Prezident seçkilərinə bir həftə vaxt qalır. Namizədlərin təbliğat kampaniyasının bitməsinə isə ondan da az zaman var. Artıq 7 dəfə İTV-nin pulsuz efirində debata çıxan namizədlər öz seçki platformalarını seçicilərinə çatdırmaq əvəzinə, bir-birilərini kəskin şəkildə ittiham və təhqir etməklə məşğuldurlar.
Bir neçə namizəd istisna olmaqla, yerdə qalan prezidentliyə iddialı şəxslərin demək olar ki, hamısı qarşılıqlı şəkildə bir-birinə qara yaxır, hədəfə aldığı digər namizədi seçicilərinin gözündən salmağa çalışır. Bu da onu göstərir ki, seçkiyə qatılan bir çox namizədin ya konkret olaraq seçki platforması yoxdur, ya da sadəcə olaraq, söz davasından macal tapmadıqları üçün öz platformaları haqqında ictimaiyyətə məlumat verə bilmirlər.
Mövzu ilə bağlı "Şərq”ə danışan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, əksər namizədin seçki proqramları yoxdur və bu açıq-aydın görünür: "Bəzi namizədlərin konsepsiyaları təxminən üst-üstə düşür, bir-birinin eynidir. Namizədlər xalqa deməyə yeni söz tapmırlar. Bu, bir daha sübut edir ki, Azərbaycanda olan bəzi siyasi partiyaların ümumiyyətlə, konkret və aydın siyasi ideologiyası yoxdur. Hər debatda "solçu”larla, "sağ”çılar ancaq bir-birini söyməklə məşğul olurlar. Bunlar ölkəni idarə etməyə, prezidentliyə iddialı olan şəxslərdir. Ancaq bəzilərinin çıxışlarından məlum olur ki, onlar namizədliklərini niyə verdiklərini heç özləri də bilmirlər. Ona görə də belə bir vəziyyətin şahidi oluruq. Yəni namizədlər öz platformalarından çıxış etmək əvəzinə, bir-birini beldən aşağı təhqir edərək arzuolunmaz vəziyyətə düşürlər. Bu da Azərbaycan kimi bir ölkənin siyasi potensialını özündə əks etdirmir. Ölkəmizdə Azərbaycanın siyasi mühitini təmsil etmək qüdrətində olan səviyyəli siyasətçilər çoxdur. Ancaq təəssüflər olsun ki, onların əvəzinə başqaları qabağa çıxırlar. Çıxış edənlərin hamısını ittiham etmirik. Onların arasında ancaq öz platformasından danışanlar da var və biz bunu müsbət dəyərləndiririk”.
M.Zülfüqarlı hesab edir ki, seçkiyə qatılan bəzi siyasətçilər öz namizədliklərini geri götürməlidir: "Əgər bir namizəd başqa namizədi dəstəkləyirlərsə, qoy onda onun xeyrinə namizədliyindən əl çəksin. Bu halda daha abırlı və hörmətli olar. Yoxsa ki, bir namizəd başqasını tərifləyir, amma deyir ki, mənə səs verin. Bu, gülməli və anormal bir şeydir”.