Ermənistan səfalət içindədir

Tahir Kərimli: “Karapetyanın özü də əvvəlcədən çox gözəl bilirdi ki, o, ölkədəki vəziyyəti düzəldə bilməyəcək”
Araz Əlizadə: “İqtisadi böhrandan çıxmaq üçün qanuni hakimiyyət qurulmalıdır”


Ermənistan hökumətinin baş nazir Ovik Abramyan başda olmaqla istefaya getməsi siyasi və iqtisadi böhranın aradan qalxacağına az da olsa ümid yaratmışdı. Amma acınacaqlı vəziyyətdə yaşayan erməni xalqının gözləntisi tez zamanda puç oldu. Ermənistanın "çiçəyi burnunda” yeni baş naziri Karen Karapetyan ölkə ictimaiyyətini iqtisadiyyatda sürətli dəyişiklik gözləməməyə çağırdı.

Vəziyyətin həddən artıq çətin olduğunu etiraf edən baş nazir cinayətkar rejimin zülmündən əziyyət çəkən əhalini məyus edən açıqlamalar verdi: "Açıq və birbaşa deyirəm ki, iqtisadiyyatımızın vəziyyəti həddən artıq çətindir. Sürətli dəyişiklik gözləmək lazım deyil”. Əslində düşmən ölkədə ağlı başında olan hər kəs Ermənistanın düşdüyü ağır durumu etiraf edir və hökumətə çıxış yollarını göstərir.

Erməni deputat Ovanes Marqaryan da bəyan edib ki, son iki ildə ölkədə kəskin surətdə yoxsulluq və işsizlik artıb, minlərlə insan xarici ölkələrə gedib. Onun sözlərinə görə, hazırda Ermənistanda sosial-iqtisadi vəziyyət acınacaqlı durumdadır. Ölkənin xarici borcu 6 milyard dollar olduğu halda büdcəsi 2,5 milyard dollardır. İşsizlik insanları boğur. Vəziyyət getdikcə daha da ağırlaşır. Ciddi addımlar atmaq lazımdır. Əks təqdirdə, bizi dəhşət gözləyir”. Ermənistanın ağır durumu ilə bağlı "Şərq”ə fikirlərini bölüşən millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, Ermənistandakı kadr siyasətinin arxasında birbaşa Rusiya dayanır. Ekspertə görə, indiki şəraitdə hansısa hökumət dəyişikliyi Ermənistan iqtisadiyyatını düzəldə bilməz: "Erməni xalqının səfalətdən qurtuluş yolu Dağlıq Qarabağ münaqişəsinin həllində masaya oturmaq və işğal etdiyi torpaqları qeyd-şərtsiz azad etməkdir. Yalnız ondan sonra erməni cəmiyyəti rahat nəfəs ala bilər. Ancaq İrəvan rejimi bu şərtlərlə razı olmur. Çünki Sarkisyan bilir ki, 5 və ya 7 rayonun qaytarılmasına razılıq versə, hakimiyyətdən gedəcək.

Yeni baş naziri hakimiyyətə təyin edənlər də, Karapetyanın özü də əvvəlcədən çox gözəl bilirdi ki, o, ölkədəki vəziyyəti düzəldə bilməyəcək. Çünki məqsəd Ermənistanı inkişaf etdirmək deyil. Ölkənin çalışan bütün müəssisələri birbaşa Rusiyanın inhisarındadır. Baş nazirin təyinatı Qərbyönlü müxalifətin narazılığını bir qədər səngitmək və xalqın diqqətini başqa yönə çəkmək məqsədi daşıyır. Eyni zamanda həm Rusiya, həm də Sarkisyan bununla vaxt qazanır”. Millət vəkili Araz Əlizadə də "Şərq”ə açıqlamasında deyib ki, indiki məqamda Ermənistanın dərin iqtisadi böhrandan çıxmaq üçün heç bir şansı yoxdur: "Karapetyan olmasın, Sarkisyan olsun, bunun heç bir fərqi yoxdur. İqtisadi böhrandan çıxmaq üçün qanuni hakimiyyət qurulmalıdır. Daha sonra hərbi konfliktə son qoyulmalıdır. Eyni zamanda ölkədə tüğyan edən oğurluq, korrupsiya bitməlidir. Ermənistan qonşu ölkələrlə normal əlaqə qurarsa və iqtisadiyyatını özününküləşdirə bilərsə, erməni xalqı firavan yaşayar. Lakin hazırda bunların heç biri Ermənistanda yoxdur. Düşmən ölkə heç bir xammala, təbii resursa malik olmadığı halda bölgədə təcrid siyasəti yeritməyə üstünlük verir. Bu isə onların sonunu gətirir”.

İsmayıl