Azərbaycan Respublikasının Nazirlər Kabineti "Hərbi qulluqçulara (xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” qərara dəyişiklik edib. Dəyişikliyə əsasən, qərarının adına və 1-ci hissəsinə "xüsusi təyinatlı təhsil” sözlərindən əvvəl "hərbi qulluqçu hazırlayan” sözləri əlavə edilib. Belə ki, hərbi qulluqçu hazırlayan bütün xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına mənzilin kirayəsi üçün pul veriləcək. Qeyd edək ki, hərbi xidmətə çağırılarkən vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərarın verilməsi ilə bağlı da qaydalar yenilənib. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə veriləcək. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılacaq, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılacaq, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı sayılaraq ehtiyata keçiriləcəklər. Ailəli kursantlara kirayə xərclərinin verilməsi ilə bağlı qanunda edilən dəyişikliyi şərh edən hərbi-ekspert Üzeyir Cəfərov bunun uzun müddətdən bəri gözlənildiyini qeyd edib: "Təqdirəlayiq haldır”. Ekspertin sözlərinə görə, hazırda yalnız kursantlar deyil, zabitlər də kirayədə qalırlar: "Amma onlara ayrılan kirayə pulu qənaətbəxş səviyyədə deyil. Şəhərlərdə çalışan zabitlərə verilən kirayə xərci azdır. Ola bilər bu vəsait regionlarda yetərli olsun. Bakı kimi şəhərdə 50-60 manata mənzil tapmaq mümkünsüzdür. Düşünürəm ki, hərbi qulluqçulara kirayə üçün ayrılan məvacib artırılmalıdır”.
Bununla yanaşı, Ü.Cəfərov vurğulayıb ki, dövlətin zabitə uzun illər boyu kirayə pulu verməsi düzgün mexanizm deyil. Bunun əvəzində onların evlə təmin olunması daha effektli olar: "Bu hərbi qulluqçuların mənzil təminatını yaxşılaşdırar. Eyni zamanda Azərbaycan ordusunun imicinə müsbət təsir göstərər. Etiraf edək mənzil şəraiti yaxşı olmayan hərbi qulluqçular xidmətdə səriştəsizliklər edirlər. Mənzil şəraitlərinin yaxşı olmaması bəzən ailələrinin dağılmasına gətirib çıxarır”.
Hərbi xidmətə çağırış haqqında edilən dəyişikliyə gəldikdə isə ekspert bunun bürokratik əngəllərin yaranmasına səbəb olacağını söyləyib: "Belə çıxır ki, bu il hərbi xidmətdən möhlət hüququ alanlar, 2014-cü ildə yenidən hərbi həkim diaqnozundan keçməlidirlər. Əvvəllər 3 il idi. İndi 1 ilə endiriblər. Bu düzgün deyil. Çağırışçının ciddi xəstəliyi varsa, hərbi həkim komissiyası ona xəstə diaqnozu qoyursa, həmin vətəndaş müalicə olunmalıdır. Bir il ərzində isə sağlamlığın bərpa olunması mümkünsüzdür. Hesab edirəm ki, sonuncu yenilik əlavə problemlərə yol açacaq”.