Bu dəfəki müsahibimiz "Çinarə müəllimə” adlı "facebook” profilinə sahib gənc kimya müəlliməsidir. Sosial mediadakı məşhurluğu bizi də onunla söhbətləşməyə vadar etdi. Maraqlı statusları ilə xeyli izləyici toplayan Çinarə Rzayeva, 1985-ci ildə dünyaya gəlib. 28 yaşlı bu xanım, hazırda AMEA-nın Polimer Materialları İnstitutunda doktorantdır. Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmiş Çinarə xanım, həm Turkiyə Diyanət Vakfı Bakı Türk liseyinin, həm də "Hədəf” kurslarının müəlliməsidir.
Çinarə xanımın boş vaxtlarında hansı işlə məşğul olduğu ilə maraqlandıqda maraqlı tarixlə üzləşdik. Mütaliəni sevən həmsöhbətimiz, ilk dəfə oxumağa Azərbaycan yazarlarının kitablarından başladığını bildirdi. Lakin onu xüsusilə vurğuladı ki, dünya ədəbiyyatı ilə tanış olduqdan sonra bir də Azərbaycan ədəbiyyatına qayıtmayıb. Öz təbirincə desək Şahmat oynamağı isə ən sevdiyi hobbisi sayır.
"Şahmatın çox zəngin fəlsəfəsi var, mən ondan çox istifadə edirəm. Beyni çox yormasına rəğmən istirahətin bir növüdür”-deyən, Çinarə xanım şahmata dair də rəğbətlə qarşılana biləcək maraqlı ifadələr səsləndirdi. Qəhrəmanımız deyir ki, "Şahmatın ədalətsizliyi ondadır ki, piyada heç vaxt şah ola bilmir”, "Bir qadın sizi mat qoyursa, özünüzü şah hiss edə bilərsiniz”.
Verdiyimiz hər suala xüsusi diqqətlə yanaşan Çinarə xanım, baxın, sonra neçə misal gətirdi:
"Albert Eynşteyn deyir ki: "Bir adamın etik davranışı əsasən simpatiya, təhsil, ictimai bağları və ehtiyacları üzərinə qurulmalıdır; bunun üçün heç bir dini təmələ ehtiyac yoxdur. İnsan ölümdən sonra cəzalandırılma və ya mükafatlandırılma həyəcanı ilə məhdudlaşdırıldığı təqdirdə həqiqətən kasıb bir yolda irəliləmiş olacaq”.
-Dini görüşünüz necədir? Sizcə, elm və din anlayışları təhsilə necə təsir edir?
- Din və ya elm həyatın məqsədi, həyatdakı hədəfimiz deyil. Məqsəd faydalı olmaq, insanlarla düzgün davranmaq, peyğəmbərimizin də dediyi kimi "üzünün qızarmadığı tərzdə yaşamaq”dırsa, din və elm bu məqsədə aparan yoldur. Yolun düzgündürsə, seçiminin hansı olmağının heç fərqi yoxdur. Bu gün cəmiyyətimizdə təəssüf ki, insanlar elmsizliyə dinsizlikdən daha normal baxır. Kimsəyə savadı, təhsili olmamasına görə irad etmirlər, hətta bunu normal qarşılayırlar, "Hər oxuyan Molla Pənah Vaqif olmaz” deyirlər. Din isə cəmiyyətimiz üçün gözünü yumub imzaladığı müqavilə kimidir. Biz "əxlaqlı” sözünə sinonim "Namaz qılır” sözünü istifadə edirik. Doğulanda dindar, müsəlman doğulursan. Bu yolla getməlisən, belə məsləhət bilinib. Düşünmə, iradə sərbəstliyi imkanı yoxdur. Və bu düşüncə ilə böyüyən gənclik, əks fikirlərlə, ateizm faktları, ateizm alimləri ilə tanış olanda,.. cəmiyyətdə aqressiv bir qrup formalaşır. Bu gün dindarların psixologiyası çox dəyişib. Dinimizi anlatmaq, sevdirmək yox, sanki "sırımaq” istəyirlər. Halbuki dinimizdə, peyğəmbərlərimizin hədislərində "Heç bir bəndəyə səbrdən daha yaxşı və geniş bir nemət bəxş edilməyib, Səbr imanın başıdır” buyurublar. Ateist təbəqənin kəskin münasibəti, təzyiqi, xüsusən ironiyaları inanclı insanlarda daimi müdafiə instinkti formalaşdırıb. İnanclı bir insan üçün başqalarının dinə hörmətsizliyi, inancsızlığı qəbuledilməzdir. Əslində hər şey o qədər də mürəkkəb deyil. Birilərinin xristian, birilərinin buddist, birilərinin müsəlman, (və daha başqa dinlər) olması nə qədər təbiidirsə, birilərinin də bunların hamısından imtina etməsi o qədər təbiidir. Ancaq əgər dininin gözəlliyinə, müsbət mənəvi keyfiyyətlər aşıladığına əminsənsə, bunu əxlaqla təqdim etmək lazımdır. Təzyiq göstərməklə, qılıncla artıq heç kəsi müsəlman etmək olmaz. Biz insanları düzgün bildiyimiz yola çəkərkən, onları itirmək qorxusunu yaşamalıyıq. O yolu elə tərzdə təqdim etməliyik ki, bizim onu dəyişmək istədiyimizi yox, onu daha gözəl yerlərdə görmək istədiyimizi hiss etsin. Bir insana doğru yolu göstərib, "bu yolla get” demək yox, onun əlindən tutub o yolu bərabər addımlamaq lazımdır. Həqiqət axtarışına bərabər çıxmaq lazımdır.
- Kişiləşmiş qadın cəmiyyətin, qadınlaşmış kişi təbiətin səhvidir”- deyirsiniz... Azərbaycanda belə insaları tez-tez müşahidə edirisiniz?
- Əslində sözün dərinliyinə getməsək, birincilərin səbəbi elə ikincilərdir. Kişiləşmiş hər bir qadın bir kişi məsuliyyətsizliyinin nəticəsidir. Azərbaycan qadını həmişə inqilabçı olub. Bir vaxt cəmiyyətimizdə şalvar geyinən qız və geyinməyən qız, sonra internetə girən qız və girməyən qız, indi də aksiyaya gedən qız və getməyən qız deyə bir bölgü var. Bunun əslində yaxşı və pis tərəflərini göstərmək olar. Belə ki, cəmiyyətimizin sosial adaptasiyasının hərəkətverici qüvvəsi də, qurbanı da xanımlardır. Hər ildən fərqli olaraq bu il tələbə qəbulunun statistikasında da ali məktəbə daxil olan qızların say faizi oğlanlardan çoxdu. Bu gün xanımlarımız iş həyatında daha çox uğurludur. Ancaq qadın öz zövqü, inkişafı, ictimai mövqeyi və ailəsinə kömək olmaq üçün işləməlidir. Qadın təkbaşına ailə saxlamaq üçün dəridən-qabıqdan çıxırsa, zərif çiyinlərinə gücündən artıq yük alırsa, kişiləşmiş qadına çevrilir. Bunu heç bir xanıma rəva bilmirəm.
-Belə bir status paylaşmısınız: "Sovet dövrü ilə indini müqayisə edəndə ən çox sarsıldığım məqam budur: Anam deyir ki, rusun vaxtında arıq, sısqa, burnu fırtıqlı (üzr istəyirəm) oğlanlar əsgər gedir, qayıdanda boylu-buxunlu, yetkin gənclər kimi qayıdırdılar. Bütün qızların da gözü o qapıda olurdu ki, indi bu qapıdan nər çıxacaq. Amma indi valideynlər boğazından kəsib boya-başa çatdırdığı oğlanlar gedib xəstə, vərəm, üst-başını bit-birə basmış qayıdır (qayıdırsa!), hələ bir ay da sevgili, nişanlısının qarşısına çıxa bilmir ki, üz-gözünü yara töküb, sağalsın.”
Bir müəllimə olaraq tələbələrinizdə vətənpərvərlik hissinin hansı səviyyədə olduğunu görürsünüz?
- Vətənpərvərlik hissinin aşılanması təlim prosesinin ən mühüm amilidir. Təhsil vətənə, insanlığa xidmət edəcəksə, faydalıdır. Yoxsa təhsilli canavarlar yetişdirməyin bir mənası yoxdur. Bu hiss elə aşılanmalıdır ki, gənclər istər vətəndə, istər ondan kənarda hər zaman bu vətənin övladı olmaqla qürur duysun. Vətən - içində yaşadığın yox, "içində” yaşatdığındır. Gənclər vətəni ürəyində, canında, qanında yaşadaraq sevməlidir. Təbii ki, bu işdə əsas məsuliyyət müəllimlərə düşür. Öyrədilən hər bir elm qiymət və imtahanlardan öncə gənclərin şəxsiyyətinin inkişafına xidmət etməlidir. Tələbələrimin vətənpərvərlik səviyyəsinə gəlincə isə, düşünürəm, bu elə bir hissdir ki, sözlərlə, kiçik addımlarla səviyyəsi bəlli olmaz. Bunu ancaq zaman göstərə bilər.
- "Mən bir dövlətəm: ağlım qanunverici, ürəyim icraedici, vicdanım isə məhkəmə orqanıdır”-deyirsiniz... Bizim ölkədə bu qurumların işini necə dəyərləndirirsiniz? Hansının fəaliyyətindəki boşluq təhsilin uğursuzluğuna şərait yaradır?
- Bu bənzətmədə "mən” şərti olsa da, əslində insan və dövlətin bu cür müqayisəsini məntiqli hesab edərək yazmışdım. Ən azından hər ikisi ali məqsədləri olan, mükəmməlliyə can atan, cəmiyyət qarşısında məsuliyyət daşıyan və çatışmazlıqlarla dolu olan bir quruluşdur. Təhsilimizin səviyyəsinin qənaətbəxş olmaması aydın faktdır. Amma bunu məhz hansısa qurumun səhvi kimi göstərmək olmaz. Bilirsiz, qınında oturub qınamaq asandır. İş varsa, mütləq səhvlər, çatışmazlıqlar var. Təhsil uğursuzluqlarımızın səbəbi bu və ya digər qurumdan yox, bu prosesdə iştirak edən hər kəsdən qaynaqlanır. Müəllim maaşı azdır işləmək istəmir, repititorluq edir, valideyn məktəbə buraxmır, fərdi müəllim tutur, qısaca hər kəsin bildiyi problemlər. Sanki cəmiyyətimiz öyrənib, haqsız iş görmək üçün kiminsə "haqqını” verir, işlərini həll edir... Yaponiyanın baş nazirinə sual verdikdə ki, siz bu inkişafa necə nail oldunuz? O, cavab vermişdi k, biz müəllimlərə və həkimlərə deputatlara verdiyimiz qədər maaş təsis etdik. Budur təməl olan. Sağlam dövlət təhsili, elmi yüksək səviyyədə olan dövlətdir.
- Sosial şəbəkələr şagird və tələbələrin tədris həyatına necə təsir edir? Onların bu sosial şəbəkədən istifadələri nə dərəcədə düzgündür?
- Bir az sərt baxsaq, mən düşünürəm ki, məktəbdə təhsil alan şagirdin sosial şəbəkələrə gündəlik ayırmağa vaxtı qalmamalıdır. Çünki bu günkü dərs sistemi əvvəlki zamanlardan çox ağır və yüklüdür. Müxtəlif fənlərdən oxu materialından əlavə tapşırıqlar, testlər günün sonuna qədər ancaq başa çatdırıla bilər. Ancaq həftə sonlarında, tətil vaxtlarında düzgün şəkildə istifadə etmələri normaldır. Buraya yoldaşları ilə söhbət etmək, maraqlı paylaşımlarla bir-birini maarifləndirmək, öz həyata baxışlarını ifadə etmək, birgə şəkillərini müzakirə etmək və s. daxildir. Bu həm də müəllimlərə də tələbələrini məktəbdən kənar izləməyə, onların psixoloji vəziyyəti, düşüncələri ilə tanış olmağa imkan verir. Bundan kənarda şagirdlərin siyasi, dini müzakirələrə qoşulması, öz həmyaşıdları olmayan tanımadıqları insanlarla ünsiyyətə girməsi kimi halları dəstəkləmirəm və yaşlarına uyğun hesab etmirəm. Konfutsinin dövrümüz üçün aktual bu sözünü çox bəyənirəm: "Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar cəsarət sahibi olarsa quldur olarlar”. Odur ki, böyük işlərə qoşulmaq üçün məncə əvvəl daxilən böyüməlidirlər. Bu isə yalnız mükəmməl təhsil ilə mümkündür.
-"Ananın övladının qüsurlarını görməməsi ədalətsizliyin haqlı olduğu tək məqamdır yəqin...” yazmısınız. Sizcə bu qüsurlaırn üstündən keçmək sonda övladının yanlış tərzlərə meyllənməsinə gətirib çıxarmazmı? Yəni bizim anaların tərbiyə metodları nə dərəcədə düzgündür?
- Təbii ki, bu fikirdə söhbət övladın qazandığı pis vərdişlərdən yox, anadangəlmə qüsurlarından gedir. Söz var, deyir, ana kirpi də balasını "ipək tüklüm” deyə əzizləyir. Suala gəlincə, tərbiyə və təhsil bir-birindən ayrılmaz proseslərdir.Suala gəlincə, tərbiyə və təhsil bir-birindən ayrılmaz proseslərdir. Tərbiyə özümüzə, təhsil başqalarına hakim olmağı öyrədir. Ana tərbiyədə əvəzolunmaz rol oynayır. Düşünürəm ki, atası savadsız cəmiyyətin bu günü, anası savadsız cəmiyyətin sabahı cəhalət içindədir. Odur ki, qızlarımızın cehizinin yox , təhsilinin qeydinə qalmaq lazımdır. Mənim üçün tərbiyənin bir metodu var: özün nümunə olmalısan. İstər valideyn, istər müəllim tərbiyəyə özündən başlamalıdır ki, gənc nəslə örnək ola bilsin.
- Sizcə, repetitorluğun aradan qalxması təhsilin keyfiyyətinə neəc təsir edəcək? Ümumən bunun aradan çıxması üçün hansı problemlər həll edilməlidir?
- Cümləni əksinə deyərdim, təhsilin keyfiyyətinin artması repetitorluğun aradan qalxmasına səbəb ola bilərdi. Ancaq inandırım ki, bu hazırda daha çox dəbdir. Sanki valideynlər övladlarına xüsusi müəllimlər ayırmaqla onların təhsilinə daha çox kapital qoyduqlarına özlərini inandırırlar. Xüsusən də aşağı siniflərdən fərdi müəllimlərin ayrılması uşaqların bütün psixologiyasını pozur. Əvvəla, uşaq beynində daim fərdi və məktəb müəllimini "döyüşdürür”. İkinci, məktəbə qarşı laqeyd münasibət formalaşdırır. Üçüncü, fərdi müəllimin hazır konspektlərinə, hər şeyi asanlaşdırıb ona təqdim etməsinə alışan uşaqda tənbəllik yaradır, sərbəst düşünmə, yaradıcılıq qabiliyyətini əlindən alır. Onlarla belə problem var, amma etiraf edim ki, valideynlərə bunu başa salmaq çox çətindir. Odur ki, məncə repetitorluğun aradan qalxması təhsilin keyfiyyətinin artmasından öncə valideynlərin şüurunun dəyişməsindən sonra mümkün olacaq.
- İxtisas seçimi mərhələsində müəllimlər abituriyentlərə necə kömək edir? Bunu insan həyatındakı yerini bir çoxları zamanında dərk etmir. Bu istiqamətdə müəllimlərin rolunu necə dəyərləndirisiniz?”
- Gəncin seçdiyi ixtisas onun arzusu ilə bacarığının kəsişməsində yerləşməlidir. Arzuları imkanları ilə üst-üstə düşməlidir. Bu ödənməyəndə gənclər ya imtahanda, ya gələcəkdə uğursuzluqla qarşılaşır. Müəllimlər bu işdə şagirdlərə ən yaxşı yardımçılardır. Təbii ki, heç bir müəllim tələbəyə "Sən buna nail ola bilməzsən, o balı yığa bilməzsən, səndən həkim, müəllim və s. çıxmaz” deməməlidir. Müəllim etikası tələbəyə onun bacarıqsız olduğunu yox, bacarıqlı ola biləcəyi başqa sahələrin olduğunu aşılamaqdır. Bu nöqteyi-nəzərdən yanaşaraq, müəllim gənci yönəltməli, şagirdin ailəsi ilə birgə məsləhətli şəkildə düzgün istiqamətləndirməlidir.
- Təhsilimizdə elmin dəyərini aşağı salan hansı məqmalardır deyə düşünürüsünüz?
- Həmişə yarızarafat, yarıciddi deyirəm ki, müəllimlik və həkimlik bizdə hobbidir, o maaşa iş olmaz. Elm yolu çox çətin yoldur. Elm bir ağacdır, məhsul almaq istəyirsənsə, uzun müddət əziyyət çəkməlisən, qayğı göstərməlisən. Hər bir təminatın olmalıdır. Azərbaycanın müəyyən sahələrində inkişafı görməmək mümkün deyil. Məsələn, ölkənin şadlıq saraylarına, parklarına, bulvarımıza, idman komplekslərinə girirsən, XXI əsrdir, ancaq çıxıb elminə girirsən XI əsr. Gənc də görəndə ki, sənəti ilə kar olanlardan çox, sənəti ilə ‘’kar edənlər’’ yaxşı yaşayırlar, daha asan həyat yolunu seçir.
- Birdən-birə mövzumuzu dəyişək... "Ancaq ağıllı adamı dəli kimi sevə bilərsən”... Sevirsinizmi?
- Bizim ölkədə ta qədimdən qalma bir tendensiya var və bu hər addımda bizim yadımıza salınır. Yaşlı nəsil deyir ki, bizim vaxtımızda müəllimə hörmət başqa idi, biz elə bilirdik müəllim yemir, içmir, sevmir, sevilmir, görüşmür və s. Bunu xatırlayanda sualınıza rahatlıqla cavab vermək olmur. (Gülür...) Amma indiki təhsil sistemində müəlimin nəinki gəncin təhsilinə, həm də onun davranışına, psixoloji durumuna nəzarət etməsi üçün onunla dost olmasının vacibliyi göstərilir. Eyni zamanda mən də düşünürəm ki, şagirdin, tələbənin müəllimin yemək yediyini bilməsi ayıb deyil. Utandırıcı hal - şagirdin müəllimin haram yediyini bilməsidir. Odur ki, bu müsahibəni tələbələrimin də oxuyacağına baxmayaraq, etiraf edirəm ki, nişanlımı çox sevirəm və onunla yaxın gələcəkdə Azərbaycan dəyərlərinə, mədəniyyətinə uyğun bir ailə qurmağı arzulayıram.
-Sonda ismarıcınız var?
- Hərdən düşünürəm ki, kaş həyat bizə veriləndə üstündə istifadə qaydası yazılardı. Onda həyatımızı daha düzgün, səhvsiz qurardıq. Bəs, bu bizi xoşbəxt edəcəkdimi? Əlbəttə yox. İnsan həyatındakı çatışmazlıqları aradan qaldıraraq, zəhmətlərinin nəticələrindən zövq alaraq, səhvlərini düzəldərək, kiməsə yaxşılıq edərək xoşbəxt olur. Əgər hamının həyatında hər şey yaxşı olsa, bəs insanlar nəyə sevinəcəkdilər? Tələbələrdən, şagirdlərdən istəyim budur ki, arzu etdikləri hədəfi əldə etməkdə keçdikləri yolda əllərindən gələni etsinlər. Həyatda nə edirlərsə etsinlər, bütün güclərini, ürəklərini qoysunlar o işə. Sonra Allaha təvəkkül etsinlər. Alınmasa, üzülməsinlər, demək qismət deyilmiş, Allahın onlar üçün seçdiyi daha gözəl bir yol var demək. Yaşadıqca da görəcəklər ki, həyat özü də tələbkar müəllim kimidir. Çox sıxırsa, imtahanlardan daha yaxşı çıxmağın üçündür. Əsas olan budur. Bütün gənclərimizə məktəb, universitet və həyat imtahanlarında öz əziyyətlərinə uyğun müvəffəqiyyət arzulayıram.