"Rusiya Ukraynanın və digər MDB ölkələrinin Gömrük İttifaqına daxil olmasında maraqlıdır, lakin onlar suveren dövlətlərdir və qərarlarını müstəqil qəbul edirlər. Rusiya onlara hər hansı təzyiq göstərmir”. Bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin AŞPA sessiyasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Rusiya yalnız öz tərəfdaşlarına Gömrük İttifaqına qoşulmağın və Avropa Birliyi (AB) ilə assosiasiya sazişi imzalamağın faydaları haqda müqayisəli informasiya təqdim edir. Onları, nəyəsə məcbur etmir. Xatırladaq ki, Ermənistan AB ilə assosiasiya sazişi imzalamaq üçün 3 il danışıqlar apardıqdan sonra bu ilin sentyabrında Gömrük İttifaqına qoşulmağa qərar verib. Bu, AB-nin kəskin etirazına səbəb olub.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyir ki, Rusiyanın xarici siyasəti təzyiq üzərində qurulub: "Rusiya anlayır ki, ətrafındakı ölkələr Qərbə inteqrasiya etməyə başlasa, bu ölkələr tədricən rus bazarından üz döndərməyə başlayacaqlar. Çünki təbii olaraq, heç kim keyfiyyətli məhsulu qoyub, zay məhsulun dalınca getməz. Son aylar Rusiya Ukraynaya çox güclü təzyiq edir. Hətta Ukraynanın hazırkı prezidenti Viktor Yanukoviçi az qala ruspərəst bir siyasətçi kimi qələmə verir. Ancaq Yanukoviç son anda şəxsi yox, dövlətin ümumi maraqlarından çıxış etdi. Dövlətin maraqları isə onu tələb edir ki, Avropa Birliyinə inteqrasiya mütləqdir. AB-də 500 milyon insan var. Bu, olduqca böyük bir bazar deməkdir. Ukrayna haqlı olaraq bu bazara can atır. Eyni zamanda, Rusiya ilə də normal qonşuluq münasibətləri saxlayır. Amma Rusiya Ukrayna qarşısında siyasi etikaya sığmayan bir tələb qoyur və deyir ki, "ya mənimləsən, ya da deyilsən”. Ermənistanı da bu variantla qarşılarında diz çökdürdülər. Ermənistan da Rusiyadan tam asılı olduğuna görə AB ilə apardığı danışıqlardan imtina edərək Kremlin qərarına boyun əydi”.
Politoloqun sözlərinə görə, Azərbaycana da müəyyən təzyiqlər edilə bilər. Amma Azərbaycan Rusiyanın Gömrük İttifaqında yer almayacağını rəsmi şəkildə bəyan edib: "Azərbaycan Qərbə inteqrasiyaya üstünlük verir, nəinki Rusiyanın faydasız ittifaqlarına. Azərbaycan işğalçı Ermənistanla bir təşkilatda ola bilməz. Əgər torpaqlarımız işğaldan azad olunsa və Rusiya tutduğu mövqedən əl çəksə, o halda biz Gömrük İttifaqına üzv ola bilərik. Əks halda, bu barədə düşünməyə dəyməz. Çünki Azərbaycanın əsas müttəfiqləri, məhz, qərb yolunu seçiblər. GUAM təşkilatında üç müttəfiqimiz - Ukrayna, Gürcüstan və Moldova AB-yə istiqamətlənib”.
AB-nin mədəni bir quruluş olduğunu deyən E.Şahinoğlu bildirir ki, Rusiyanın kobud və qeyri-etik davranış qaydaları qərbə yaddır: "Rusiya iqtisadi rıçaqlardan istifadə edir, sərhədləri bağlayır, həmin ölkənin insanlarına təzyiq göstərir və s. Bu kimi vasitələrlə istəyinə nail olmağa çalışır. Amma əksinə, AB sadəcə, öz təkliflərini irəli sürür. Kim istəsə qəbul edir, istəməyən də etmir. Ona görə də Ermənistanın Gömrük İttifaqına üzv olması, AB-nin Rusiyaya təzyiq edəcəyi anlama gəlməməlidir”.