Qurban Məmmədov: “Çox istərdim ki, başqa ölkələrdə də, bizim ölkəmizdə də, bu, müsbət bir president olsun”
Gürcüstanda inanılmaz olay yaşanıb. "O səs...” yarışmasına məhkum qadın qatılıb. Bütün seçim turlarını keçən məhkum-yarışmaçı, münsiflər tərəfindən seçilib də, "duel”lər qalibi olub, ən nəhayət, yarımfinala qədər yüksəlib.
Yarımfinalda isə məhkum qadın həyatının ən böyük həyəcanını yaşayıb; qadın efirdəcə əfv edilib! Məhkum qadın hər dəfə səhnəyə xüsusi mühafizəçilərin nəzarəti altında çıxırmış. O, səhnədə çıxış edərkən mühafizəçilər kənarda dayanıb, ətrafı nəzarət altında saxlayırmış. Qadını yarışmaya məhkumları daşıyan maşınla gətirib-aparırlarmış. İstedadlı qadın auditoriyadan da, tamaşaçılardan da, məhbus yoldaşlarından da böyük dəstək alırmış.
Qonşu ölkədə belə bir halın yaşanması istər-istəməz bizim məhbuslar arasında istedadların olub-olmaması mövzusunu gündəmə gətirdi. Belə bir halın bizim ölkədə yaşanması mümkün görünürmü?
Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin sabiq rəisi, Məhbuslara Yardım Assosiasiyasının sədri Məmməd Zeynalov "Şərq”ə açıqlamasında Azərbaycan məhbusları arasında istedadlıların çox olduğunu dedi:
- Penitensiar xidmət sahəsində çalışdığım vaxtlarda elə istedadların şahidi olmuşam ki!.. Məhbuslar arasında elə rəssamlar vardı, yalan olmasın, dünyanın ən məşhur rəssamları ilə müqayisə edilə bilərdilər. Təsəvvür edə bilməzsiniz, diyircəkli qələmlə elə rəsmlər, portretlər çəkirdilər, adam heyran qalırdı. İstedadlı məhbuslar varsa, onlara şərait, imkan yaradılmalıdır ki, özlərini büruzə versinlər. Azadlığa çıxdıqda istedadları onların köməyi olsun.
M.Zeynalov Gürcüstanda səs yarışmasında baş vermiş hadisəni müsbət dəyərləndirdi:
- Mən o verilişin videosunu izləmişəm. Həqiqətən də, təqdirəlayiq haldır. Məlumdur ki, penitensiar xidmətlər Ədliyyə Nazirliyi tabeliyində olur. Yəqin ki, məhkum qadının səs
yarışmasına qatılması ilə bağlı nazirə müraciət edilib, o da öz səlahiyyətlərindən istifadə edərək şərait yaradıb, qadın da gedib iştirak edib. Mühafizə təyin edilib, nəzarətçilərin müşayiəti ilə məhkum qadın səhnəyə çıxıb, istedadını nümayiş etdirib. Xüsusi istedadlar qarşısında geri çəkilmək, güzəştə getmək olar. Əgər bir məhbusun azadlığa çıxması cəzaçəkmə müəssisəsində qalmasından daha xeyirlidirsə, əlbəttə, belə məhbus azadlığa buraxılmalıdır. Belə məsələlərdə ağır cinayətlər istisna edilməlidir, məsələn, ölüm, insan həyatına qəsd, bir neçə nəfərin qətli və s. Amma nisbətən yüngül cinayət əməlidirsə və məhbus da cəzaçəkmə müddətində özünü nümunəvi tərəfdən göstərə bilibsə, üstəlik də xüsusi istedada malikdirsə, niyə də azad edilməsin və ya əfv olunmasın?! Gürcüstandakı hadisə göstərir ki, orada məhbusların hüquqlarına hörmətlə yanaşılır.
Hüquqşünas, cəzaçəkmə müəssisəsindəki həyatla şəxsi tanışlığı olan Qurban Məmmədov da Gürcüstan televiziyasındakı məhkum iştirakçı olayından təsirləndiyini bildirdi:
- Görün, nə gözəl ölkədir, Gürcüstan. Məhkum yarışa qatılır, sevilir, sonunda da əfv edilir. Bundan yaxşı nə ola bilər?! Elə bilirsiz, bizdə belə istedadlı, qabiliyyətli adamlar yoxdur?! İçəri doludur belələri ilə. Nəinki yaxşı səsi olan, əla tank sürən, artillerist, əla döyüşçülər, qabiliyyətli kişilər nə qədər desən var. Ən müxtəlif sahələrin peşəkarları var cəzaçəkmə müəssisələrində. Həyatdır, hansısa bir əmələ görə düşüblər türməyə. Bu o demək deyil ki, onların hüquqları tanınmamalıdır. Məsələn, ümumi rejimli cəzaçəkmə müəssisələrində dustaqların özfəaliyyət dərnəkləri təşkil etmək, hətta ictimai birlik yaratmaq hüququ da var. Məhbusun hüququ var, yarışlarda iştirak etsin. Qanun bunu qadağan etmir. Azərbaycan Konstitusiyasının 71-ci maddəsinə əsasən qadağan olunmayan hər bir hal yolveriləndir. Amma gərək bunu da bilən, başa düşən və məhbusun hüquqlarını tanıyan adam olsun.
Bəs məhbus hər hansı yarışmaya qatılmaq üçün hansı prosedurlardan keçməlidir?
Q.Məmmədov qeyd etdi ki, məhbus hansısa yarışa qatılmaq istəyirsə, əvvəlcə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə yazılı şəkildə müraciət etməlidir. Müəssisə rəhbəri də bu müraciəti aidiyyətli orqana təqdim etməlidir. Məhbusun yarışda iştirakına icazəni artıq ədliyyə orqanı verməlidir. Gürcüstanda hesab edirəm ki, bir ilk yaşanıb. Çox istərdim ki, başqa ölkələrdə də, bizim ölkəmizdə də, bu, müsbət bir president olsun. Məhbus da insandır, onun da hüquqları var. Məhbus cəza almaqla yalnız azadlıqdan məhrum edilir. Onun başqa hüquqlarını heç kim pozmamalıdır.
Məlahət Rzayeva