- Poliklinikada tibbi yardım üçün qeydiyyat şərt deyil
Globalinfo.az saytının əməkdaşı Zaira Akifqızı yaxın qohumunun halının küçədə qəfil pisləşdiyini, yaxınlıqda olan taksi sürücüsünün onu 25 saylı poliklinikaya çatdırdığını, lakin orada nəinki müayinə etməkdən, hətta ilkin tibbi yardım göstərməkdən də imtina edildiyini yazıb.
Sosial şəbəkədə paylaşım edən Z.Akifqızı “Səbəb isə bu olub ki, harada qeydiyyatdasınızsa, gedin orada müayinə olunun. Dəfələrlə bildirilib ki, insanın vəziyyəti yaxşı deyil, özünü çox pis hiss edir. Amma buna məhəl qoyan olmayıb. Maraqlıdır, niyə? Bu adam Azərbaycan vətəndaşıdır. Halı pisləşən insanın yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməsində nə qəbahət var? Məgər insanın səhhəti pisləşəndə ilk növbədə onun hansı ünvanda qeydiyyatda olması düşünülməlidir? Tutaq ki, bir insan Sumqayıtda, Kürdəmirdə, Şəkidə, Şuşada qeydiyyatdadır, Bakıda hansısa xəstəxananın qarşısında halı pisləşir. Doğrudanmı onu müayinə edib vəziyyətinə müdaxilə edəcək bir vicdanlı həkim tapılmayacaq?”.
Qəflətən halı pisləşən vətəndaşa ilkin tibbi xidmət göstərilməsi üçün harada qeydiyyatda olması həqiqətənmi bu dərəcədə ciddi əhəmiyyət daşıyır? Poliklinika və ya xəstəxana vətəndaşa qeydiyyat ərazisindən asılı olmayaraq ilkin tibbi yardım göstərməli deyilmi?
Məsələylə bağlı müraciət etdiyimiz həkim Aydın Əliyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, əvvəla faktın dəqiqləşdirilməsinə ehtiyac var:
- Mən inanmıram ki halı pisləşmiş şəxsə poliklinikada ilkin tibbi yardım göstərilməsin, məhz qeydiyyat məsələsinə görə. Bu, mənə inandırıcı gəlmir. Biz məsələyə sırf bu hadisə üzərindən yanaşa bilmərik. Amma ümumiyyətlə, mövcud əsasnaməyə, nizamnaməyə görə hər hansı vətənsaşın halı pisləşibsə, ilkin tibbi yardıma ehtiyacı varsa, ən yaxınlıqdakı səhiyyə müəssisəsinə müraciət edib yardım ala bilər. Əsasnamə belədir.