Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropada yaşayan Azərbaycan icması adından müraciət yayıb. Trend-in YAP-ın saytına istinadən verdiyi məlumata görə, dünyanın 28 ölkəsində 50-dən artıq Azərbaycan diaspor təşkilatını birləşdirən konqres dünya azərbaycanlılarına müraciət edərək qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb. Müraciətdə deyilir: "Azərbaycan Respublikası keçən beş il ərzində həyatın bütün sahələrində həqiqətən böyük inkişaf yolu qət etmişdir. Bu inkişafın bəhrəsi bizlər, Avropada yaşayan azərbaycanlılar üçün xüsusilə qiymətlidir”.
Daha sonra müraciətdə bildirilir ki, Qərb və Şərqin kəsişməsində yerləşən Azərbaycan bu illər ərzində hər iki dünya sivilizasiyasının müsbət nailiyyətlərini əks etdirməyə çalışaraq Avropa məkanına inteqrasiyanın ilkin mərhələlərini uğurla keçib: "Bu uğurlar sözsüz ki, bütün ölkənin, ilk növbədə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük səyi nəticəsində başa gəlib”. Avropanın Azərbaycan icmasının müraciətində son 10 ildə xaricdə yaşayan soydaşlarımızla bağlı, lobbiçilik sahəsində görülən işlər və əldə edilən effektiv nəticələr xüsusi vurğulanır.
Qeyd edək ki, Avropa Azərbaycanlıları Konqresi 2004-cü ildə Almaniyanın paytaxtı Berlində təsis edilib. Təşkilat Rusiya, Ukrayna, Belarus, Moldova, İsveç, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Bolqarıstan, Rumıniya, Macarıstan, Belçika, Finlandiya, Almaniyadakı və Avropa ölklərindəki Azərbaycan icmalarını birləşdirir.