Azərbaycanda təmirsiz və qəzalı məktəb qalmayacaq





"Son 4-5 il ərzində Bakı şəhərində məktəblərin mütləq əksəriyyəti əsaslı təmir olundu. Hələ ki, təmirsiz 17 məktəb var. Biz gələn il və 2018-ci ildə onları da təmir edəcəyik". AzərTAc-ın xəbərinə görə, bunu prezident İlham Əliyev Bakıda 311 saylı məktəbin açılışı zamanı bildirib.
Prezident deyib ki, hazırda bəzi məktəblərdə uşaqlar ikinövbəli oxuyurlar: "Bizim məqsədimiz ondan ibarətdir ki, bütün məktəblər birnövbəli fəaliyyətə keçsinlər. Əlbəttə, buna nail olmaq üçün ya yeni korpuslar, ya da yeni məktəblər tikilməlidir. Bakı şəhərinin məktəblərinin maddi-texniki bazası tam yeniləşəcək. O ki qaldı bütövlükdə ölkə üzrə gedən proseslərə, deyə bilərəm ki, son on il ərzində Azərbaycanda üç mindən çox məktəb tikilib və ya əsaslı şəkildə təmir edilib. Düzdür, hələ də qəzalı vəziyyətdə məktəblər var. Ancaq onların da tikintisi, bərpası nəzərdə tutulur və hesab edirəm ki, gələn yaxın illər ərzində bir dənə də təmirsiz, qəzalı məktəb olmayacaq. Bütün bu işlər əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti güclü dövlətdir və sosial sahə, təhsil sahəsi bizim üçün prioritetdir. Ona görə, biz bu məqsədlərə nail olmaq üçün lazımi maliyyə resursları da təmin edirik".