Bakı şəhərinin əksər məktəblərində şagirdləri məcbur edirlər ki, mütləq əlavə vəsaitdən istifadə etsinlər. Hazırda bütün əsas fənlərin testləri ilə yanaşı, iş dəftərləri də mövcuddur. Şagirdlər məcburi qaydada həm testləri, həm də iş dəftərlərini almalıdır. Belə ki, iş dəftəri valideynləri "işə salıb”. Yeni dərs ili ərəfəsində iş dəftərlərinin məcburi satışı ilə bağlı narazılıqlar eşidilməkdədir. Belə ki, valideynlər iş dəftərlərinin şagirdlərə məcburi qaydada satılmasından, üstəlik qiymətlərin hətta dərsliklərdən baha olmasından narahatdır.
Orta məktəblərdə şagirdlərə məcburi şəkildə iş dəftərlərinin satılması məsələsinə aydınlıq gətirən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, əgər məktəblərdə şagirdlərə məcburi şəkildə iş dəftərləri aldırılarsa, o zaman valideynlər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.
Nazirin xəbərdarlığı isə ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.
Təhsil nazirinin xəbərdarlığını yüksək qiymətləndirən əməkdar müəllim Almaz Həsrət hesab edir ki, bu qadağa hamı tərəfindən dəstəklənməlidir: "Amma nazir bu xəbərdarlığı vaxtında verməli idi, indi gecdir. Çünki artıq dərslər başlayalı yarım aydan çoxdur. Əksər məktəblərdə də iş dəftərləri çoxdan aldırılıb. Ancaq bunu bütün məktəblərə şamil etmək də ədalətsizlikdir. Mənim övladım beşinci sinifdə oxuyur, hələ bir dənə də iş dəftəri almamışam”.
Bir pedaqoq olaraq iş dəftərlərinin şagirdlər üçün lazımlı vasitə olduğunu vurğulayan A.Həsrətin sözlərinə görə, iş dəftərləri uşaqlara pulsuz verilməlidir: "Mənim şəxsi mövqeyim belədir ki, orta məktəblərdə şagirdlərin iş dəftəri ilə işləməsinə ehtiyac var. Əvvəllər biz dəftər tutdurur, test kitabçaları aldırırdıq. İş dəftəri olanda isə əlavə dəftər tutmağa ehtiyac qalmır. Bu baxımdan uşaqların hansısa bir fənni düzgün mənimsəməsi üçün iş dəftərləri lazımdır. Sadəcə həmin dəftərlər şagirdlərə pulsuz paylansa, daha yaxşı olar”. İş dəftərlərinin dərsin gedişatını yüngülləşdirdiyini və daha maraqlı etdiyini vurğulayan əməkdar müəllimənin sözlərinə görə, məcburi satılmamaq şərti ilə iş dəftərlərindən istifadəyə önəm vermək lazımdır.
Təhsil eksperti Nabatəli Qulamoğlunun qənaətincə isə nazirin bu gün belə bir xəbərdarlıqla çıxış etməsi həddindən artıq yersizdir: "Nazirin bu xəbərdarlığı birmənalı onun gücsüzlüyünün göstəricisidir. Nazirin əvvəlki açıqlamalarında deyirdi ki, məktəblərdə qanunsuz fəaliyyətlərin qarşısı alınacaq və onlara qarşı ciddi ölçü götürüləcək. İndi isə deyir ki, orta məktəblərdə şagirdlərə iş dəftərlərinin məcburi qaydada satılması ilə bağlı kimdə məlumat olsa, hüquq-mühafizə orqanlarına müraciət etsin. Belə çıxır ki, nazirlik orta məktəblərdə qanunsuzluğun qarşısını almaq iqtidarında deyil”.
Nazirin açıqlamalarında heç bir yenilik olmadığını deyən ekspert qeyd edib ki, iş dəftərlərinin məcburi satılması onsuz da qadağandır: "Nazir desə də, deməsə də bunu hamı bilir. Bu günə qədər onun məcburi satışı ilə məşğul olanlara isə bu xəbərdarlıqlar kar etməyəcək”. İş dəftərlərinin dövlət tərəfindən pulsuz paylanması ilə bağlı heç bir rəsmi qərar olmadığını vurğulayan N.Qulamoğlu deyib ki, onların satılmasına da heç bir məhdudiyyət yoxdur: "Kim istəsə gedib, ala bilər. Sadəcə onun məcburi şəkildə şagirdlərə satılması yolverilməzdir. Sözün açığı, iş dəftərlərinin məzmunu haqqında o qədər də optimist deyiləm. Bildiyim qədəri ilə bu dəftərlər ayrı-ayrı mütəxəssislər tərəfindən hazırlanır və ciddi nəzarətdən keçmir. Bu mənada iş dəftərlərini heç də lazımlı və yaxşı tədris vəsaiti kimi qiymətləndirmirəm. Amma bir şey də var ki, onu hazırlayan mütəxəssislər əmək sərf edirsə, deməli bu əməyin müqabilində onu satmaq hüququ da var. Bu hüququ heç kim onun əlindən ala bilməz. Sadəcə, iş dəftərlərindən istifadəni şagirdlərin seçiminə buraxmaq lazımdır. Əgər dövlət pulsuz vermirsə, heç kimə mütləq almalısan deyə, göstəriş vermək olmaz”.
İş dəftərlərinin təhsilin keyfiyyəti istiqamətində heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayan təhsil eksperti Nadir İsrafilov isə deyib ki, bu dəftərlər əlavə gəlir əldə etməyin növüdür: "Hər kitabın öz iş dəftəri var. Bir açıb o dəftərə baxın, görün kitabdan fərqli nə yazılıb onun içində? Müəyyən dəyişiklik edib, bir neçə maraqlı şəkillər əlavə etməklə kitabın fərqli formasını çap edirlər. İş dəftərləri şagirdlərin həm zehni, həm də maddi yükünü ağırlaşdırmaqdan başqa heç nəyə yaramır”. Ekspert qeyd edir ki, bu dəftərlər bir növ sovet dövründə ibtidai siniflərdə uşaqlara yazmağı öyrədən dəftərlərin funksiyasını daşıyır. Onun sözlərinə görə, iş dəftərləri dərs komplektinə salındığı gündən narazılıq yaradıb. Odur ki, yalnız iş dəftərlərinin məcburi satışına qadağa qoymaqla kifayətlənmək olmaz. Ümumilikdə bu dəftərlər tədris proqramında olmamalıdır.