Bu il daha 20-yə yaxın yaşayış məntəqəsinə qayıdış olacaq -Parlamentari

Ən müasir standartlara uyğun həyata keçirilən işlər Azərbaycanın gücünü daha da artırır

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işlərindən, Böyük Qayıdışdan danışıb. Dövlət başçısı vurğulayıb ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası Azərbaycan dövləti üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir: "Bu il ən azı 4 milyard manat ayrılacaq. Amma mən hesab edirəm ki, biz daha çox vəsaiti səfərbər edə bilərik. Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik və artıq mətbuatda da bu gedib. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə”. Ölkə rəhbəri bəyan edib ki, bu il daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılması planlaşdırılır: "O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Amma yenə də əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib. Yəni biz burada da həm peşəkarlıq, həm də çox ciddi yanaşma göstəririk. Burada sadəcə olaraq, söhbət maliyyə resurslarından getmir, yəni resurslar ola bilər, amma gərək sənin insan potensialın olsun". Prezident vurğulayıb ki, son illər ərzində kadr hazırlığına da böyük investisiyalar qoyulub, texniki imkanlar genişlənib: "Orada aparılan işlərin böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən görülür. İkinci yerdə Türkiyə şirkətləridir. Onlar daha çox tunellər, körpülər, dəmir yolları layihələrində iştirak edirlər. Yəni bizdə çox ciddi texniki potensial var, kadr potensialı var, maliyyə resurslarımız var və güclü düşünülmüş siyasət var. Onu da bildirməliyəm ki, bütün yaşayış məntəqələrinin layihələndirilməsi və ərsəyə gəlməsi ən yüksək standartlara cavab verir. İndi gedin, istənilən yaşayış yerinə baxın, nə qədər rahat evlər, istər mənzil olsun, istər fərdi ev olsun, bütün infrastruktur, iş yerləri. Artıq iki sənaye parkı fəaliyyət göstərir. Təsəvvür edin, Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir".
Dövlət başçısı xatırladıb ki, o, müharibə başa çatandan dərhal sonra demişdi ki, Qarabağ cənnətə çevriləcək: "Əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. Məsələn, biz bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlayırıq. Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlayacağıq. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu, bir nümunə olacaq. Sonra biz bunu ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyik. Yəni orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerji layihələri bütün ölkəni əhatə edəcək. Bax, bizim planlarımız bundan ibarətdir. Ümumi rəqəmləri gətirməklə kifayətlənirəm. Amma hesab edirəm ki, Azərbaycan televiziyaları və digər mətbu orqanları orada gedən prosesləri kifayət qədər işıqlandırırlar. Əlbəttə, istərdim ki, daha da çox işıqlandırsınlar. Çünki orada hər gün nəsə dəyişir, hər gün nəsə tikilir, hər həftə keçmiş köçkünlər oraya qayıdırlar. Ona görə bizim mətbuat o bölgədə gedən proseslərlə nə qədər çox maraqlansa və bunu işıqlandırsa, o qədər də yaxşı olacaq". 
Məlumat üçün bildirək ki, 2025-ci ildə işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işləri 4 milyard manat məbləğində vəsaitin ayrılması da nəzərdə tutulur. 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub ki, 2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 mlrd. manata yaxın vəsait ayrılıb. Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan öz torpaqlarının işğaldan azad olunmasının sevincini və qürurunu yaşayır. Prezidentin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Artıq böyük inkişafın təməlləri atılır və məqsəd də regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. Bütün dünya 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda canlanmanın və məskunlaşmanın şahididir. 2024-cü ildə Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə növbəti səfəri də bir sıra vacib layihələrə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması ilə yadda qaldı. 2024-cü ildə “Böyük Qayıdış”a dair I Dövlət Proqramının icrası istiqamətində görülən işlər, həqiqətən də, fantastikdir. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərlərin, kəndlərin yenidən tikilməsi, əhalinin “Böyük Qayıdış”a dair I Dövlət Proqramına əsasən məskunlaşdırılması, həmin bölgələrdə sosial-iqtisadi infrastrukturun yaradılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə işlər 2024-cü ildə də yüksək sürətlə və keyfiyyətlə davam etdirilib. Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olub, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edib. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə edib. Prezident burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, sonra Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, sakinlərlə birlikdə şəhərdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Qeyd edək ki, 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Aprelin 25-də Ağdamın Xıdırlı kənd tam orta məktəbin təməli qoyulub. Mayın 10-da – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə də Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfər edib. Dövlətimizin başçısı bu səfərdə Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilmiş birinci tunelin, Şuşada “Şirin su” hamamının, Mamayı məscidinin açılışlarında iştirak edib, şəhərdə inşa olunacaq üçüncü yaşayış kompleksinin və Turşsu qəsəbəsinin təməllərini qoyub.
Bu səfəri daha əlamətdar edən hadisə isə Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub. Görüşdə diqqətə çatdırılıb ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksində 450 mənzil var. Şuşaya ilk köç edən ailələrlə görüşən dövlət başçısı mənzillərin açarlarını sakinlərə təqdim edib. Laçın rayonunun Sus kəndində 60-a yaxın fərdi ev tikilib, 132 şagird yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının açılışlarını edib. Qeyd edək ki, “Böyük Qayıdış”a dair I Dövlət Proqramına uyğun olaraq indiyədək Laçın şəhərində 552 ailə məskunlaşıb və 2031 laçınlının yurd həsrəti sona çatıb. Mayın 18-də Şərqi Zəngəzura səfər edən Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin, Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməllərini qoyub, “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib. Qeyd edək ki, 2040-cı ilədək Mincivan qəsəbəsində 9088 nəfər üçün 630 fərdi ev və yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Azərbaycan ilə İranın dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Bu hidroqovşaqlar həm yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin edilməsində, həm də əkin torpaqlarının suvarılmasında xüsusi rol oynayacaq. On gün sonra dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizə yenidən səfər edib. Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməllərini qoyub. Sonra Prezident İlham Əliyev Xocalıda 180 mənzildən ibarət 15 binada yaradılan şəraitlə tanış olub, şəhərə köçən sakinlərlə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə növbəti səfəri sentyabrın 2-də Kəlbəcər rayonuna olub. Sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin və bu ali məktəbin tələbə yataqxanasının təmirdən sonra açılış mərasimi baş tutub. Oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak edib. Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. Yaxın üç ildə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. 

Millət vəkili Fatma Yıldırım deyib ki, hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Deputat deyib ki, müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, azad olunmuş ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb:
 “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" üçün bütün zəruri tədbirlər görülür. Dövlət başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfər edir və burada görülən işlərlə yerində tanış olur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılan layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu ərazilərdə infrastruktur layihələri həyata keçirilir, sosial obyektlər, evləri tikilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Artıq bir sıra yaşayış məntəqələrinə keçmiş köçkünlərin qayıdışı təmin olunub. Yanvarın 7-də cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində dediyi kimi, bu günə qədər 10 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıb. Bütövlükdə, azad edilmiş ərazilərdə hazırda 30 mindən artıq insan yaşayır. Onların təxminən 10 min nəfəri daimi məskunlaşan sakinlərdir, digərləri isə orada çalışan vətəndaşlarımızdır. Bu gün qürurla deyə bilərik ki, artıq Şuşada, Laçında, Xocalıda və digər azad edilmiş ərazilərimizdə həyat canlanır, insanların doğma yurdlara qayıdışı bu müqəddəs torpaqlarımıza yeni nəfəs gətirir. O cümlədən, hazırda Xankəndi şəhəri də yeni dövrünə qədəm qoyub. Burada Qarabağ Universiteti fəaliyyətə başlayıb, müxtəlif müəssisələr yaradılıb, insanlar böyük ruh yüksəkliyi ilə Qarabağ torpağında çalışırlar”. 

Parlament üzvü qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın azad olunmuş ərazilərimizə hər bir səfəri yeni təməllərin atılması, açılışların edilməsi ilə yaddaşlarda qalır: 
“Dövlət başçısının müjdə verdiyi kimi bu il daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı nəzərdə tutulur. İnfrastruktur layihələrinin yekunlaşması ilə yaşayış məntəqələrinin bərpasına diqqət daha da artacaq və qayıdış prosesi daha da sürətlənəcək. Bütövlükdə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid böyük məkana çevrilməsi konsepsiyası həyata keçiriləcək. Ən müasir standartlara uyğun həyata keçirilən işlər Azərbaycanın gücünü daha da artırır”.