməd Dəmirçioğlu bir az əvvəl ürək tutmasından vəfat edib. Onun ölüm xəbərini mənə kürəkəni Babək dedi”.
Qeyd edək ki, Məmməd Dəmirçioğlu 1951-ci ildə Qazax rayonunun İncə Dərəsində - Qaymaqlı kəndində dünyaya gəlib. O, "Dəmirçioğlunu dindir”, "Eşqəm”, "Səhra gülləri”, "Söz-söz açılan göy üzü” kimi kitabların müəllifidir.
Şairin şeirlərindən birini təqdim edirik:
***
Bu gün yenə gün doğdu,
Demək varmış sabahlar.
Hər gün yaşanıb gedən
Arzularmış sabahlar.
Dan üzündən doğan gün,
Qürubdaca boğuldu.
Kim bilir bu gün yenə
Kim öldü, kim doğuldu.
Bu gecə zinriyində
Kimi acdı, kimi tox.
Görünmür ay işığı,
Dünən vardı, bu gün yox.
Sabah gün doğaçqmı,
Nələr olacaq sabah?
Bu sirrlərin içində,
Yaxşı ki varsan, Allah!
Allah rəhmət eləsin!