Sosial şəbəkədə vətəndaşlara ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıblar

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən 30 yaşlı Zülfiqar Hüseynov və 27 yaşlı Nurlan Əliyev saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a bildirilib.

Vurğulanıb ki, həmin şəxslər müxtəlif sosial şəbəkələrdə tanış olduqları şəxslərə ucuz mobil telefon təklif edərək 1340 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.

Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Z.Hüseynov və N.Əliyevin digər analoji cinayətlərdə iştirakı istisna edilmir. Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.