14 uşağa sahib olmaq pis iş deyil

Əksinə, ailənin ruzi-bərəkət rəmzidir
“Bir şərtlə ki, uşağa baxa və onu normal təmin edə biləsən. Geyimini ala bilirsənsə, yeməyini çatdıra bilirsənsə, təhsilini verə bilirsənsə, niyə kimsə səni çoxuşaqlı olmaqda qınamalıdı?”

Bir neçə gündür ki, sosial şəbəkələrdə davamlı olaraq müzakirə edilən məsələlərdən biri Bərdədə ailənin 14-cü övladının dünyaya gəlməsi olub. Belə ki, çoxuşaqlı ailə qınaq obyektinə çevrilib. Ailənin çox sayda dünyaya övlad gətirməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öncə doğulsa da, ailə bunu gizli saxlayıb. Sürücü işləyən T.İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: "13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum-əqrəbanın, dost-tanışın yanında utandırdılar”.

Qeyd edək ki, T.İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın isə 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb. Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir.

Məsələyə münasibətini bildirən sosioloq Lalə Mehralı isə ailənin qınaq obyektinə çevrilməsinin tamamilə yanlış olduğunu deyib. Onun sözlərinə görə, əgər valideyn uşağın normal yaşayışını təmin edə bilirsə, bu hal tamamilə normal hesab edilə bilər: "13-cü körpə doğulanda həmin ailədən hazırlanan süjetə baxmışdım. Bu hadisə məndə çox böyük maraq doğurmuşdu. Artıq 20-30 ildir ki, Azərbaycanda çoxuşaqlılıq anlayışı 4 uşaqdan o yana keçmir. 13 uşağa normal baxmaq da bir qəhrəmanlıqdı, hansı ki, ailə başçısı özü ailəsini normal təmin edə bilir. Hətta 13-cü körpə doğulanda ata avtomobilini yeni, daha böyük və tutumu çox olan bir avtomobillə əvəzləmişdi. Həmin süjetə baxanda əvvəlcə onun əhalidən və dövlətdən kömək istəyəcəyini düşünmüşdüm. Amma sonra o, ailəsinə baxa bildiyini və bu səbəbdən də 13-cü körpənin doğulmasını özləri planlaşdırdığını söyləyəndə səhv etdiyimi anladım. Ata deyirdi ki, çox uşaq onun arzusu olub. Həmin süjetdə reportyor ona dövlət və imkanlı şəxslər tərəfindən kömək olunacağı təqdirdə qəbul edib-etməyəcəyini soruşmuşdu. Ata isə "qəbul edərəm” demişdi. Yəni,
təklif reportyordan gəlmişdi, ata öz dili ilə kömək istəməmişdi. İndi 14-cü uşağı doğulanda ata onu ictimaiyyətdən gizlədib. Fikrimcə, bunun bir mənası var - "mən dövlətdən pul almaq üçün övlad sahibi olmuram!”. Əks təqdirdə, ata onu mətbuata çıxarardı”.

Sosioloq həmçinin atanın sözlərinin düzgün qiymətləndirilmədiyini və çoxuşaqlılığın pis bir şey deyil, əksinə, bir ailə üçün ruzi-bərəkət rəmzi olduğunu vurğulayıb: "13-cü uşaqda kömək edəcəklərini demişdilər, amma etmədilər” fikrini məncə çox adam düzgün anlamayıb. Ata çoxuşaqlılığını reklam edərək maddi kömək istəsəydi, 14-cü uşağı da nümayiş etdirərdi. Düşünürəm ki, o cümləni işlətməkdə məqsəd "Mən kömək istəməmişəm, özləri söz vermişdilər, amma etmədilər” kimi fikrini izah etmək olub. Bir şərtlə ki, uşağa baxa və onu normal təmin edə biləsən. Geyimini ala bilirsənsə, yeməyini çatdıra bilirsənsə, təhsilini verə bilirsənsə, niyə kimsə səni çoxuşaqlı olmaqda qınamalıdı? Burda pis nə var? Bəlkə uşağı körpələr evinə, internata, yaxud hansısa dövlət qurumunun himayəsinə verir? Uşaqlar valideynlərinin yanında xoşbəxtdirsə, heç bir çatışmazlıqları, əskikləri yoxdursa, demək hər şey qaydasındadır”.

Yeganə Bayramova