Təcili enişə gərək yoxdur

Təyyarədə əgər sərnişin ölürsə, meyiti arxa oturacağa bağlayırlar

Təyyarədə ölən sərnişinə nələr edilir. İnanılmazdı!  

Milyonlarla insan  məhz konfortlu və sürətlidir deyə, təyyarə səfərlərinə üstünlük verir. Bəs birisi təyyarədə vəfat edərsə, onunla necə davranılır, bilirsinizmi? Maraq doğuran da budur. Yox, qorxmayın, ölünü təyyarədən aşağı atmırlar. Yerə “sağ-salamat” gətirib çıxarırlar. Amma bunun üçün uzun bir prosedur gərəkir. 

“Milliyet.com” bortunda ölü daşıyan təyyarələr barədə məqalə dərc edib. Bu haqda isə 2 il stüardessa vəzifəsində çalışmış, hazırda isə “Tik-Tok” istifadəçisi və minlərlə təqibçisi olan 25 yaşlı Shena Marie video paylaşıb. Paylaşılan video qısa zamanda 2.8 milyon insan tərəfindən izlənib. 

Öncə bildirək ki, “New England” tibb jurnalı dünya üzrə orta hesabla hər 600 təyyarə reysindən birində sərnişinlərə tibbi müdaxilə gərəkdiyini yazır. Bunlar ürək bulanması, qusma, nəfəs darlığı, həzm rahatsızlığı,  ürək problemləri ilə bağlı olur. Sərnişinlərin səhhətində yaranan problemlərin yalnız 0,3 faizi ölümlə sonuclanır. Ölüm faktları çox deyil. Amma maraqlı olan təyyarə reysi zamanı – havada vəfat edən birisiylə necə davranıldığıdır.  

Təyyarə salonundakı sərnişinlərdən birinin səhhətində problem yarandıqda ilk müdaxiləni təyyarənin ekipaj üzvləri edir. Huşunu itirmiş sərnişinə ən azı 30 dəqiqə qəlb masajı edilir. Bu arada sərnişinlər arasında həkim olub-olmadığı da öyrənilir. Həkim varsa, yardıma cəlb edilir. 

Sheena Marie yaydığı videoda bildirir ki, əməkdaşı olduğu hava şirkəti əgər bir sərnişin təyyarədə vəfat edərsə, onu təyyarə eniş edənədək salonda saxlayır. Vəfat etmiş sərnişin əyləşdiyi kreslodaca qalır.  Məsafə uzaqdırsa, enişə uzun müddət qalıbsa, ölmüş sərnişini təyyarə salonunun ən arxadakı oturacağına yerləşdirir və “yıxılmasın” deyə oturacağa bağlayır, üzərini örtürlər. 

  Mümkün olduqca, onun yaxınlarına məlumat verilir. Bu mümkün olmadıqda vəfat etmiş, bütün sərnişinlər təyyarədən endikdən sonra, təyyarədən ən sonuncu olaraq “enir” və hava limanı personalına təslim edilir, sonrakı prosedurlar artıq hava limanının öhdəsinə düşür.