Təhsil Nazirliyi orta məktəblərdə davamiyyət problemini həll etmək istəyir. Amma hansı yolla? Nazirliyin saytında yer alan məlumatda bildirilir ki, ucqarlarda yerləşən orta məktəblərdə şagirdlərin davamiyyətinə nəzarət məqsədilə davamlı tədbirlər həyata keçiriləcək. Bu tədbirlər yerli təhsil orqanları və digər aidiyyətli təşkilatlarla birgə aparılacaq. Xatırladaq ki, TN şagirdlərin davamiyyəti problemini bir müddət öncə də gündəmə gətirmişdi.
Bakı Baş Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov TQDK-nı qəbul imtahanlarını çətinləşdirməkdə suçlayaraq bu səbəbdən şagirdlərin repititor yanına getdiyini və nəticə etibarilə dərslərdə şagird davamiyyətinin aşağı düşdüyü iddiasını irəli sürmüşdü. Görəsən, indi Təhsil Nazirliyi hansı "digər aidiyyətli təşkilatlar”la davamiyyət problemini həll etməyi düşünür?
Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev məktəblərdə davamiyyətin aşağı düşməsinin bir əsas səbəbi olduğunu dedi:
- Bu da müəllimlərin keyfiyyətsiz tədrisidir. Şagirdlərin məktəbdən yayınmasının birinci səbəbi təlim prosesinin zəifliyi, müəllimdən lazımi səviyyədə bilik ala bilməməsi, tədrisin aşağı səviyyədə olması, ikincisi, ümumtəhsil məktəblərinin şagirdlərini müxtəlif tələblərlə məktəbdən küsdürmələridir. Səbəblər bunlardır. Müəllimlərin öyrətmək qabiliyyəti yüksəldilməlidir, ixtisasları artırılmalıdır. Müəllimlərin bilik səviyyəsi çox aşağıdır. Şəxsi tədris planları yoxdur. Kim nə istəyir, danışır, gedir. Əvvəllər belə şey mümkün deyildi. Müəllimdən plan tələb olunurdu ki, görək dərsdə bu gün nədən danışacaq. Müəllimlərin metodiki hazırlığı çox zəifdir. Əksəriyyəti başdansovdu dərs keçir. Şagird məktəbdə dərs vaxtı müəllimdən bilik ala bilmir. Məcburdur, dərsdən sonra başqa müəllimin yanına getsin. Ya da əlavə saatda tədris müəllimi ilə məşğul olsun. Valideyn də belə vəziyyətdə haqlı olaraq düşünür ki, uşaq niyə məktəbdə vaxtını boş yerə keçirməlidir. Onun əvəzinə repititor yanında dərs öyrənər. Ona görə də uşaqları məktəbdən yayındırıb repititor yanına göndərirlər. Bir sinifdə xəstəlik, ya başqa, hansısa qəfil səbəbdən bir-iki, uzaqbaşı 3 şagird dərsə gəlməz. Amma bir sinifdə 10-15 nəfər dərsdə iştirak etmirsə, bu, artıq xəstəliklə bağlı deyil. Deməli, bu uşaqlar dərs vaxtı harasa başqa yerə gedirlər. O başqa yer də, birinci halda repititordur, ikinci halda, ümumiyyətlə, dərsdən yayınmaqdır. Çünki məktəblərdə uşaqları cəlb edəcək bir şey qalmayıb. Adi təhsil də normal səviyyədə keçilmir. Əlavə təşkilatlar deyəndə, nazirlik nəyi nəzərdə tutur? Polisi, icra nümayəndəsini, yoxsa kimi? Şagirdi də polis gücünə məktəbə gəlməyə məcbur etmək olar? Hansı zəmanədə yaşayırıq? Məktəb elə bir səviyyədə olmalıdır ki, uşaq ora getməyi özü seçsin. Könüllü şəkildə məktəbə bağlansın. Bizim məktəblərdə hazırda bu şərait yoxdur. İnzibati metodlarla şagirdi məktəbə bağlamaq olmaz. Görünən dağa bələdçi lazım deyil. Təhsil Nazirliyi çox yaxşı bilir ki, məktəblərdə tədris çox zəif qurulub. Ona görə də aynanı vurub sındırmaqdansa, üzdəki nöqsanları düzəltmək lazımdır.