"Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma dekabrın əvvəlində üsyançıların Dəməşqi ələ keçirməsindən sonra Moskvadakı həyatından narazı qalıb və boşanmaq üçün məhkəməyə ərizə verib".
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Jerusalem Post" qəzetinin dərc etdiyi məqalədə iddia edilib.
Qəzetin iddiasına görə, siyasətçinin həyat yoldaşı Rusiya məhkəməsinə müraciət edərək, Moskvanı tərk etmək üçün xüsusi icazə istəyib və hazırda səlahiyyətlilər onun müraciətini nəzərdən keçirirlər.
Qeyd olunub ki, Əsma Əsəd Böyük Britaniyaya köçməyi planlaşdırır.
TASS-ın xəbərinə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəbəri təkzib edib.
Peskovun sözlərinə görə, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin guya boşanması və onun əmlakının dondurulması, ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Xatırladaq ki, daha əvvəl yayılan xəbərlərdə Londonda doğulan və evləndikdən sonra Suriyaya köçməklə bank sahəsində karyerasına son qoyan Əsma Əsədin ayrılmağa hazırlaşdığı, Moskvadakı şərtlərdən məmnun olmadığı və Londona getmək üçün boşanmaq tələbini irəli sürdüyü bildirilirdi.
Suriyada siyasi vəziyyət noyabrın sonunda silahlı yerli müxalifət qruplaşmalarının hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçməsi ilə daha da kəskinləşib. Nəticədə onlar bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb, dekabrın 8-nə keçən gecə ölkənin paytaxtı Dəməşq şəhərini ələ keçiriblər. Bunun fonunda Suriya qoşunlarının komandanlığı respublika prezidenti Bəşər Əsədin hakimiyyəti dövrünün başa çatdığını elan edib. Əsəd Dəməşqi tərk edib və Rusiya paytaxtı Moskavaya yerləşib.