Prezidentə yazırlar: "Azərbaycanın qazandığı qələbələrin müəllifi Sizsiniz"

Dünyanın müxtəlif yerlərindən, respublikanın şəhər və rayonlarından Azərbaycan Prezidentinin ünvanına məktublar gəlməkdə davam edir.
"Sherg.az" məktublardan bəzilərini təqdim edir.


Kamal Mehdiyev Gürcüstandan:

- Hörmətli cənab Prezident.

Bu gün Azərbaycanın ürəyi dünyanın hər yerində döyünür. Bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin şahididir.

Hörmətli Prezident, mən Sizə Gürcüstanda yaşayan bütün azərbaycanlıların adından təşəkkür edirəm! Siz təkcə Azərbaycanda yaşayanların deyil, bütün dünya azərbaycanlılarının Prezidentisiniz.

Biz Sizinlə fəxr edirik. Allah Sizin kölgənizi bizim millətin başının üzərindən əskik etməsin. Azərbaycanın qazandığı qələbələr, əldə etdiyi uğurlar bizi çox qürurlandırır və bu uğurların müəllifi Sizsiniz.

Əminəm ki, xalqımızın birliyi bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir.

Hər zaman dövlətimizin yanındayıq, Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!

Nəbi Qafarov, Qazaxıstandan:

- Hörmətli cənab Prezident.

Sizi, yenilməz Ordumuzu və bütün Azərbaycan xalqını qazandığımız zəfərlər münasibətilə təbrik edirəm. Nəhayət, bu müqəddəs torpaqlarımızı erməni adlı tör-töküntüdən təmizləyirsiniz.

Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Təki Vətən sağ olsun!


Ceyran Vəliyeva Rusiyadan yazır:


- Hörmətli cənab Prezident.

Mən azərbaycanlı olduğum üçün sözün əsl mənasında fəxr edirəm! Ailəmiz Rusiyanın Moskva şəhərində yaşayır, son günlər bütün vaxt Azərbaycandan olan xəbərləri izləyirik.

Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var və təşəkkür edirik ki, bizə bu sevinci yaşadırsınız.

Oxuduğum məktəbdə fəxrlə gəzirəm, çünki hər kəs bilir ki, mən azərbaycanlıyam, biz zəfər çalırıq və çalacağıq!

Qarabağ Azərbaycandır!

Şövqü Abbasov Saatlıdan:


- Müzəffər Ali Baş Komandanım.

Mən, Abasov Şövqü Heydərəli oğlu 1982-ci ildə Saatlı şəhərində anadan olmuşam. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Ali Hərbi Məktəbi bitirmişəm. Mənə baş leytenant hərbi rütbəsi verilmişdir. 2006-cı ildə Hərbi Təlim-Tədris Mərkəzini bitirmişəm. Həmin il döyüş bölgəsi olan Murovdağda yerləşən N saylı hərbi hissəyə göndərilmişəm. 2012-ci ilə qədər döyüş bölgəsində xidmət etmişəm. Artilleriya üzrə peşəkar hərbçiyəm.

Bu gün də mənim ürəyim hərblə döyünür. Son günlər Sizin rəhbərliyiniz altında Silahlı Qüvvələrimizin döyüşlərdə göstərdiyi igidlik və şücaətlər məni daha da ruhlandırmışdır.

Cənab Prezident, yenidən hərbi xidmətə qayıtmaq və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm. Bunun üçün Sizin bircə əmriniz kifayətdir.