Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton və Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin fikirləri qeyri-obyektiv, birtərəfli və Azərbaycandakı seçki prosesinin real vəziyyətini təhrif edən qərəzli məlumatlar əsasında formalaşıb. Bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa İttifaqının rəsmi şəxslərinin bəyanatına münasibətini bildirərkən deyib.
Ə.Həsənov bildirib ki, Ketrin Eşton və Ştefan Fülenin Azərbaycanda hansısa son hadisələrin seçkiqabağı vəziyyətə, insan hüquq və azadlıqlarının durumuna və ümumilikdə siyasi şəraitə təsirinin narahatlıq doğurduğu barədə bəyanatını təəccüb və təəssüflə qarşılayırıq:
"Hesab edirik ki, onların fikirləri qeyri-obyektiv, birtərəfli və Azərbaycandakı seçki prosesinin real vəziyyətini təhrif edən qərəzli məlumatlar əsasında formalaşıb. Tam məsuliyyətlə bildiririk ki, Azərbaycanda seçki kampaniyası mövcud qanunvericilik və beynəlxalq təcrübəyə uyğun keçirilir. Seçki prosesinin bütün mərhələlərində prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirməsi üçün zəruri şərait yaradılıb. Namizədlər istər Bakıda, istərsə də regionlarda öz seçiciləri ilə görüşlərini sakit, hər hansı qanun pozuntusuna yol vermədən təşkil edir, onlara ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlanırlar. Ümumilikdə, seçki prosesinin təhlükəsizliyi dövlət orqanları tərəfindən lazımi şəkildə təmin olunur”.
PA rəsmisi bildirib ki, son günlərdə qanunvericiliyin tələblərini pozduqlarına görə ayrı-ayrı şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmasının seçki prosesi ilə hər hansı əlaqəsi yoxdur:
"Buna görə də hüquq pozuntusu hallarının aradan qaldırılması ilə bağlı tədbirlərin bilavasitə seçki prosesi ilə əlaqələndirilməsini qeyri-obyektiv və qərəzli yanaşma hesab edirik. Onu da xatırlatmaq istərdik ki, Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle bundan əvvəl də Azərbaycanla bağlı reallığı əks etdirməyən bəyanatlar vermişdir. Düşünürük ki, seçki dövründə guya Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına, media nümayəndələrinə təzyiq göstərilməsi ilə bağlı iddialar ümumilikdə seçkilərin azad və demokratik xarakterinə kölgə salmaq cəhdidir. Azərbaycan hökuməti bundan sonra da prezident seçkisi kampaniyasının ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun davam etdirilməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirəcəkdir. Ümid edirik ki, Avropa İttifaqı rəsmilərinin seçki ilə bağlı növbəti fikir və bəyanatları daha balanslı və gerçəkliyə uyğun olacaq”.