Naqif Həmzəyev: "Ter-Petrosyanın açıqlamalarından beynəlxalq məhkəmələrdə fakt kimi istifadə oluna bilər"

"Hələ bilmədiyimiz nə qədər faktlar var"



Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması barədə Azərbaycanın mövqeyi qətiləşdikcə, Ermənistanda panika dərinləşir. Xüsusilə Ter-Petrosyanın 23 iyul 1993-cü ildəki çıxışının yayılmasından sonra rəsmi Bakının bu məsələdə əlinin hüquqi baxımdan güclənməsindən erməni ictimaiyyəti narahatlıqlarını gizlətmirlər. Petrosyan azərbaycanlıların silah gücünə, terrorçu “Yerkrapa” qüvvələrinin də xüsusi canfəşanlığı ilə qovulduğunu təsdiqləyib və bu video-çıxış erməni faşizmini ifşa edən növbəti fakt olaraq qeydə alınıb. Azərbaycanın bu faktdan lazımınca istifadə edəcəyini anlayan ermənilər buna qarşı “B variantı” hazırlanmalı olduğu haqda hay-küy başladıblar. Ermənistan Baş naziri Nikol Paşinyan da bu mövzuda danışıb və erməni faşizmi barədə son üzə çıxan faktdan qaça bilmədiyini dolayısı ilə təsdiqləyib. Buna cavab olaraq isə “sülh gündəliyinə sonadək sadiq qalacaqları” “düsturunu” təklif edib. Erməni politoloqların ciddi tənqidinə baxmayaraq, əslində, Nikol Paşinyanın Ermənistanın əvvəlki 3 prezidentinin hazırda ifşa olunan əməllərindən hüquqi müstəvidə xilas olmağa can atdığı aydın görünür. Buna görə də o, “Qərbi Azərbaycan Qazaxda bitdiyi kimi, Qərbi Ermənistan da Armavirdə, Araz çayının yaxınlığında bitir” tezisini irəli sürüb. Belə görünür ki, Paşinyan “Qərbi Azərbaycan” anlayışını təhrif edərək, bunu Azərbaycanın torpaq iddiası kimi təqdim etməyə, buna qarşılıq olaraq isə özlərinin “Qərbi Ermənistan” deyə Türkiyəyə ərazi iddiasından əl çəkdiklərini göstərməyə çalışır. Guya hər ikisi təcavüz istəyidir – Ermənistan “Qərbi Ermənistan” iddiasından əl çəkir və Azərbaycan da “Qərbi Azərbaycan”dan imtina etməlidir. Halbuki tarixi “Qərbi Azərbaycan” anlayışı Göyçə, Qərbi Zəngəzur, Dərələyəz kimi mahalların Azərbaycan Respublikasının tərkibinə daxil edilməsini nəzərdə tutmur, 1988-ci ilə qədər indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların geridönüşünü təsbit edir. Çünki Petrosyanın da etiraf etdiyi kimi, bu azərbaycanlılar öz torpaqlarından silah gücünə qovulublar və onları qovmaq üçün erməni terrorçular 216 mülki azərbaycanlını xüsusi amansızlıqla qətlə yetiriblər. Digər tərəfdən, Paşinyan siyasi-informativ manipulyasiya ilə guya qonşu ölkələrin ərazisinə iddia etmədiklərini bildirsə də, sürətlə silahlanır və Azərbaycanla sərhəddə bunkerlər, tunellər inşa edilir. O cümlədən, Ermənistanın müdafiə naziri Suren Papikyan 2014-cü ildə Qarabağ, Naxçıvan (Azərbaycan), “Qərbi Ermənistan” (Türkiyə) və Cavaxetiya (Gürcüstan) ərazilərinə iddia edən “bayraqlar simvolikası” paylaşımını öz sosial şəbəkə hesabında hələ də saxlamaqdadır. Qonşu ölkələrin ərazisinə iddia edən bir şəxsin Ermənistanda müdafiə naziri vəzifəsini tutması isə Paşinyanın hazırkı açıqlamalarının “özünüqoruma instikti” olduğunu sübut edir. N.Paşinyanın özündən əvvəlki hökumət və dövlət başçılarından guya “daha konstruktiv” olması barədə fikirlər də illüziyadır. Paşinyanın Şuşada rəqsi, “Qarabağ Ermənistandır və nöqtə” sözləri hər kəsin xatirindədir. Paşinyanın “konstruktiv” deyil, işğal siyasətindən də qətiyyən əl çəkməyib, sadəcə, Ordumuz Paşinyanı işğal siyasətindən əl çəkməyə məcbur edib.

Millət vəkili, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvü Naqif Həmzəyev "Sherg.az"a deyib ki, Ermənistan dövləti bir layihədir və hər dövrdə bu layihəni icra edən böyük güclər olub. Deputatın sözlərinə görə, ilk mərhələdə Osmanlı imperiyasını dağıtmaq və içəridən parçalamaq üçün xristian ermənilərdən istifadə edərək missioner və terror təşkilatlar yaratmışdılar: 
"Sonra həmin təşkilatlara maddi və silah yardımları göstərdilər və Osmanlıya xəyanət etməklə, arxadan vurmaqla türk torpaqlarında "erməni-xristian dövləti"nin yaradılması layihəsi ortaya atıldı. Sonradan bəlli səbəblərdən bu layihə reallaşdırıla bilmədi. Ona görə həmin dairələr gözlərini Azərbaycan torpaqlarına dikdilər və "Ermənistan" adlı dövlət yaradılması proyekti dəstəkləndi. Ararat Respublikasından sonra sovet dönəmində "Ermənistan SSRİ" yaradıldı. Azərbaycanın tarixi əraziləri hesabına "Ermənistan" adlı qondarma dövlət quruldu. Ancaq kənar güclər "Ermənistan" adlı dövlət yaratsalar da, onun əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət idi. Çünki bu torpaqlar tarix boyu azərbaycanlılara məxsus olub. XIX əsrin tarixi sənədlərinə nəzər yetirsək, görərik ki, rus Çarizmi tərəfindən həyata keçirilən siyahıyaalınmalarda bütün çoxluq Azərbaycan türklərində, müsəlmanlarda idi. Ermənilər bizim torpaqlarda heç vaxt çoxluq təşkil etməyiblər. Ermənistan SSRİ yaradıldıqda da bütün ərazilərdə əhalinin milli kimliyi baxımdan Azərbaycan türkləri çoxluq təşkil edirdi. Bu, Ermənistan üçün ciddi təhlükə sayılır və ona görə nəyin bahasına olursa-olsun, torpaqlarımızı Azərbaycan türklərindən təmizləmək istəyirdilər. XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı dəhşətli soyqırımı və deportasiyaların şahidi olmuşuq. Deportasiyalar nəticəsində azərbaycanlıların böyük əksəriyyəti öz dədə-baba yurdlarını tərk etsələr də, bir qismi sonradan geri dönə bilmişdi. Bütün cəhdlərə rəğmən, zamanla bir çox bölgədə yenə də azərbaycanlılar üstünlük təşkil edirdilər. Ancaq sovetin məqsədyönlü siyasəti imkan verirdi ki, Ermənistan və ermənilər 1988-ci ildə "yenidənqurma" adı altında Azərbaycan türklərini tarixi yurdlarından qova bilsinlər. Nəticədə soydaşlarımıza qarşı növbəti deportasiya siyasətinə başlanıldı. 1991-ci ilədək davam edən bu prosesdə indiki Ermənistan ərazisi tamamilə azərbaycanlılardan təmizləndi. Ermənistanın eks-prezidenti Levin Ter-Petrosyanın 1993-cü ildə terror təşkilatları qarşısında çıxışı zamanı qeyd etdiyi kimi, onlar üçün ən böyük təhlükə Azərbaycan türklərinin Ermənistan ərazisində qalması idi. Ona görə də həm Ermənistan Respublikası və erməni diasporu qarşısında qoyulan əsas məqsəd məhz azərbaycanlıların kütləvi deportasiyası idi. Bu, ilkin mərhələ üçün nəzərdə tutulmuşdu. Sonrakı mərhələdə isə Qarabağ ərazisində ermənilərin muxtariyyətini gücləndirmək və ikinci "Ermənistan dövləti"ni yaratmaq layihəsi dayanırdı. Ermənilər 30 il ərzində öz havadarlarının köməyi ilə bu layihəni reallaşdıra bildilər". 

Parlament üzvü vurğulayıb ki, Ter-Petrosyanın açıqlamaları beynəlxalq məhkəmələrdə fakt kimi istifadə oluna bilər: 
"Qərbi azərbaycanlıların öz torpaqlarına - Göyçəyə, Basarkeçərə, İrəvana, Qafana, Qərbi Zəngəzura, Zəngibasara qayıtmasına yardımçı ola biləcək bütün vasitələrdən istifadə edilməlidir. Ter-Petrosyanın açıqlamaları beynəlxalq məhkəmələrdə fakt kimi istifadə oluna bilər:. Ter-Petrosyanın açıqlamaları beynəlxalq məhkəmələrdə fakt kimi istifadə oluna bilər:Dünya ictimaiyyəti də bundan xəbərdar olmalıdır. Deməli, hələ bilmədiyimiz nə qədər faktlar var ki, ermənilərin işğalçılıq siyasətinin gizlinlərini ortalığa çıxara bilər. Düzdür, erməni layihəsinin arxasındakı güclər bu həqiqətləri görməzdən gəlirlər, ancaq istənilən halda erməni terrorizminin bütün yönləri ilə ifşası və elə erməni liderlərin dilindən etirafı olduqca önəmlidir. İnanırıq ki, kənar güclərin müdaxiləsi azalarsa, nəhayət, Ermənistanın özündə də reallıqları qəbul edənlər üzə çıxacaq. Çünki dayanıqlı və uzunmüddətli sülhün əldə olunmasının yeganə yolu İrəvan hökumətinin revanşizmə meydan vermədən sağlam addımlar atmasıdır. Ümid edirik ki, Ermənistanın siyasi rəhbərliyi özündə cəsarət taparaq Qərbi Azərbaycan İcmasının müraciətini cavablandıracaq və onların öz ata-baba yurdlarında yaşamaq hüquqlarının bərpasına dəstək olacaqlar. İrəvan hökuməti gec-tez bu addımı atmalıdır. Ən əsası isə Ermənistan dövləti və ermənilər Azərbaycan xalqından üzr istəməli və vurduqları ziyanlara görə mütləq təzminat ödənilməlidir".