Kimlərsə insanların xeyirxah niyyətindən sui-istifadə edib yardım kampaniyası başlatdılar
Gün ərzində neçə-neçə avtomobil qəzaları baş verir, hər kəsə yardım kampaniyası təşkil edilmir
Yaddaşlarda “uçan taksi” avtoqəzası kimi qalacaq hadisənin səbəbkarı - sürücü Anar Nəcəfov qəribə açıqlamaları ilə də gündəmdədir. Xəbərin biri budur ki, sürücü müalicə olunduğu xəstəxanadan öz istəyi ilə evə buraxılıb. Bu barədə TƏBİB məlumat yayıb. Məlumatda bildirilir ki, Nizami rayonu, Heydər Əliyev prospekti ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə aprelin 10-u, saat 15:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1974-cü il təvəllüdlü kişi öz istəyi ilə tibb müəssisəsindən buraxılıb: “Aparılan ətraflı instrumental müayinələr nəticəsində sol dizin kəsilmiş yarası, sağ qamış sümüyünün kondiluslardan keçən açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün kondilusunun yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Pasiyent müalicəsinin davam etdirilməsi üçün özəl tibb müəssisəsinə müraciət edəcəyini bildirib və öz istəyi ilə tibb müəssisəsindən buraxılıb”.
Xatırladaq ki, ötən həftə paytaxtın Heydər Əliyev prospektində qeydə alınmış qəza zamanı “Bolt” taksi şirkətinə məxsus BYD markalı avtomobilin sürücüsü idarəetməni itirib, arakəsməni yararaq prospektdə hərəkətdə olan “Ford”a dəyib və yolun bu biri tərəfinə düşüb. Hadisə nəticəsində sürücü və sərnişini xəsarət alıb. Qəza anını əks etdirən videogörüntü sosial şəbəkələrdə geniş paylaşıldıqdan sonra sürücüyə kömək məqsədilə pultoplama kampaniyasının başladılması elan edilib. Lakin bu, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb, heç bir ağır xəsarət almayan sürücüyə pul yığılması vətəndaşlar tərəfindən tənqid olunub. Baku TV-yə danışan Anar Nəcəfov isə kartına guya ki yüksək məbləğdə pul toplanması iddialarını rədd edib və deyib ki, hesaba cəmi 3-4 min pul yığılıb. O, başqasının adı ilə taksi xidmətindən istifadə etməsinə də aydınlıq gətirib: "Qadın maşına oturandan sonra heç nədən xəbərim olmadı. Dilim qatlandı, yoxsa mən dəliyəm, gedim, o qədər sürətlə hasara girim?! 8-9 ildir ki, məndə qıcolma olmamışdı. O vaxtdan birinci dəfədir ki, maşında baş verdi. Avtomobil taksi şirkətinə aiddir. Hesabım yox idi, dedilər ki, səni başqasının adı ilə qeydiyyata alacağıq". A.Nəcəfov bildirib ki, o, narkoloji testdən keçib: "Məni sadəcə qıcolma tutdu, dilim qatlandı, bərk qaza basdım. Hesaba deyirlər, guya 90 min pul yığılıb. Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir".
Qəza törədən sürücü üçün pul yığılması da deyəsən, bir ilkdir. Niyə pul toplamalıdır ki? Hadisənin təfərrüatları maraq doğruduğundan ekspertə müraciət etdik.
Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg.az"a açıqlamasında bildirdi ki, avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəyir:
"Avtomobilin icbari sığortası varsa, dəymiş ziyanı – avtomobilə, avtomobilin əzdiyi digər avtomobilə, eləcə də sərnişin, piyada və ya dövlət əmlakına dəymiş ziyan sığorta şirkəti tərəfindən qarşılanır. Sadəcə, sığorta şirkətinin də müəyyən ödəmə limiti var. Əgər ziyanın məbləği limiti keçirsə, yerdə qalan məbləği sürücü ödəməli olacaq. Kimin nə deməsindən asılı olmayaraq istintaqın açıqlamasını gözləməliyik. İstintaq bütün suallara aydınlıq gətirəcək. Sürücünün hər hansı xəstəliyi, sağlıq problemi olubmu, hansısa asılılığı varmı və sair. Bu hadisə bir daha göstərir ki, taksi xidməti şirkətləri işçi qəbul edərkən sağlamlıq haqqında tibbi arayış tələb etməlidirlər.
Qeyd edək ki, sözügedən qəza hadisəsi çox səs-küyə səbəb oldu, videogörüntülər yayıldı deyə, ictimaiyyətdə də reaksiya doğurdu. Kimlərsə insanların xeyirxah niyyətindən sui-istifadə edib həmən yardım kampaniyası başlatdılar. Gün ərzində neçə-neçə avtomobil qəzaları baş verir, hər kəsə yardım kampaniyası təşkil edilmir".