Türkiyədə hərbi xidmət müddəti azaldılacaq. Ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, qardaş ölkədə əsgərlik müddətinin azaldılaraq 18 aydan 12 aya endirilməsi planlaşdırılıb. Hətta bununla bağlı artıq Silahlı Qüvvələr, Baş Qərargah və Müdafiə Nazirliyi ilə də razılığa gəlinib. Qeyd edək ki, sözügedən qərarda qısamüddətli hərbi xidmət müddətinin əvvəlki kimi saxlanılması nəzərdə tutulub.
Ərdoğanın qərarını müsbət dəyərləndirən hərbi-ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Türkiyənin atdığı addım digər türk dövlətləri tərəfindən də atılmalıdır: "Öncə onu qeyd etmək istəyirəm ki, Ərdoğanın ordu ilə bağlı açıqladığı paketdə çox maraqlı məqamlar var. Əsgəri müddətin azaldılması ilə bağlı qərar isə artıq Türkiyə Silahlı Qüvvələr, Baş Qərargahla da razılaşdırılıb. Nazirlər Kabitneti də müsbət rəy verdikdən sonra bir il xidmət keçən türk əsgərləri də artıq evə buraxılacaqlar. Onu da deyim ki, bu qərar Türkiyədə çox böyük coşqu ilə qaşılanıb”.
Azərbaycanda da hərbi xidmət müddətinin azaldılmasına ehtiyac olduğunu düşünən hərbi-ekspert ümidlidir ki, nə vaxtsa bizdə də belə bir qanunla bağlı müraciət olunacaq və məsələ öz həllini tapacaq: "Doğrudur, Azərbaycan müharibə şəraitindədir. Amma müharibə şəraitində olmaq o demək deyil ki, bizdə hərbi müddətin azaldılmasına dair qanun qəbul etmək olmaz. Çünki Azərbaycanda əsgəri xidmətə çağırılacaq insan resursları kifayət qədərdir. Azərbaycanda demoqrafiya ilə bağlı hansısa bir problem yaşanmadığı üçün əsgərlik müddətinin çox olması xüsusi əhəmiyyət kəsb etmir. 90-cı illərdə bizim üçün aktual olan çağırışçı qıtlığı artıq bizim üçün geridə qalıb. Bu baxımdan düşünürəm ki, bizdə əsgəri müddət 18 aydan 12 aya endirilməlidir. Ali təhsilli gənclər üçün isə 6-9 ay müddətini tətbiq etmək olar. Belə bir qanunun qəbulu Azərbaycan ordusu üçün ağrısız bir əməliyyat olacağına tam əminəm. İnanıram ki, hərbi xidmət müddəti azalsa belə, Silahlı Qüvvələrimizdə heç bir problem yaşanmayacaq. Sadəcə, millət vəkilləri və yetkili orqanlar risk etməli və qanunu hazırlamalıdırlar. Onu da deyim ki, Türkiyənin atdığı bu addım bütün türk dövlətləri tərəfindən dəstəklənməli və davam etdirilməlidir”.