Ötən il Rusiyadan 80 min miqrant deportasiya olunub

Miqrantlar nə etməlidir, əlbəttə ki, qanuni əsaslarla yaşamalıdırlar

Azər Allahverənov Rusiya ərazisində müvəqqəti yaşayan miqrantların atacağı addımları açıqlayıb

Rusiyada miqrasiya sahəsində yeni qaydaların tətbiqi ilə əlaqədar bu ölkəni tərk etmək istəyən azərbaycanlılar ciddi problemlərlə üzləşiblər. Xəbərlərə görə, 20-yə yaxın soydaşımız hazırda Mahaçqalada polis bölməsində saxlanılır. Belə ki, onların Rusiyada qalmaq icazəsi başa çatıb. Bir çox şəhərlərə uçuşların dayandırılması və quru sərhədlərin bağlı olması səbəbindən həmin şəxslər Azərbaycana qayıda bilmirlər. Məlumatlara görə, eyni problemlə üzləşən soydaşlarımızın sayı minlərlədir. Qeyd olunur ki, Rusiya hüquq-mühafizə orqanları azərbaycanlılara təzyiq göstərir, onların ölkəni tərk etməsini tələb edirlər. Hava və quru yollarının bağlı olması isə buna imkan vermir.

Xatırladaq ki, bu il yanvarın 1-dən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib. Yeni qaydalara görə, Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gündür. Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər. Bundan əlavə, Azərbaycan vətəndaşı Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Plaforması” İctimai Birliyinin sədri Azər Allahverənov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, miqrasiya hazırda kifayət qədər aktual məsələlərdən biridir: 

- Rusiyada 2025-ci il yanvar ayının 1-dən etibarən miqrasiya ilə bağlı yeni qaydaların tətbiqinə başlanılıb. Bəlli məsələdir ki, miqrasiya qaydalarının bəzi hallarda daha sərt formada tətbiqi böyük narahatlığa və narazılıqlara səbəb olur.  Digər tərəfdən, bu da bəllidir ki, Rusiya ərazisində çoxsaylı miqrantlar var ki, ölkə ərazisində qeyri-qanuni yaşayırlar, onlarla bağlı sərt fikirlər səslənir, hökumət üzvləri, siyasi şərhçilər, ekspertlər tərəfindən. Rusiya hökuməti maksimum çalışır ki, yeni qaydalar tətbiq etməklə ölkə ərazisində yaşayan miqrantları ölkə iqtisadiyyatına və cəmiyyətinə daha çox fayda verəcək qrupa çevirsin. Bunun üçün də ilk növbədə qanunsuz yaşayan, yerli əhali üçün potensial təhlükə hesab edilən miqrantları aşkarlayıb ölkə ərazisindən çıxarmağa nail olmaq istəyirlər. Bunlar o şəxslərdir ki, ölkə ərazisində qalmağa heç bir tutarlı əsasları yoxdur. Amma o şəxslərin ki əsası var, onların müraciətləri dəyərləndirilir. Statuslarının leqallaşdırılması mümkün olan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamağa icazə verilir və ya qalma müddətləri uzadılır. Amma heç bir əsası olmayan şəxs qarşısında şərt qoyulur ki, ölkəni tərk etsin. Tərk etmədikdə həmin şəxslər deportasiya edilir. Bununla Rusiya miqrasiya axınının idarə olunmasına çalışır. Bu fonda da biz yeni qaydaların sərt formatda qəbul olunmasının şahidi oluruq. 

A.Allahverənov Rusiya ərazisində müvəqqəti yaşayan miqrantların atacağı addımları açıqlayıb: 

- Miqrantlar nə etməlidir, əlbəttə ki, qanuni əsaslarla yaşamalıdırlar. Və həmin ölkə ərazisində yaşamaq üçün əsaslarını dəyərləndirməli, öz statusunu leqallaşdırmalıdırlar. Ölkə ərazisində qalmaq istəyən miqrantların hara müraciət edəcəkləri də bəllidir. Ümumiyyətlə, son illərdə Rusiyada miqrantların sayında nəzərəçarpan azalma baş verib. 2023-cü ildə miqrantların sayı 8 milyondan artıq idisə  (bu, rəsmi qeydiyyatda olan miqrantların sayıdır), 2024-cü ilin sentyabr ayında isə bu say 6 moiyona düşmüşdü artıq. 1 il ərzində miqrantların sayı 2 milyon azalıb. 2024-cü ildə Rusiyadan 80 min miqrant deportasiya edilib. Onlar əsasən Orta Asiyadan olanlardır. Yanvarın 1-dən də miqrasiya qaydaları daha da sərtləşdirildi. Məqsəd də miqrantların sayını azaltmaqdır.