Türkiyənin ilk qadın jurnalistləri - FOTO

Türkiyə Cümhuriyyətin ilk illərində fəaliyyət göstərmiş beş qadın jurnalistlə tanış olaq.

Sherg.az təqdim edir:

1. Səlma Rza Fərəcəli

Türkiyənin ilk qadın jurnalistlərindən olan Səlma Rza 5 fevral 1872-ci ildə anadan olub, 5 oktyabr 1931-ci ildə vəfat edib. O, İttihad və Tərəqqi Cəmiyyətinin yeganə qadın üzvü, Hilal-i Əhmər Cəmiyyətinin baş katibi və yazıçı olub. Osmanlı imperiyasının son dövründə və Cümhuriyyətin ilk illərində yaşayıb.

Parisdəki Gənc türklərin liderlərindən olan Əhməd Rza bəyin bacısıdır. Səlma Rza qadın hüquqlarını əks etdirən əsərləri ilə tanınıb. 1897-ci ildə yazdığı “Uhuvvət” romanı bu mövzuda qələmə alınan ilk əsərlərdən biri olsa da, nəşr edilməyib. Onun yazıları “Hanımlara Mahsus Gazete” və “Kadınlar Dünyası” kimi nəşrlərdə dərc olunub.

2. Halidə Ədib Adıvar

Jurnalist, yazıçı, siyasətçi, müəllim və akademik Halidə Ədib Adıvar 1884-cü ildə anadan olub, 9 yanvar 1964-cü ildə vəfat edib. O, Türkiyənin milli mübarizəsində və qadın hüquqları məsələsində fəal iştirak edib.

İstiqlal müharibəsi zamanı Mustafa Kamalın yanında mülki şəxs kimi fəaliyyət göstərib. Anadolu Agentliyinin yaradılmasında rol oynayaraq jurnalistika sahəsində də çalışıb. İstanbul Universitetində ədəbiyyat professoru, eləcə də ingilis filologiyası kafedrasının rəhbəri olub. 1950-ci ildə Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.

3. Suat Dərviş

Türkiyənin ilk qadın jurnalistlərindən biri olan Suat Dərviş 1905-ci ildə anadan olub, 23 iyul 1972-ci ildə vəfat edib. Jurnalistikaya Osmanlı imperiyasının son dövründə başlayıb. Müxbir, redaktor və köşə yazarı kimi çalışıb, hekayələr, məqalələr, tənqidi yazılar və tərcümələr qələmə alıb. Əsərləri xarici dillərə də tərcümə olunub.

Suat Dərviş Avropaya müxbir kimi göndərilən ilk qadın jurnalistlərdən biri olub. O, ilk mətbuat həmkarlar ittifaqının beş qurucusundan biri və ilk sədri, həmçinin İnqilabçı Qadınlar Birliyinin təsisçisi olub.

4. Sabiha Sertel

Sabiha Sertel 1895-ci ildə anadan olub, 1968-ci ildə vəfat edib. Türkiyədə feminizmin öncüllərindən sayılan jurnalistin yazıları “Yeni Fəlsəfə” jurnalında dərc olunub. “Osmanlı Cəmiyyətində Qadın” adlı məqaləsi ilə ilin ən yaxşı yazısı mükafatını qazanıb.

Jurnalistikaya həyat yoldaşı, tanınmış jurnalist və naşir Zəkəriyyə Sertellə birlikdə həftəlik “Böyük Məcmua” jurnalını nəşr etməklə başlayıb. 1930-cu ildə dərc olunan “Savulun Geliyorum” adlı yazısına görə nəşrləri ilə əlaqədar məhkəməyə verilən ilk türk qadını olub.

Siyasi baxışlarına görə həyat yoldaşı ilə birlikdə 1951-ci ildə Türkiyəni tərk edib. Sürgün illərindən sonra ölkəyə qayıtmaq istəyi rədd edilib. Sabiha Sertelin məzarı Bakıda Fəxri xiyabandadır.

5. Müşərrəf Həkimoğlu

Jurnalist və yazıçı Müşərrəf Həkimoğlu 1923-cü ildə anadan olub, 2004-cü ildə vəfat edib. Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin filologiya bölümünü bitirib.

Bir müddət alman dilindən tərcümələr etdikdən sonra 1948-ci ildə “Hayat” jurnalında jurnalistikaya başlayıb. O, müsahibələr, köşə yazıları, xəbərlər və səyahət məqalələri qələmə alıb. Həmçinin xəbər agentliyinin yaradılmasında və rəhbərliyində iştirak edib.