Aydın Mirzəzadə: “Düşünmürəm ki, Azərbaycana qarşı bu təxribatın arxasında cəmisi bir neçə deputat dayansın”
Avropa Parlamentində təşkil olunmuş "Azərbaycanda prezident seçkiləri: Odlar yurdu üçün hansı gələcək?” adlı seminarda Azərbaycana qarşı planlaşdırılmış təxribat olub.
Belə ki, oktyabrın 3-də Brüsseldə keçirilən müzakirələrdə iştirak etmiş deputatlar Fuad Muradov, Asim Mollazadə və Çingiz Əsədullayev dünən mətbuat konfransı keçiriblər. Deputat Fuad Muradov bildirib ki, Avropa Parlamentində təşkil olunmuş seminar "Azərbaycanda prezident seçkiləri, əməkdaşlıq imkanları” adlansa da, əslində tədbirin mahiyyəti Azərbaycanın əleyhinə olub.
Deputat qeyd edib ki, onlar Azərbaycanda milli azsaylı xalqların problemlərini müzakirə edəcək bir tədbirdən təəccübləniblər: "Bu, Avropa Parlamentinin tədbiri deyil, Hollandiyadakı liberal-demokrat qrupunun seminarı idi. Avropa parlamentinin hər bir üzvünün belə seminar keçirmək hüququ var. Çox qəribədir ki, bu tədbirə "Avropada tanınmayan xalqların təşkilatı” adlı qurumun nümayəndələri dəvət olunmuşdu. Tədbir əvvəldən axıradək Azərbaycanın əleyhinə olan nitqlərlə müşayiət olunub. Avropa Parlamentində Azərbaycana qarşı ünvanlanan əsassız ittihamların heç də təsadüfi olmadığını düşünən deputat deyib: "Bu ilin noyabrında Vilnüsda Şərq Tərəfdaşlığı Proqramı ölkələrinin sammiti keçiriləcək. Azərbaycanın da orada iştirakı planlaşdırılır. Azərbaycanın Avropa ilə strateji əməkdaşlığına dair mühüm sənədlər imzaladığı məqamda həmişə belə müzakirələr təşkil olunur. Bu isə müəyyən maraqlı dairələrin planlaşdırılmış addımıdır”.
Seminarda iştirak edən digər deputat Asim Mollazadə isə vurğulayıb ki, Vilnüsda Azərbaycanın bir sıra mühüm sənədlər imzalayacağı gözlənilir. O qeyd edib ki, bu sırada vizaların sadələşdirilməsi məsələsi var. "Azərbaycanla Avropa Birliyi strateji əməkdaşlıq sənədinin hazırlanması üzərində iş gedir. Məhz belə həssas məqamda Avropa Parlamentində bu tədbirin təşkil olunması uzağa gedən nəticələrdən xəbər verir”. Asim Mollazadə bildirib ki, Ermənistan Gömrük İttifaqı sənədini imzalamaqla faktiki Avropa ilə əməkdaşlıqdan kənarda qalıb. Odur ki, Bakının Avropa ilə belə isti əlaqələri bir sıra dairələrin xoşuna gəlmir və bu əlaqələri əngəlləmək yolunda fəaliyyətə keçiblər:
"Bu tədbirə "Ləzgi Mədəni Muxtariyyəti”nin rəhbəri Akif Kərimov da dəvət olunub. Hətta elan etdilər ki, "Talış Muğan Respublikası”nın "prezidenti” Əlikrəm Hümbətov Ermənistanda olduğu üçün iştirak edə bilmir. Mən bildirdim ki, Azərbaycanda azsaylı xalqların hüquqlarının qorunması üçün dövlət səviyyəsində sənədlər imzalanıb və hər hansı etnik zəmində münaqişə yoxdur. Bu tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycanı Avropaya inteqrasiyadan kənarda qoymaqdır”.
Deputatlar onu da qeyd ediblər ki, seminarda iştirak edən separatçı təşkilatların rəhbərlərinə çıxış etmək imkanı verilsə də, azərbaycanlı deputatlara bir dəqiqəlik reqlament qoyulub. Gərgin şəraitdə keçən seminarda ləzgi və digər təşkilatların nümayəndələri azərbaycanlı deputatlara sayğısızlıq nümayiş etdirib və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış ediblər.
Müsavat başqanı İsa Qəmbərin bu müzakirələrdə passiv iştirakından narazılıq edən F.Muradov bildirib ki, tədbiri təşkil edən liberal-demokrat qrup Müsavat Partiyası ilə bir blokda müttəfiqdir: "Müsavat Partiyası bu məsələnin gündəliyə salınmasına öz etirazını bildirə bilərdi. Amma biz bunun şahidi olmadıq”. Millət vəkilləri bildiriblər ki, tədbirdə iştirak edən avropalı parlamentarilər bu müzakirələrdən təəssüfləndiyini bildiriblər və Azərbaycana dəstək nümayiş etdiriblər”.
Siyasi analitik Cümşüd Nuriyev də hesab edir ki, Azərbaycana qarşı bu cür təxribatyönlü tədbirlərin keçirilməsində Azərbaycan müxalifəti beynəlxalq qurumlarla iş birliyinə girib: "Hələ əvvəllər Milli Şurada Eldəniz Quliyev etnik məsələsini qaldıranda biz buna etiraz etmişdik. Amma fikir verən olmadı. Onlar bir şeyi başa düşmür ki, etnik məsələsi Azərbaycanda çox kövrək mövzudur. Odur ki, müxalifətçilərin öz siyasi maraqları üçün etniklərdən istifadəsi yolverilməzdir”.
Azərbaycanın tolerantlığa görə, bəlkə də dünyada birinci yeri tutduğunu vurğulayan politoloq deyib ki, Azərbaycanda etniklərə çox böyük hörmət var və heç vaxt onlara qarşı ayrı-seçkilik olmayıb. Azərbaycanda yaşayan hər bir millətin nümayəndəsi Azərbaycan vətəndaşıdır, eyni zamanda onların hər biri müsəlmandır. Peyğərbərimizin də buyurduğu kimi bütün müsəlmanlar qardaş-bacıdır. Bu baxımdan, Azərbaycanda etnik ayrı-seçkilik, mili azlıqların hüquqlarının pozulması kimi bir yanaşma yoxdur, ola bilməz, heç olmayacaq da. Əlikram Hümbətovu harada olmasından asılı olmayaraq şərəfsiz adlandıran C.Nuriyev Brüssel keçirilən seminarda onun adından çıxış edən adamın da şərəfsizlikdə Əlikram Hümbətovdan geri qalmadığını vurğulayıb: "Azərbaycan dövləti yox, heç millətin özü də ayrı-seçkiliyi sevmir. Milli ayrı-seçkilik məsələsinə görə, Azərbaycanı ittiham etmək, hətta bu məsələni Avropa Parlamentində müzakirəyə çıxarmaq birmənalı Azərbaycan hökumətinə qarşı təxribat və seçkiqabağı ölkəmizə qarşı hazırlanmış növbəti cəfəngiyyatdır. Onu da deyim ki, bu cür təxribatlar Azərbaycan müxalifətinin sifətini göstərir. Əminəm ki, etnik məsələsinin Avropa Parlamentində qaldırılmasında birbaşa onların əli var. Təbii ki, bunun adı isə qeyd-şərtsiz erməni dəyirmanına su tökməkdir”.
Avropa Parlamentində Azərbaycana qarşı planlaşdırılmış təxribatı kəskin qınayan C.Nuriyev onların bu addımını Azərbaycan xalqına qarşı təxribatla yanaşı, təhqir hesab etdiyini vurğulayıb: "Sözün açığı, Parlamentdə Azərbaycana qarşı əsassız ittihamlar səsləndirənlərin müsəlman olduğuna belə şübhə ilə yanaşıram”.
Ayrı-ayrı beynəlxalq qurumlar tərəfindən zamanla Azərbaycana qarşı planlaşdırılmış təxribatlar həyata keçirildiyini vurğulayan millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, bu ittihamlar da onlardan biridir: "Azərbaycana qarşı təzyiq göstərmək istəyən qüvvələr bu istiqamətdə beynəlxalq təşkilatların da adından yararlanmağa çalışırlar. Regionlar və beynəlxalq Parlament Assambleyalarının iş prinsipi belədir ki, hansısa bir deputat istənilən mövzuda seminar keçirə bilər. Ancaq düşünmürəm ki, Azərbaycana qarşı bu təxribatın arxasında cəmisi bir neçə deputat dayansın. Çox güman ki, bunun arxasında müəyyən beynəlxalq dairələr dayanıb. Hansılar ki, Azərbaycanda olan stabillik və mili həmrəylikdən, eyni zamanda, insan haqlarının tam şəkildə qorunmasından son dərəcə narahatdırlar. Daha doğrusu, bu onlara sərf etmədiyi üçün müxtəlif vasitələrlə Azərbaycanda siyasi sabitliyi pozmağa çalışırlar. Bunun üçün də əsas vasitə kimi onlar etnik "kart”ından istifadə edirlər. Bilirsiniz ki, həmin tədbirdə keçmiş Azərbaycan vətəndaşı Əlikram Hümbətov da iştirak etməli idi. Lakin o düşmən ölkədə səfərdə olduğu üçün seminara qatıla bilməyib. Avropa Parlamentində keçirilən seminarda qeyd olunub ki, Azərbaycanda milli ayrı-seçkilik var, etniklərin hüquqları pozulur. Halbuki, bunların heç birinin əsası yoxdur. Faktiki olaraq Azərbaycanda milli azlıqların yaşam tərzi göz önündədir. Hər bir Azərbaycan vətəndaşı kimi onlar da öz haqlarından yetəri qədər istifadə edirlər. Brüsseldə çıxış edənlərin onların adına danışması siyasi təxribatdan başqa bir şey deyil. Mən çox təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycana qarşı bu cür çirkin oyunlar oynayan qüvvələrə bəzi azərbaycanlılar da yardım edir. Onlar üçün hər şeydən önəmlisi özlərinin siyasi maraqları olduğu üçün bu cür tədbirlərin Azərbaycan dövlətinə və dövlətçiliyinə hansı zərbələr vuracağının fərqinə belə varmırlar. Bütün cəhdlərə baxmayaraq həmin seminarın ifalasa uğradığını vurğulayan millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı onları dəstəkləmədiyi üçün pafoslu çıxışlarla separatçılar uzağa gedə bilməyəcəklər.