Azərbaycanın Astara rayonunda bir neçə gün öncə əri tərəfindən işgəncələrə məruz qalmış 28 yaşlı Nisə Xəlilova ilə yaxın münasibətlərdə ittiham olunan 40 yaşlı Astara sakini Yalçın Məhərrəməli oğlu Mirzəyev bu məsələdə heç bir günahının olmadığını deyib.
APA-nın cənub bürosuna verdiyi açıqlamasında Y. Mirzəyev onun ünvanına söyləyənlərin yalan olduğunu bildirib. Y. Mirzəyev, Nisə Xəlilovanın həyat yoldaşı Çingiz Mehdiyevin onun ünvanına söylədiyi ittihamların yalan və iftira olduğunu açıqlayıb: "Mən onunla dost olmamışam. Çingiz yaxşı adam deyil. Artıq 5-6 ildir ki, mən ondan uzaq gəzirəm. Nisənin rəhmətlik əmisi Salmanla dost olmuşam. Çingizi tanıyan bütün ətrafdakılar daim məni ondan uzaq olmağa çağırıblar. Deyiblər ki, o narkotik aludəçisidir, sənin tayın deyil. O ki qaldı onun yoldaşına, mən heç vaxt onunla hər hansı bir şəxsi münasibətdə olmamışam və bir dəfə də olsun maşınıma mindirməmişəm”. Hadisə baş verən gün evində olduğunu söyləyən Y.Mirzəyev yalnız iki gün sonra bu barədə televiziyadan xəbər tutduğunu deyib: "Məni sonra prokurorluğa çağıraraq soruşdular ki, Çingizlə necə dostsan? Mən isə bildirdim ki, Çingizlə heç vaxt dost olmamışam, onu yalnız əmisi vasitəsi ilə tanımışam. Onlara get-gəlim olmayıb heç vaxt”. Qeyd edək ki, faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Amma hadisə ilə bağlı isə hələlik heç kim saxlanılmayıb.