Astarada 28 yaşlı qadının işgəncələrə məruz qalması, qulağının kəsilməsi, saçının qırxılması cəmiyyətimizdə gedən aşınma prosesinin çox təhlükəli bir mərhələyə çatdığını göstərir. Sözügedən rayonun Kələdəhnə kənd sakini, narkotik aludəçisi olduğu bildirilən 33 yaşlı Çingiz Mehdiyev insanlığa sığmayan cinayət hadisəsi törədib. Evdə olan qızıl üzüyü apararkən həyat yoldaşı 28 yaşlı Nisə Xəlilovanın etirazına əsəbiləşib, onun əl-qolunu bağlayaraq onu dəhşətli işgəncələrə məruz qoyub, saçını qırxıb.
Həmçinin, xanımının qulaqlarını kəsib. Hazırda N.Xəlilovanın vəziyyəti ağırdır. Nisə Xəlilovaya işgəncə verməkdə təqsirləndirilən həyat yoldaşı Çingiz Mehdiyev istintaqa verdiyi ilkin ifadəsində arvadını ona xəyanət etməkdə təqsirləndirir.
Astara rayon Prokurorluğuna gələrək ifadə verən ər, hadisəni namus üstündə törətdiyini bildirib. Hazırda, faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə cinayət işi başlanıb. Çingiz Mehdiyevin əməli sübuta yetirildiyi təqdirdə onu 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Ç.Mehdiyev "Adam içində”yə danışıb. Onun sözlərinə görə, hadisə baş verən günü yoldaşı gecə saat 2-də uşaqları evdə qoyaraq evi tərk edib. O, uşaqları götürərək qonşuya aparıb. Sonra isə arvadını gözləyib. Onun dediyinə görə, gecə saat 4-də arvadı bölgədə məşhur olan taksi şoferi Nərimanın oğlu Yalçının maşınında gəlib. Çingiz Mehdiyev maşının üstünə hücum etdikdə o qadını düşürərək qaçıb. Nisə Xəlilovanın yaxınları isə deyilənləri təkzib edir, bunu Çingiz Mehdiyevin özünümüdafiə kimi qiymətləndirirlər. Əslində, bütün olanlar ağlasığmazdır. Hadisənin ağrılı daha bir məqamı da odur ki, bu vəhşiliyi törədən adam hələ də azadlıqdadır. Həm də, zavallı qadın onun ucbatından xəstəxanada yaşam uğrunda mübarizə apararkən. Bu adamın isə hansı cəzanı alacağı sual altındadır. Ümumiyyətlə, cəza alacaqmı?
Müzakirəyə qatılanlar hadisəni birmənalı pisləməklə yanaşı, onu törədən səbəblərə də, cəmiyyətin passivliyinə də toxundular.
Sosioloq Əhməd Qəşəmoğlunun qənaətincə, bütün bu problemlərin kökündə cəmiyyətin mənəvi proseslərə biganə olması dayanıb: "Dünyada sürətlə qloballaşma prosesi gedir, ölkəmiz dünyaya inteqrasiya edir, sosial şəbəkələrdən kütləvi istifadələr geniş vüsət alıb. Belə bir zamanda biz mənəvi proseslərə daha çox diqqət ayırmalıyıq. Amma əfsuslar olsun ki, bu gün mənəviyyata mənfi təsir edən, müəyyən pozuntular yaradan amillərin sayı həddindən artıq çoxalıb. Bizim diqqətimiz isə azalıb. Ona görə də mənəviyyatla bağlı problemlər cəmiyyətdə geniş vüsət alıb. Ailələrimiz korlanıb. Bugünkü Azərbaycan ailəsi artıq 20-30 il bundan əvvəlki ailə deyil. Azərbaycan ailəsinin özü də bu gün çox gərgin vəziyyətdədir, bunun özünə ciddi diqqət yetirilməlidir. Minillər boyu formalaşmış milli ailə institutu hazırda böyük problemlə üzləşməkdədir”.
Sosioloqun sözlərinə görə, ailədə qadına qarşı zorakılığın tək günahkarı kişilər deyil. O deyib ki, bəzən aşırı qadın eqosu da sonda onların döyülməsi, bəzən də öldürülməsi ilə nəticələnir: "Qadınlar gender bərabərliyini sərbəstlik, azadlıq hesab edir. Daha doğrusu, onlara məhz bu cür təlqin olunur. Hamı qadın azadlığından danışır, amma bunun hansı şəkildə olmasını təbliğ edən yoxdur. Bizə qadın azadlığı o səviyyədə lazımdır ki, ölkəmizin tərəqqisinə rəvac versin. Qadının necə gəldi yaşaması, istədiyi kimi hərəkət etməsi qadın azadlığı, gender bərabərliyi deyil. Bu cür bədbəxt hadisələr, ailə faciələri göstərir ki, biz demokratiyanın qadın azadlığının meyarlarını cəmiyyətə lazımi şəkildə çatdıra bilməmişik. Özlərini demokrat, azadlıq carçısı adlandıran insanlar demokratiyanın təbliğatını düzgün şəkildə apara bilmir və nəticədə də qadınlar və kişilər arasında kəskin təzad meydana gəlib. Belə ki, qadınlar sanki bu sahədə çox tələsib, kişilər isə proseslərin gedişinə nisbətdə xeyli gecikiblər. Sözsüz ki, həmin adamın xanımına qarşı zorakılığı birmənalı şəkildə zorakılıq və vəhşilikdir”.
Qadınlar və kişilər arasında yaranmış təzadın getdikcə daha böyüdüyünü vurğulan Ə.Qəşəmoğlunun sözlərinə görə, nəticədə də bu cür vəhşiliklərin sayı kəskin şəkildə artır. Səbəb də odur ki, biz mənəviyyatla bağlı məsələləri arxa plana salmışıq. Mənəviyyatla, maarifləndirmə ilə bağlı məsələləri taleyin hökmünə buraxmaq olmaz. Əks halda, bu vəhşiliklərin hələ çox şahidi olacağıq.
Kriminalist İlqar Altay isə hesab edir ki, bu hadisə, məişət zəminində baş verən cinayət hadisəsi olduğundan hüquqi-kriminaloji baxımdan ciddi araşdırma aparılmalıdır: "Biz deyə bilmərik ki, həmin hərəkətləri törədən adam həmin anda hansı vəziyyətdə olub. Araşdırma aparmamış bu hadisə haqqında rəy bildirmək doğru deyil. Amma hərəkətin özü normadan kənardır, bu, birmənalıdır. İstər etik, istər qanun, istərsə də qadın-kişi münasibətləri baxımından. Bu hadisədə bütün normalar pozulub. Çox təəssüf ki, reallıq odur ki, artıq bu cür hadisələr adi hal alıb, yəni hər bir ailədə baş verə biləcək bir haldır. Varlı, kasıb, yaxud da məmur ailəsi fərq etməz. Daha doğrusu, ən demokratik cəmiyyətlər belə bu cür hadisələrdən sığortalanmayıb. Qadının durumu göstərir ki, konkret sözügedən hadisədə heç bir norma gözlənməyib. Bu hadisə mütləq hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Hadisənin media səhifələrində işıqlandırılması göstərir ki, biz bu olaya adi bir azərbaycanlı ailəsinin uğursuzluğu kimi yox, bütövlükdə Azərbaycan xalqının faciəsi kimi baxmalıyıq. Hər halda hansısa bir adamın bu qədər aqressivləşməsi və öz həyat yoldaşına amansız işgəncələr verməsi elə-belə məsələ deyil. Hadisə, mütləq hüquqi müstəvidə öz həllini tapmalıdır. Təbii ki, bu adamın etdikləri əsl vəhşilikdir və insanlığa sığmır. Amma araşdırmaq lazımdır ki, bu adamda bu qədər nifrət, aqressiya hardandır? Bəlkə qadının da hansısa günahı, səhvi olub? Təbii ki, hadisənin səbəbindən asılı olmayaraq həyat yoldaşının əl-qolunu bağlayıb, işgəncə verdiyi üçün həmin adam mütləq məsuliyyətə cəlb olunmalıdır. Bu birmənalıdır”.
Ç.Mehdiyevin narkotik aludəçisi olduğu üçün həyat yoldaşına qarşı bu cür amansız işgəncələr verməsinə gəldikdə isə İ.Altay bu variantın inandırıcı olduğunu deyib: "Əgər həmin adamın narkotik istifadəçisi olduğu doğrudursa, ondan bu cür hərəkətləri gözləmək olar. Çünki onlar şəxsiyyətini itirmiş insanlardır. Narkotika elə bir şeydir ki, insanı-insanlıqdan çıxarır. Onu da deyim ki, bu cür bədbəxt hadisələrin yaşanmasının bir səbəbi də hüquq-mühafizə orqanlarındadır. Onlar narkotik aludəçilərini vaxtında zəbt edə bilsələr, cəmiyyət də bu cür təhlükələrlə üz-üzə qalmaz”.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu isə bildirib ki, Azərbaycanda "Qadına qarşı zorakılıq” haqqında qanun layihəsi var, yəni, qadına qarşı zor tətbiq edilərsə və ondan istifadə edilərsə, bu qanun qüvvəyə minməlidir. Hüquq müdafiəçisinin sözlərinə görə, Astarada sadəcə olaraq qadınların çoxu öz haqlarını bilmir:
"Belə ki, onlar bilmir ki, bu barədə hansı qanunlar tətbiq olunub və hansılara istinad etmək olar. Həmin xanımın həyat yoldaşı həbs olunmalıdır. Çünki qanun bunu tələb edir”. N.Cəfəroğlu qeyd edib ki, qanuna görə həmin bölgənin icra hakimi, bələdiyyəsi və digər qurumları bu prosesdə fəal iştirak etməlidirlər.
Yəni, onlar öz üzərlərinə düşən vəzifəni yerinə yetirməlidir. Həmin qurumlar ailələrlə əlaqə saxlayaraq öyrənməlidir ki, hansı ailədə şiddətli döyülmə halları və qadına qarşı zorakılıq var. Hüquq müdafiəçisi vurğulayıb ki, ancaq qadının özündən də çox şey asılıdır. Belə ki, bu hal baş verən zaman qadının özü birbaşa polis şöbəsinə müraciət etməlidir: "Düşünürəm ki, bu xanım yoldaşı tərəfindən ilk dəfə deyil ki, döyülür. Görünür, o öz hüquqlarını bilməyib ki, yenidən bu cür şiddətli zorakılıq baş verib. Biz çox istəyirik ki, Astarada Qadın Resurs Mərkəzi yaradaq və bu mərkəz xanımlarımızı öz hüquqları barəsində maarifləndirsin. Çünki həmin bölgə çox ağır bir bölgədir və oraya QHT nümayəndələri də az-az gedir”.
N.Cəfəroğlu onu da əlavə edib ki, icra hakimiyyətində Qadın Komitəsinin nümayəndəsi var. Bütün bunlarla, həm də o nümayəndə məşğul olmalıdır.
Bu cür halların baş verməsində isə hüquq müdafiəçisi birmənalı şəkildə ailə başçısı olan kişini günahkar sayır: "Əgər kişi qadını döyürsə, burada günahkar sözsüz ki, kişidir. Nə olur-olsun bir insanı döymək olmaz. Xoşuna gəlmirsə boşanın, lakin qulaq kəsmək, baş qırxmaq olmaz”.