Bu şəkil Bakıda, sökülüb bitməkdə olan "Sovetki"də Məmməd Şərif adlı fotoqraf çəkib.
Şəkildə topla məşq edən 10-12 yaşlı uşaq görürsünüz. Onu milyonlarla futbolsevər yaşıdından fərqləndirən cəhət topla qoltuq ağaclarına dayanaraq məşq etməsidir.
Bu uşaq şikəst deyil, sadəcə, ayağını zədələyib - həm də güman ki, bir neçə gün öncə asfalt üzərində futbol oynayanda.
Bu, şəkil bir uşağın futbola eşqinin şəklidir. O, bəlkə də indən belə yaxşı futbol oynaya bilməyəcək, yenidən zədələnməkdən qorxacaq.
Amma bu qorxu onun qəlbindəki futbol eşqinin ölməsinə səbəb olmayacaq.
Ölkə bu cür futbolsevər uşaqlarla doludur. Onlar gün ərzində 3-4 saat top qovmaqdan, bir o qədər də futbol barədə danışmaqdan doymurlar.
Nə yazıq ki, onlar bir az böyüyürlər, hətta futbolla peşəkar səviyyədə məşğul olan, futbolçu kimi ad çıxaranlar da məşq etməyə ərinir, tənbəlləşir, özlərini inkişaf etdirmirlər.
Nəticə acınacaqlı olur. Futbolu sevdinsə, gərək sonacan sevəsən, futbolçu oldunsa, gərək ən yaxşısından olasan.
İslandiyada futbolu çox sevirlər - həm də peşəkarcasına.
Elə ona görədir ki, 80 milyonluq Türkiyənin 81 vilayətinə daxil olan yüzlərlə rayonundan biri qədər (məsələn, Alanya) əhalisi olmayan İslandiyanın milli komandası Türkiyə yığmasına qalib gəlir.(musavat.com)