Türkiyə böyük dəyişikliklər ərəfəsindədir. Qardaş ölkənin baş nazir Rəcəb Tayyib Ərdoğanın təqdim etdiyi "Demokratikləşmə Paketi” ictimaiyyətdə əməlli-başlı rezonans doğurub. İctimaiyyət nümayəndələri yeni paketin kürdlərə və ermənilərə verəcəyi geniş imkanlardan narahatdır. Belə ki, əhali layihənin ölkəyə fərqli bir mənzərə vəd edəcəyi düşüncəsindədir. Çünki paket etnik qruplara - kürd və erməni azlıqlarına geniş imkanlar açır. Baş nazirin addımını şərh edən politoloq Qabil Hüseynli bunun Türkiyəyə müsbət töhfələr vəd etməyəcəyini vurğulayıb. Ekspertin sözlərinə görə, islahatlar paketinin parlament tərəfindən qəbul olunması Atatürkün kamalizm ideologiyasına vurulmuş sonuncu zərbə olacaq. Ölkə Atatürk inqilabları və onun formalaşdırdığı ideolojilərdən tamamilə uzaqlaşacaq: "Türkiyədə demokratik təsisatların gücləndirilməsinə və yeni qanunların qəbul olunmasına ehtiyac var. Amma Ərdoğanın sonuncu layihəsində müəyyən siyasi konyuktura elementləri mövcuddur. Layihədə ölkədəki bir sıra dini və etnik azlıqlara müəyyən hüquqlar verilir. Hüquqların gerçəkləşdirilməsi ölkədə mərkəzdənqaçma meyillərini kəskinləşdirə bilər. Bu proses kürdlər arasında daha geniş yayılıb”.
Ekspert bildirib ki, "Demokratikləmə Paketi” kürdlərin iştahasını yaxşılaşdırıb: "Hətta onlar paketi dəstəkləmədiklərini elan edərək mitinq keçiriblər. Kürd dilində məktəblərin yaradılması, kürd toponimlərinin qaytarılması və insanlara kürd adlarının qoyulmasına baxmayaraq etiraz ediblər. Bir çox proseslərin dəyişdirilməsini tələb ediblər. Türkiyənin təsisatçısı olmağa, kürd dilinin də türk dili kimi dövlət dili olmasına cəhd edirlər. Bütün bunlar dövlətçiliyin əsaslarını sarsıdan amillərdəndi. Dünən ən kiçik güzəştlərə razı olan kürdlər indi daha ciddi məsələləri önə çəkirlər”.
Siyasi təhlilçi qeyd edib ki, Ərdoğanın islahatları Avropa Birliyinə qoşulmaq yolunda atılmış addım olsa da, ölkənin zəifləməsi baxımından təhlükəlidir: "Baş nazir ölkəni ciddi şəkildə silkələyə biləcək dəyişikliyə getmək istəyir. Anlamaq lazımdır ki, belə dəyişikliklər Türkiyəni zəiflədə və mərkəzi hakimiyyətin rolunu azalda bilər. Hazırda, kürd bölgəsində müəyyən adamların özbaşına vəzifəyə gəlməsi prosesi gedir. Mərkəzi hakimiyyət də kortəbii prosesin qarşısını almağa cəhd göstərmir. PKK-çılar da bir tərəfdən hədə təmasları yayırlar”.
Q.Hüseynlinin qənaətinə görə, kürdlərə ciddi kompromislərin edilməsi paketin minuslarından biridir: "Ümumiyyətlə, layihədə ziddiyyətli məqamlar çoxdur”.