Qəza yaradan “toy karvanı”...

Dəstə halında avtomobillərin hərəkəti yolverilməzdir



Ölkədə el adəti olan toylarda karvan şəklində maşınların hərəkəti nəqliyyatda bir sıra sıxıntılara səbəb olur. Bu, əsasən də şəhərlərdə insanların işdən çıxma vaxtına təsadüf etdiyindən yollarda tıxaclar əmələ gəlir. Toy karvanlarına görə yollarda qayda pozuntuları yaranır, hətta bu pozuntular qəzalarla da nəticələnə bilir. Ümumilikdə isə yol polisi bu hallarda müdaxilə edə bilmir. Çünki sıxlıq vaxtı hər hansı bir nəqliyyat vasitəsinin saxlanması ümumi tıxaca səbəb olur.

Bəy-gəlin maşınlarının yollarda hərəkətin təhlükəsizliyi üçün yaratdığı fəsadlar barədə zaman-zaman mətbuatda yazılıb. Eyni zamanda, dəfələrlə yol polisi rəsmiləri bu haqda açıqlama ilə çıxış edərək əhaliyə xəbərdarlıq edib. Görünən odur ki, bütün bu xəbərdarlıqlara məhəl qoyan yoxdur. Respublika Baş Dövlət Yol Polisi İdarəsi toy sahiblərinin bu karvanlara düşünülmüş formada yanaşması, karvanlarda maşınların sayının azaldılması, yollarda qarşı hərəkət zolağına çıxmamaq və işıqforun tələblərinə düzgün riayət edilməsi barədə yenə də xəbərdarlıq edib.

"Onların xoşbəxtliyi başqalarının bədbəxtliyi üzərində qurulmamalıdır”

Qeyd edək ki, bu ilin ilk 8 ayı ərzində Bakıda "toy karvanları”ndakı nəqliyyat vasitələrinin iştirakı ilə 24 yol qəzası baş verib. Hadisələr nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, əhali tərəfindən daxil olan şikayətlərdən sonra sentyabr ayı ərzində 36 "toy karvanı” yollardakı müşahidə kameraları vasitəsilə nəzarətə götürülüb. Nəticədə "toy karvanları”nda iştirak edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan 3 sürücü inzibati məsuliyyətə cəlb edilib. "Toy karvanları”nın hərəkəti zamanı karvanda iştirak edən avtomobil sürücülərinin yol-hərəkət qaydalarını pozması ilə bağlı 60 fotomaterial hazırlanıb: "Hətta yol hərəkəti qaydalarını pozduğuna görə, 2 halda bəy və gəlin onları daşıyan bəzədilmiş "bəy-gəlin” avtomobilindən düşərək digər avtomobillə hərəkət etmək məcburiyyətində qalıblar. Onlardan birində sürücü avtomobili işıqforun qırmızı işığında saxlamadığına görə saxlanıb və məlum olub ki, onun heç sürücülük vəsiqəsi də yoxdur. İkinci halda isə "bəy-gəlin” avtomobili dövlət nömrə nişanı olmadığına görə saxlanılıb”.

Əsədov qeyd edib ki, ötən illərə nisbətən avtomobillərin dövlət nömrə nişanlarının üstünün bəzədilərək örtülməsi halları azalsa da, xüsusilə axşam saatlarında "toy karvanları”ndan iştirak edən avtomobillər tərəfindən yolboyu səs siqnallarından lüzumsuz istifadə edilməsi, yolun hərəkət zolaqlarının tutulması, işıqforun qırmızı işığında dayanmadan hərəkət etməsi, yolayrıclarını keçmə qaydalarını pozması, ehtiyac olmadan asta sürətlə hərəkət etməsi, yola bitişik şadlıq sarayları qarşısında dayanmış avtomobillərin hesabına yolların daralması, həmin yol üzrə gediş-gəlişin çətinləşməsi və süni tıxacların yaranması çox müşahidə edilib.

Bu isə paytaxt sakinlərinin narahatlığı və narazılığına səbəb olur: "Ona görə də "toy kortejləri”ndə iştirak edən avtomobil sürücülərini bir daha ciddi nizam-intizama dəvət edir və xəbərdarlıq edirik ki, paytaxt ərazisində "toy karvanları”nda iştirak edən hər bir avtomobil hərəkət marşrutu boyu izləniləcək və kimliyindən asılı olmayaraq qaydaları pozanlar cəzalanacaqlar. Bəy-gəlinin xoşbəxtliyi başqalarının bədbəxtliyi üzərində qurulmamalıdır”.

Dövlət Yol Polisi İdarəsi adından toy sahiblərinə müraciət edən bölmə rəisi bir daha "toy karvanları”nda iştirak edən avtomobillərin sayının 3-4 avtomobilədək azaldılmasını tövsiyə edib. Onun fikrincə, avtomobillərin sayının çox və ya az olması bəy və gəlinin bir-birinə sevgisini artırmayacaq, nə onları xoşbəxt etməyəcək, nə də gələcək həyatında nəyisə dəyişməyəcək.

"Toy kortejləri”in paytaxt küçələrində hərəkətinin qanunsuz olduğunu vurğulayan hüquqşünas Ərşad Hüseynov isə deyib ki, yol hərəkəti qaydalarına görə, avtomobillərin dəstə halında hərəkəti yalnız dövlət əhəmiyyətli xüsusi tədbirlərdə mümkündür. Hansı ki, həmin mütəşəkkil nəqliyyat dəstəsinin önündə və arxasında Yol Patrul Xidmətinin maşını olmalıdır. Qalan bütün hallarda dəstə halında avtomobillərin hərəkəti yolverilməzdir. Sözün açığı, "toy karvanları”nı qanunla qadağan etmək əsassız olduğu üçün onlara qarşı mübarizə bir qədər çətin prosesdir: "Bütün bu problemlər cəmiyyətdən qaynaqlanır. Hər şey mədəniyyətdən və ictimai təfəkkürdən asılıdır. Cəmiyyət özü ictimai qaydalara riayət etməlidir. Onu da deyim ki, hüquq-mühafizə orqanlarından da çox şey asılıdır. "Toy karvanları” yol hərəkət qaydalarını pozanda polis sanki onları saxlamaqda acizlik göstərir. Doğrudur, polislər xoş günlərində insanların qanını qaraltmaq istəmir. Amma bu cür yanaşma doğru deyil. Bəyin kefi pozulmasın deyə, polis 10 maşının bir-birinin ardınca yol hərəkəti qaydalarını pozmasına göz yumur. Ancaq bəzən həmin karvan kiminsə ölümü ilə nəticələnir. Hətta olub ki, gənclərin ani bir şıltaqlığı sonda toy günü gəlinin şikəst qalması ilə nəticələnib. Şərt o deyil ki, gəlin maşının qabağını kəsib, bir-bir onları cərimələyəsən. Əslində bu daha da böyük problemlər yarada bilər. Hər yerdə nəzarət kameraları var. Yerində mümkün deyilsə, 10-15 maşının yolun ortasında saxlanması böyük tıxaclara da səbəb ola bilər. Kameraların köməyi ilə sonradan bir-bir həmin maşınları çağırıb cərimələmək lazımdır. Əslində, polis bütün bunları edə bilər, sadəcə bayaq dediyim kimi milli mentaliteti nəzərə alıb buna getmir. Yəni toydu, yasdı - bunlar Azərbaycan xalqının mədəniyyətində, ənənəsində mühüm yer tutur. Ona görə də yol polisi humanistlik göstərərək belə günlərdə kiminsə qanını qaraltmaq istəmir. Çox vaxt toy kortejləri gedəndə belə, bu kimi səbəblərdən onlara mane olmaqdan yayınırlar. Halbuki, qanunvericiliyə əsasən toy karvanlarının o cür hərəkətinə mane olmaq lazımdır. Çünki onlar bir sıra hallarda qırmızı işıqdan keçir. Halbuki, kiminsə həyatında xoşbəxtliklə qurtara biləcək toy başqasının bədbəxtliyinə səbəb ola bilər.

Ə.Hüseynov cəzaların sərtləşdirilməsinin tərəfdarı olmasa da, qanunu pozanlara qarşı müəyyən ölçü götürülməsinin zəruri olduğunu deyib: "Təbii ki, cəzaları sərtləşdirməklə problemi aradan qaldırmaq mümkün görünmür. Sadəcə olaraq, hər bir halda hər bir cinayətə, hüquq pozuntusuna görə cəzaların labüdlüyü, yəni tətbiq olunacağı inancı formalaşsa, istər-istəməz hüquq pozuntuları və cinayətlər azalacaq. Hesab edirəm ki, o cür bəy-gəlin maşınları sahiblərinə qarşı yumşaq davranış sərgiləndiyinə görə belə arxayınlıq yaranır”.