Moskva-Gəncə aviareysi üzrə uçan təyyarənin Həştərxanda məcburi eniş etməsinə səbəb olan Azərbaycan vətəndaşı inzibati qaydada cəzalandırılıb. APA-nın "RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya DİN-in Privolsk federal dairəsi üzrə nəqliyyat idarəsindən bildirilib. Məhkəmə, Azərbaycan vətəndaşı Rasim Əmiraslanovun əvvəllər inzibati cəza almadığını nəzərə alaraq barəsində 5 sutka inzibati həbs qərarı çıxarıb. Qeyd edək ki, oktyabrın 2-də Moskva-Gəncə aviareysi üzrə uçuş həyata keçirən təyyarə, Həştərxanda məcburi eniş edib. Belə ki, uçuş vaxtı Azərbaycan vətəndaşı Rasim Əmiraslanov sərxoş vəziyyətdə təyyarənin baş bələdçisini və sərnişinləri təhqir etməyə başlayıb. Təyyarə komandiri onu qanunazidd əməllərdən əl çəkməyə çağırsa da, R.Əmiraslanov buna reaksiya verməyib və pilot kabinəsinə soxulmağa cəhd edib. Nəticədə hava gəmisinin komandiri ən yaxın hava limanına eniş etmək barədə göstəriş verib. Təyyarədə 162 sərnişin olub.