Zığ yamacında sürüşmənin aktivləşməsi nəticəsində bir neçə yerdə çatlar əmələ gəlib. Zığ yamacında sürüşmənin aktivləşməsi ilə əlaqədar evi təhlükədə olan 78 ailədən biri də Tarverdiyevlər ailəsidir. Havalar yağışlı keçdikcə, hamı kimi bu ailənin də canına vəlvələ düşür. Adi vaxtlarda sürüşməyə məruz qalan ev, yağışlı havalarda daha çox uçma təhlükəsi ilə üzləşir. Ötən il əsgər oğullarını itirən ailə indi də evsiz qalmaq qorxusu ilə yaşayır. Zığ qəsəbəsi Hətəm Allahverdiyev küçəsinin sakinləri iddia edirlər ki, bir neçə gündür, davam edən sürüşmə prosesi yenidən aktivləşib.
Ərazidə sürüşmənin daha böyük fəsadlar yarada biləcəyindən qorxan ailələr mənzillərini tərk edərək, kirayədə yaşamağa başlayıblar. Divarlarında iri çatlar əmələ gələn evlərin sakinləri evlərinin uçacağı halda övladlarının taleyindən narahatdırlar. Sürüşmə zonasında bünövrəsi təzə qoyulan evlərin uçmuş divarlarında da rast gəlmək olar. Problemlə bağlı Nazirlər Kabinetinə müraciət olunub. İcra Hakimiyyəti rəsmisi hazırda yuxarı instansiyalardan cavab gözlədiklərini söyləyib. Sakinlərə isə qəzalı vəziyyətdə olan həmin binalarda yaşamamaq məsləhət görülüb.
Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev hesab edir ki, məsələ ilə ilk növbədə Bakı Şəhər İcra Hakimiyyəti maraqlanmalıdır: "BŞİH hadisəni yerində araşdırmalı və qabaqlayıcı tədbirlər həyata keçirməlidir. Müvafiq mütəxəssis qrupları təşkil edilməli və bölgəyə baxış keçirilməlidir. Həmin ərazidəki sürüşmənin dərəcəsi öyrənilməli və nə dərəcədə təhlükəli olduğu aydınlaşdırılmalıdır. Müvafiq rəy hazırlandıqdan sonra isə ya bölgədə möhkəmləndirmə işləri aparılmalı, ya da həmin ərazidə yaşayan insanları oradan köçürmək lazımdır. Bu hadisə fors-major olduğu üçün dövlət orqanları tərəfindən sakinlərə müəyyən kompensasiyalar verilməlidir. Əgər həmin mənzillər sığorta olunubsa, sığorta şirkətlərini də bu prosesə cəlb etmək lazımdır”.
Ə.Nuriyevin sözlərinə görə, BŞİH-dən başqa Şəhərsalma Arxitektura Komitəsi, Ekologiya Nazirliyi və Fövqəladə Hallar Nazirliyi də bu prosesə cəlb olunmalıdır. Eyni zamanda baş nazirin müavini Abid Şərifov hadisə ilə yaxından maraqlanmalıdır: "Hər bir qurum öz səlahiyyətləri daxilində bölgədə qiymətləndirmə aparmalıdır. Çünki qiymətləndirmə aparmadan qərar qəbul etmək doğru deyil. Eyni zamanda hadisəyə biganə yanaşıb, sürüşmə bölgəsindəki insanları da taleyin ümiduna buraxmaq olmaz”.