Qardaş dəstəyi: “Ərdoğanın bəyanatı üçüncü qüvvələri çəkindirdi”

Prezident İlham Əliyev “CNN Türk” televiziyasına müsahibəsi zamanı Azərbaycan- Türkiyə əlaqələrindən danışıb. O, bildirib ki, "Bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur.

“Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Mən hər zaman deyirdim ki, ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Mən tam əminəm ki, Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir. Əziz Qardaşımla imzaladığım Şuşa Bəyannaməsi bunun zirvəsidir. Yəni, bizim əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı".

Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu barədə “Sherg.az”a danışdı:

“Türkiyə müharibə dövründə bizə hərtərəfli, xüsusilə də siyasi dəstək verdi. Məhz bu dəstək digər güclərin proseslərə qarışmasının qarşısını aldı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Kim məsələlərə müdaxilə etsə, qarşısında bizi görəcək” bəyanatı üçüncü qüvvələri çəkindirdi. Çünki hər kəs Türkiyə ordusunun nəyə qadir olduğunu bilir. Beləliklə, ilk dəfə Azərbaycan və Ermənistan təkbətək mübarizə apardılar. Və ən müasir silahlarla təmin edilmiş ordumuz öz sözünü dedi”.

A. Mollazadənin sözlərinə görə, Bakı ilə Ankara arasındakı əlaqələr gələcəkdə daha inkişaf edəcək:

“Prezident ilham Əliyevin də dediyi kimi, bizim münasibətlərimiz ortaq il, din amilinə görə deyil. Dünyada eyn dili, eyni dili, amma müharibə aparan dövlətlər heç də az deyil. Azərbaycan- Türkiyə əlaqələri isə dünyaya nümunədir. Bizim birgə işlərimiz gələcəkdə də davam edəcək. Bu, hələ başlanğıcdır”.