Azərbaycan da bu ölkənin bərpasında fəal iştirak etməyi hədəfləyib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriya xarici işlər naziri Əsəd əl-Şeybani ilə telefon danışığı aparıb. Bu barədə SANA agentliyi məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər enerji sektoru və yenidənqurma sahəsində sabitliyə nail olmağın, eləcə də siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Suriya hökumətinə dəstəyin vacibliyini vurğulayıblar.
Bundan əlavə, rəsmi qurumlar arasında kommunikasiya kanallarının aktivləşdirilməsi və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşviq olunmasının əhəmiyyəti qeyd edilib. Onu da deyək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumunun bağlanış mərasimində Suriyanın yenidən qurulmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Suriyanın yenidən qurulmasında Türkiyə ilə məsləhətləşmələr aparır: “Cənab İlham Əliyev Türkiyə ilə Suriyanın təhlükəsizliyi, infrastrukturu və iqtisadiyyatına dəstəklə bağlı iş aparır. Azərbaycanın verdiyi hər bir dəstək bizim üçün çox dəyərlidir. Bu məsələdə edilən təşəbbüsləri alqışlayırıq”. XİN başçısı vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında sadəcə qardaşlıq deyil, dövlət qurumları arasında peşəkar əməkdaşlıq da mövcuddur.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov da “Sherg.az"a açıqlamasında deyib ki, Suriyanın bərpası üçün beynəlxalq dəstək önəmlidir və Azərbaycan da bu sahədə fəal iştirak etməyi hədəfləyib:
“Bu dəstək, təkcə humanitar yardım və infrastruktur sahələri ilə məhdudlaşmır, həm də beynəlxalq siyasət və iqtisadi əməkdaşlıq sahələrində də özünü göstərir.
Azərbaycan və Suriya arasında iqtisadi əlaqələr mövcuddur. Ticarət mübadiləsinin genişləndirilməsi və iqtisadi sahədə əməkdaşlığın artırılması istiqamətində bir neçə təşəbbüs nəzərdən keçirilir. Bu əməkdaşlıq, Suriyanın bərpası üçün lazım olan maliyyə və resursların təmin olunmasına kömək edə bilər.
Azərbaycanın Suriyanın yenidən qurulmasına verdiyi dəstək, xüsusilə son illərdə artan beynəlxalq əlaqələr və regionda qarşılıqlı maraqlar çərçivəsində əhəmiyyətli yer tutur. Azərbaycan Suriyada keçid hökuməti yarandıqdan sonra oradakı yenidənqurma prosesinə və ictimai rifaha dəstək verib. Azərbaycan, Suriyada müharibə nəticəsində ciddi zərər görmüş əhalisinə humanitar yardım göndərib. Bu yardımlar müxtəlif ərzaq məhsulları, tibbi avadanlıqlar və digər təcili ehtiyacları əhatə edir. Azərbaycan, həmçinin müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə Suriyadakı mülki əhaliyə dəstək göstərməkdə aktivdir. Bizim Suriya siyasətimiz kifayət qədər ayın, rasional və dürüst meyarlara söykənir. Azərbaycan Suriyada Bəşər Əsədin hakimiyyəti dövründə qurulmuş anti-müsəlman rejimin qəbuledilməz hərəkətlərini daim ifşa edib. Keçid hökuməti fəaliyyətə başladıqdan sonra isə Azərbaycan Suriya ilə diplomatik münasibətləri yenidən qurub. IV Antalya Diplomatiya Forumunda da cənab Prezident İlham Əliyevin Suriya keçid hökumətinin rəhbəri ilə görüşü Azərbaycanın Yaxın Şərqdəki diplomatik fəallığının artdığını və Suriyaya münasibətdə konstruktiv mövqe tutduğunu göstərən əlamətdar hadisələrdən biridir. Bu görüş, Azərbaycanın Suriyadakı vəziyyətə maraq göstərdiyini və gələcəkdə bu ölkənin bərpasında iştirak üçün açıq olduğunu nümayiş etdirir”.
Suriyanın kifayət qədər geopolitik coğrafiyada yerləşdiyini vurğulayan politoloq deyib ki, məhz elə bu geosiyasi önəmin nəticəsidir ki, bir sıra xarici güc faktorları Suriya ərazisində mövcud olmaq və eyni zamanda Suriya coğrafiyasının təbii sərvətlərindən yararlanmağa çalışır:
“Azərbaycan və Türkiyə kimi ölkələr isə Suriyaya qarşı yönələn xain planların qarşısında əsas müqavimət mərkəzlərindən biri ola bilər. Suriyanın yeni rəhbərliyi də bunun fərqindədir. İlham Əliyevin beynəlxalq kürsüdən Suriyanın ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstəyini açıq şəkildə ifadə etməsi oradakı keçid hökuməti üçün kifayət qədər əhəmiyyətli bir addımdır. XİN başçıları səviyyəsində aparılan telefon danışığı da Azərbaycan-Suriya münasibətlərində yeni bir həlqə formalaşdırır və ikitərəfli əlaqələrin bundan sonra da artan xətt üzrə inkişaf edəcəyinə zəmin yaradır”.