Vəfa Quluzadə: “Bu mükafatı almağa mənim haqqım Putindən qat-qat çoxdur”
Rusiya Federasiyasının prezidenti Vladimir Putinə Nobel sülh mükafatı verilə bilər. Bu təkliflə Rusiyanın Beynəlxalq Dini Birlik və Əməkdaşlıq Akademiyası və Dövlət Dumasının deputatları çıxış ediblər.
Akademiyanın üzvü Georgi Trapeznikov bildirib ki, Putin bir çox çətin problemlərin həll edilməsində vacib rol oynayıb: "Biz bilirik ki, Putin Rusiyanın ən qaynar nöqtələrində necə böyük sülhməramlı rol oynayıb. Xüsusən də, Beslanda, Cənubi Osetiyada baş verən hadisələr buna misaldır”.
Dövlət Dumasının deputatı, SSRİ-nin xalq artisti İosif Kobzon da Vladimir Putinin sülh nominasiyası üzrə Nobel mükafatına təqdim olunması imkanının olduğunu söyləyib: "Bu mükafat Suriyaya hərbi müdaxiləyə hazırlaşan Barak Obamaya da verilib. Amma Rusiya lideri Suriyada müharibəni dayandırmağa çalışır və bu mükafatı almağa daha çox layiqdir”.
Yerli politoloqlar isə Putinin heç də Nobel Sülh Mükafatına layiq olduğu qənaətində deyil.
Siyasi analitik Cümşüd Nuriyevin sözlərinə görə, Nobel Sülh Mükafatı dünyada sülh və əmin-amanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir: "Ancaq bu mükafatı alanların heç biri sülh və əmin-amanlıq uğrunda mübarizə aparmayıb. ABŞ prezidenti Barak Obama da Nobel Sülh Mükafatına layiq görülüb. Halbuki o İraqdan öz qoşunlarını geri çəkmədi. Hətta dolayı vasitələrlə ərəb ölkələrini inqilaba sürüklədi. İndi də həmin mükafatın Putinə verilməsini istəyirlər. Hesab edirəm ki, Putinin Nobel Sülh Mükafatına layiq görülməsi heç nəyi dəyişməyəcək. Putin bu mükafata layiq olmasa da, ona bu mükafatın verilib-verilməməsinin də bizim üçün elə bir önəmi yoxdur”.
"Xəzər” Araşdırmalar Fondunun rəhbəri, politoloq Vəfa Quluzadə isə onun Nobel Sülh Mükafatına Putindən daha çox layiq olduğunu deyib: "Putinin Nobelə layiq bir şəxs olduğunu zənn etmirəm. Bunun üçün yetərli səbəblərim də var. Putinin törətdikləri qırğınlar göz önündədir. O nə vaxt sülh və əmin-amanlıq uğrunda mübarizə aparıb ki, Nobel Sülh Mükafatına da layiq olsun. Putinə heç kim Nobel verən deyil. Boş-boş söhbətlərdir. Siz də təklif verə bilərsiniz ki, Vəfa Quluzadəyə Nobel Sülh Mükafatı verilsin. Söz yox ki, bu mükafatı almağa mənim haqqım Putindən qat-qat çoxdur. Amma kimdir verən? Demək istəyirəm ki, bütün bunlar "zəncinin arzuları”dır”.