Məzahir Pənahov namizədləri MSK-da mətbuat konfransı keçirməyə çağırır



Mərkəzi Seçki Komitəsinin sədri Məzahir Pənahov qeydə alınmış namizədlərə və partiya sədrlərinə çağırış edib. Azərbaycanda seçkilərə hazırlıq səviyyəsinin dünya ölkələrinə nümunə olduğunu vurğulayan qurum sədri qeyd edib ki, MSK-nın nəzdindəki Mətbuat Mərkəzindən bütün siyasi partiya rəhbərləri geniş istifadə edə bilərlər. Onun sözlərinə görə, MM mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün açıqdır: "Kimin nə arzusu varsa, burada reallaşdırıla bilər. Mərkəz bütün lazımi avadanlıqlarla təchiz olunub. Maksimum tələblərə cavab verir. Belə praktika ən inkişaf etmiş ölkələrdə tətbiq edilir. Namizədlər broşürlarını və məlumat materiallarını yerləşdirə bilərlər”. Amma Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı MSK-nın addımını daldan atılan daşa bənzədib. O "Şərq”ə bildirib ki, MSK-nın sözügedən təşəbbüsü reallaşdırmağa səlahiyyəti çatırdısa, bunu indi deyil, sentyabr ayının 16-dan elan etməli idi: "Seçki kampaniyasının başa çatmasına bir həftədən az vaxt qalıb. Bütün işlər yoluna qoyulub. Bu baxımdan MSK-nın bəyanatını əhəmiyyətli saymıram”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli isə MSK-nın təşəbbüsünün təqdirəlayiq olduğunu söyləyib: "Təşəbbüsü müsbət dəyərləndirmək lazımdır. Düşünürəm ki, bu, daha çox namizədliyi özü tərəfindən irəli sürülən və qərargahları olmayan partiyalar üçün əlverişlidir. Ehtiyac duyarıqsa, brifinqlərimizdə birini MSK-nın MM-də keçirilməsi barədə qərar qəbul edə bilərik. Hazırda belə bir qərarımız yoxdur. Tədbirlərimizi partiyanın qərargahında keçiririk”.

Ədalət Partiyasının (ƏP) sədr müavini Mütəllim Rəhimli MM-də tədbir keçirməklə bağlı qərarlarının olmadığını vurğulayıb: "Seçkilər dönəmində mətbuat konfransı ən çox iki halda - namizədlərə hər hansı bir ciddi problemlər yaradılanda və seçkilərdən sonra partiyanın əldə etdiyi məlumatları ictimaiyyətə çatdırmaq üçün keçirilir. Seçkilərə az da olsa, vaxt var. Hər hansı bir şəkildə ehtiyac olarsa, təşəbbüsdən faydalana bilərik. Çünki ayrı-ayrı siyasi təşkilatların qərargahlarından MM daha əlverişlidir. Amma hələlik bir qərarımız yoxdur”. Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov da MM-də tədbir keçirmək kimi düşüncələrinin olmadığı qənaətindədir: "Amma buna ehtiyac yarandığı halda təşəbbüsdən yararlanmağa çalışacağıq”.