Yeni ilin müsəlmanlara aidiyyəti yoxdur...

Seyid Camal Əzimbəyli: “Milli mənsubiyyətimizə görə, yeni ili Novruz ərəfəsində də keçirə bilərik”



Bruney sultanı ölkədə Milad və Yeni il bayramlarının qeyd edilməsini yasaqlayıb. Ölkənin Dini İşlər Nazirliyi bütün şirkətlərə və ticarət obyektlərinə məktub yollayaraq, dükanların vitrinlərindən bu bayramlarla bağlı simvolların yığışdırılmasını tələb edib. Sultan deyib ki, islamla bağlı olmayan bayramları qeyd etmək müsəlmanların etiqadına zərər vura bilər:

"Müsəlman uşaqların Santa-Klausla böyüməsi şəriət qaydalarının pozulmasıdır”. Qərara görə, yasağı pozanları 5 il həbs və ya 20 min dollar məbləğində cərimə gözləyir. Bruneydə yaşayan xristianlar isə Milad və Yeni ili yalnız icmalarının daxilində bayram edə bilərlər. Somali hökuməti də Yeni ili qeyd etmənin xristian adəti olması ilə əlaqədar qadağan edib. Məsələyə münasibət bildirən ictimaiyyət nümayəndələri və ilahiyyatçıların fikirləri isə birmənalı deyil.

Millət vəkili Fazil Mustafa Bruney sultanının qərarını izaholunmaz adlandırıb: "Yəqin ki, xeyli ölkələrdə, o cümlədən də Azərbaycanda bu qərara "bukvayed” müsəlmanların xeyli hissəsi ürəkdən seviniblər. Sultandan soruşmaq istəyirəm ki, Yeni il həmin ölkədə yaşayan hansısa insana uyğun gələn bir bayramdırsa, hansı haqla bunu qadağan edirsən? İslam adı gələndə niyə digər insanların gözünə, ağlına dərhal qadağa sözü gəlməlidir? Niyə zorla inancın üstünlüyünü qəbul etdirməyə çalışırsınız? Əlbəttə, mən də bir vətəndaş olaraq yeni ili bayram olaraq qeyd etmirəm, sədəcə təqvim dəyişməsi kimi nəzərə alıram. Ancaq yüz minlərlə insan bunu bayram olaraq görürsə və bu bayram insanlarda hansısa qeyri-humanist əhval yaratmırsa, bundan niyə rahatsız olmalıyıq? İranda zorla çadraya keçdilər, sonu nə oldu? Dünyada pedofilliyin ən çox yayıldığı ölkə kimi tanınmırmı? Yaxud İŞİD-çilər islamın namus qaydalarının mühafizəçisi kimi çıxış edib yüzlərlə qadına təcavüz faktlarını ortaya qoymadılarmı? Əfqanıstanda Talibanın əsas gəlirinin xaş-xaş plantasiyalarından olduğunu bilmirsinizmi? İslamı əsrlərdir bir gözəl əxlaq dini kimi yaşamaqdan zövq almayan mazoxistlər, onu qadağa, zorakılıq, basqı dini kimi insanların yaddaşında yerləşdirməyə çalışırlar”.

İlahiyyatçı-alim Seyid Camal Əzimbəyli isə bildirib ki, Yeni il bayramının islam dininə dəxli yoxdur: "Düzdür, Azərbaycan dünyəvi ölkədir. Bizim cəmiyyət dini qanunlarla deyil, dövlətin hüquqi qanunları ilə idarə olunur. Bu baxımdan digər hüquqi dövlətlərdən kənarda qalmamalı, vəhşi müsəlman obrazı yaratmamalıyıq. Ölkəmiz tolerantdır, bütün ənənələrə, miraslara hörmətlə yanaşırıq. Ancaq xalqımızın milli kimliyi ilə yanaşı, müsəlman kimliyi də var. Etiraf etməliyik ki, islamın prinsiplərinə və hökmlərinə görə, Yeni il bayramının dinimizə heç bir aidiyyəti yoxdur. Əgər Milad bayramı sadəcə Həzrəti İsa Peyğəmbərin mövludu kimi qeyd olunursa, təbii ki, müsəlmanlar buna pis baxmaz. Təəssüflər olsun ki, Milad bayramı da xristian ölkələrində istismar edilir”.

Ekspertin sözlərinə görə, bütövlükdə müsəlman ölkələrində Yeni ilin qadağan olunması həmin dövlətlərin daxili işidir: "Təəssüflər olsun ki, doğumumuz, ölümümüz, ümumiyyətlə bütün həyatımız müsəlmanlara xas olan hicri təqvimlə deyil, xristianlara məxsus miladi təqvimlə hesablanır. Hətta məzarımız üzərindəki tarix də miladi təqvimlə yazılır. Halbuki müsəlman toplumun əsl yeni ili hicri təqvimlə qeyd olunmalıdır. Milli mənsubiyyətimizə görə, yeni ili Novruz ərəfəsində də keçirə bilərik”.

S.C.Əzimbəyli bildirib ki, müsəlman toplumlar üçün islam tarixində daha gözəl nümunələr var: "Həzrəti Əli gecələr gizlicə gəzərək yüzlərlə kasıb insana, ehtiyac sahibi şəxslərə yardımlar edirmiş. Amma bunu heç kim bilmirmiş. Həzrəti Əli rəhmətə gedəndən sonra onun çiynindəki yaralardan biliblər ki, hər gecə ərzaq dolu xurcunları belində daşıyan şəxs müsəlmanların Xəlifəsi imiş. Bax, biz bunları insanlara nümunə göstərməliyik, hansısa yad ünsürləri deyil”.

İsmayıl