Ermənistan prezidenti Serj Sarkisyan AŞPA-dakı çıxışından sonra assambleya üzvlərinin suallarını cavablandırıb. S. Sarkisyan Azərbaycanın müharibəyə başlamaq istədiyini bir neçə dəfə təkrarlayaraq, belə bir halın Azərbaycan üçün pis nəticələnəcəyini deyib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Serj Sarkisyana belə bir sual ünvanlayıb: "Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Buraya Dağlıq Qarabağa heç vaxt aid olmayan Azərbaycana məxsus digər iri rayonlar da aiddir. Bundan başqa, Ermənistan bu gün Gürcüstan və Türkiyə kimi digər qonşu ölkələrə də ərazi iddiası ilə çıxış edir. Eyni zamanda təhlükəli oyunlar da oynayırsınız. Avropa Birliyinə söz verirsiniz və sonra da gedib Gömrük İttifaqına daxil olursunuz. Məgər Ermənistan anlamır ki, qonşularla düşmənçilik siyasətinin sonu yoxdur?”
Serj Sarkisyan sualı belə cavablandırıb: "Əlbəttə, sizin dediyiniz bu siyasətin sonu yoxdur, amma belə bir siyasətin Ermənistana heç bir aidiyyəti də yoxdur. Türkiyəyə qarşı bizim heç bir ərazi iddiamız yoxdur. Əgər belə bir faktı gətirib qabağıma qoysanız, mən sizdən üzr istəməyə hazıram. Gürcüstana gəldikdə isə, bu da mənim üçün yenilikdir və sizin dedikləriniz gülməlidir. Biz gürcü xalqı ilə qardaş xalqıq və bu ölkə ilə hansısa problemlərimiz olarsa, biz bunları bir qardaş kimi həll edərik. Suveren bir ölkə kimi Ermənistan Respublikası Avropa Birliyinə, Gömrük İttifaqına və yaxud "İslam həmrəyliyi təşkilatı”na girmək haqda qərarlar verə bilər. Biz oyun oynamırıq, siyasətlə məşğul oluruq və bu siyasətimizi xalqımızın maraqlarına uyğun şəkildə qururuq. Azərbaycan ərazilərinin işğalına gəldikdə, sizə məsləhətim odur ki, bir az coğrafi biliklərinizi artırasınız və bu zaman bəlkə mövqeyinizdə dəyişiklik baş verər. Biz müharibənin başlanmasını istəmirik, lakin Azərbaycan bu münaqişənin güc yolu ilə həll edilməsinə girişmək istəsə, o zaman onun ərazilərinin 20 deyil, 25 və daha çox faizi - sizin sözünüzlə desək - "işğal” oluna bilər”.
"Serj Sarkisyan dünya ictimaiyyətinin gözü qarşısında təcavüzkar ölkənin rəhbəri olduğunu və qonşularına qarşı ərazi iddialarını sürdürmək siyasətini davam etdirdiyini bir daha etiraf etdi”.
Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan prezidentinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasındakı çıxışı zamanı səsləndirdiyi bəyanatlara münasibət bildirərkən deyib.
E. Abdullayev bildirib ki, S. Sarkisyan Azərbaycanı hədələməklə, bütün regionun təhlükəsizliyini hədələyir və dünya ictimaiyyətindən utanmayaraq, AŞPA nümayəndələri qarşısında təcavüzkar mövqeyini təkrarlayır: "Ermənistan prezidenti beynəlxalq təşkilatın tribunasından istifadə edərək, dünya ictimaiyyətini növbəti dəfə aldatmağa cəhd göstərir. Görünür, erməni dövlət başçısının bu cür yanaşması onun beynəlxalq hüquqa və beynəlxalq ictimaiyyətin rəyinə hörmətsizliyindən irəli gəlir. Ermənistan prezidenti anlamır ki, onun Dağlıq Qarabağ münaqişəsinin həllini yubatmağa yönələn danışıqlar prosesi ilə manipulyasiya etmək cəhdləri bütün regionunun, habelə Ermənistanın təhlükəsizliyinə mənfi təsir göstərir”.
XİN rəsmisinin fikrincə, S. Sarkisyanın demokratiya anlayışı ilə beynəlxalq ictimaiyyətin demokratiya anlayışı kəskin fərqlənir: "Bir şeyi dəqiq bilirəm: cinayət, etnik təmizləmə və beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn pozulması hesabına demokratiya qurmaq insanlıq idealları ilə ziddiyyət təşkil edir. Azərbaycanın işğal olunmuş ərazilərində yerli azərbaycanlı əhalinin qanı üzərində qondarma rejim yaratmaq və bunu sonradan demokratiya adlandırmaq - mən beynəlxalq hüququ demirəm - bəşəri dəyərlərə hörmətsizliyin utanmazcasına nümayiş etdirilməsi deməkdir”.