ABŞ Rusiyanı təcriddən çıxarır, Avropanı kənarda qoyur - RƏY

  • “Bir görüşlə dünya düzənini dəyişmək mümkün olmayacaq”

5. Dünya düzəni uğrunda böyük mübarizə: ABŞ, Rusiya və Çin masaya oturur, bəs Avropa?

ABŞ, Rusiya və Çin liderləri arasında mümkün üçtərəfli görüş beynəlxalq münasibətlərdə yeni siyasi reallıqların formalaşması baxımından diqqət çəkir. Ukrayna Prezidenti Volodimir Zelenski bu görüşün Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq təcriddən çıxmasına şərait yarada biləcəyini bildirir. Vaşinqton isə Moskva və Pekinlə dialoqun davam etdirilməsini qlobal təhlükəsizlik, nüvə silahlarına nəzarət və beynəlxalq sabitlik baxımından vacib hesab edir. Bununla yanaşı, belə bir görüşün hansı nəticələrə gətirib çıxaracağı, Ukrayna ilə bağlı məsələlərin müzakirəsində Kiyevin mövqeyinin nəzərə alınıb-alınmayacağı və Avropanın bu prosesdə kənarda qalma ehtimalı ciddi suallar doğurur. Xüsusilə də Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda böyük güclər arasında aparılacaq danışıqların beynəlxalq güc balansına və gələcək dünya düzəninə necə təsir göstərəcəyi diqqət mərkəzindədir.

Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Ukrayna prezidentinin Rusiyanın təcriddən çıxarılması ilə bağlı söylədiyi fikirlərdə bir həqiqət var:

“Bu, xüsusilə də ABŞ-nin son dövrdə apardığı siyasətin xeyli dərəcədə Rusiyanın təcriddən çıxmasına yardım etməsində özünü göstərir. Qarşıdakı ayda üçtərəfli görüşün keçirilməsi də buna bir nümunədir. Doğrudur, ABŞ bunun dünya üçün faydalı olacağını söyləyir və bu görüşün nüvə silahlarına nəzarət üçün xeyli kömək edəcəyini bildirir. Amma nəzərə alsaq ki, hazırda Rusiya ilə Ukrayna arasında işğalçı müharibə gedir və üçtərəfli görüşdə Ukraynanın da iştirak etməyəcəyi aydındır. Belə bir vəziyyətdə Ukraynanın maraqlarının necə qorunacağı da başqa bir sualdır. Bu baxımdan, Vaşinqtonun hazırkı strategiyası Rusiya və Çinlə münasibətləri normallaşdırmaq, bu iki ölkəni qlobal güc olaraq qəbul etməklə Avropanı kənarda saxlamaq, ABŞ-nin maraqlarını məhz bu iki ölkənin razılığı ilə təmin etmək və ABŞ-nin supergüc rolunun bundan sonra da davam etməsinə nail olmaqdan ibarətdir. Rusiya və Çinin dünya düzəni ilə bağlı mövqelərinə gəldikdə isə, onlar çoxqütblü dünya nizamının tərəfdarıdırlar. Çin ikinci qlobal gücün əsas mərkəzi hesab olunur. Bu baxımdan, keçirilməsi ehtimal olunan görüşdə dünya üçün müəyyən qərarların qəbul edilməsi də gözlənilir. Amma düşünürəm ki, hələlik bir görüşlə bu məsələni həll etmək real olmayacaq. Yəni tərəflər mümkün qədər öz maraqlarını önə sürməyə və istəklərini qəbul etdirməyə çalışacaqlar”.