Moskva atəşkəsə sadiq qalmayacaq

“Çünki sözügedən bölgələrdə barışıq əldə edilərsə, Rusiyanın Qərbə olan təzyiqləri tamamilə aradan qalxmış olacaq”
“Məhz Ukrayna savaşının məğlubiyyətindən qaçmaq üçün Rusiya ordusu Suriyaya hərbi müdaxilə etmək məcburiyyətində qaldı”



Qondarma Donetsk və Luqansk xalq respublikaları sentyabrın 15-dən bölgədə "sükut rejiminə” əməl edəcəklərini bildiriblər. Verilən məlumata görə, tərəflər arasında bir həftə müddətinə atəşkəs rejimi qüvvəyə minib. Əgər sentyabrın 20-nə kimi atəşkəs rejiminə əməl olunarsa, sərhədə yığılmış qoşun və silahlar geri çəkiləcək.

Vasitəçilik missiyası ilə bağlı Kiyevdə səfərdə olan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Ukraynanın cənub-şərqində vəziyyətin nisbətən sabit olduğunu deyib: "Məqsədimiz təhlükəsizliyi daha da təkmilləşdirməkdir. Ümid edirəm, bundan sonra atəşkəs rejimi daha uzunmüddətli olacaq. Poroşenko ilə görüşdə Donbasda atəşkəs rejiminə nail olunmasından məmnun olduğumuzu ifadə etdik. Ukrayna Donbasda atəşkəs rejiminə əməl edəcəyinə zəmanət verdi”.

Atəşkəs razılaşmasını "Şərq”ə şərh edən politoloq Natiq Miri deyib ki, indiyə qədər tərəflər arasında şifahi və yazılı bir neçə "atəşkəs” anlaşması olub. Ancaq Rusiya üzərinə götürdüyü öhdəliklərə heç vaxt riayət etməyib: "Rusiya düşünür ki, uzunmüddətli atəşkəs Moskvanın geosiyasi maraqlarına uyğun deyil. Çünki sözügedən bölgələrdə barışıq əldə edilərsə, Rusiyanın Qərbə olan təzyiqləri tamamilə aradan qalxmış olacaq. Əlbəttə, Kreml Qərb ölkələrinin özünü daha rahat hiss etməsini və əlindəki rıçaqların itməsini istəmir. Bu səbəbdən Rusiya atəşkəs sazişlərinə müvəqqəti və könülsüz imza atır. Anlaşmaların davamlı olacağı şübhəlidir”. Ekspertin fikrincə, Donetsk məsələsinə təkcə Ukrayna kontekstindən yanaşmaq doğru deyil. Ukrayna müharibəsi bilavasitə Suriyada gedən proseslərlə bağlıdır: "Məhz Ukrayna savaşının məğlubiyyətindən qaçmaq üçün Rusiya ordusu Suriyaya hərbi müdaxilə etmək məcburiyyətində qaldı. Moskva Suriya və Ukraynada öz istədiklərinə nail olmadıqca, heç bir atəşkəsə sadiq qalmayacaq. Sadəcə özünə "sülhpərvər” ölkə imici qazandırmaq üçün qarşı tərəflə razılaşır. Ancaq məsələyə bütöv baxmaq lazımdır”.

İsmayıl