Naqif Həmzəyev: Azərbaycanın dünya dövlətləri sırasında yerini tutması birbaşa İlham Əliyevin adı ilə bağlıdır

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. İlhan Əliyev 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. Beləliklə İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra yeni reallıqlar formalaşdı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın əldə etdiyi böyük uğurlar, əsasən da ərazilərimizin azad olunması tarixə qızıl hərflərlə yazıldı. ilham Əliyevin xalqa verdiyi vədə əməl etməsi uğurlu siyasətinin və iradəsinin göstəricisidir. Azərbaycanın regional gücə, dünyada orta güc potensialına malik ölkəyə çevrilməsi İlham Əliyevin uğurlu xarici siyasəti ilə bağlıdır. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Qoşulmama Hərəkatı, COP29 kimi beynəlxalq təşkilatlara rəhbərlik edib. Eyni zamanda Azərbaycanın azad olunmuş ərazilərdə tikinti və quruculuq işlərinin aparılması – açılan müəssisələr, məktəb və xəstəxanalar, keçmiş məcburi köçkünlər üçün inşa edilən evlər, insanların vətənə qayıdışı İlham Əliyevin siyasi iradəsinin nəticəsidir. 


Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a bildirib ki, ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz hədəflərinə uğurla çatmaqdadır:

“Uzun illərdir işğal altında olan torpaqlarımız İlham Əliyevin uğurlu siyasəti nəticəsində artıq işğaldan azad edilib və 2023-cü  ilin sentyabr ayının 20-də suverenliyimiz tam olaraq bərpa olunub. Ölkə rəhbərinin yaratdığı yeni reallıqlar isə Azərbaycanın gücünə güc qatır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hər gün yeni bir zirvəni fəth edir. Unutmamalıyıq ki, Azərbaycan 90-cı illərin əvvəllərində müstəqilliyini bərpa etdikdə həmin zamankı səriştəsiz, idarəetmə və ölkəni ağır vəziyyətdən çıxarmaq iqtidarında olmayan siyasi-hərbi rəhbərlik Azərbaycanı daha çətin vəziyyətə saldı. Ulu öndər Heydər Əliyevin xalqın təkidi, istəyi ilə təkrarən hakimiyyətə qayıtmasından sonra biz müstəqilliyimizi ömürlük və daimi edə bildik. Ona görə də məhz müasir Azərbaycanın qurucusu və banisi Ulu öndər Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu daxili və xarici siyasət Ali Baş Komandan cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Məhz cənab Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəmdə Azərbaycan ordusu yenidən formalaşdırıldı, iqtisadiyyatı yenidən quruldu. Azərbaycanın regionlarının sosial, iqtisadi inkişafı ilə əlaqədar xüsusi dövlət proqramları həyata keçirildi. Bakı şəhəri və digər rayon və şəhərlərimiz arasındakı fərq aradan qaldırıldı. Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılması üçün yeni layihələr həyata keçirildi və xüsusilə də Azərbaycanın klassik enerji resurslarını ixrac edən bir dövlət statusunu daha da inkişaf etdirərək yaşıl enerjiyə keçidi məhz cənab prezident İlam Əliyev təmin edə bildi”.

Deputat söyləyib ki, Azərbaycanın regionun ən aparıcı dövlətlərindən birinə çevrilməsi, dünya dövlətləri sırasında öz layiqli yerini tutması birbaşa olaraq cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır:
“İkinci Qarabağ savaşından sonra əldə etdiyimiz zəfərin bizə verdiyi imkanları doğru düzgün dəyərləndirərək, Azərbaycan həm regionda uzunmüddətli və dayanıqlı sülhə nail olub həm də, Ermənistanla şərti sərhəd ərazilərində delimitasiya və demarkasiya işlərində irəliləyiş əldə edə bilibdir. Eyni zamanda Azərbaycan artıq beynəlxalq təşkilatlarda öz layiqli yerini tutur və nüfuzlu təşkilatlarda daimi üzvlük və müşahidəçi üzv qismində iştirakını günü gündən artırır. Azərbaycan orta dəhlizin əsas açar ölkələrindən biridir. Çindən Avropaya uzanan orta dəhlizin inkişaf etdirilməsi və gücləndirilməsi üçün Azərbaycan bu günə qədər öz ərazisində böyük nəqliyyat şəbəkəsini formalaşdıra bilib. Həm Şimal-Cənub, həm Qərb-Şərq dəhlizi Azərbaycanın öz gücü hesabına regionumuzda gücləndirilir. Eyni zamanda, yaxın gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycanın yükdaşıma potensialını və imkanlarını daha da artıracaqdır. Azərbaycanın Gürcüstan dəniz limanlarına,  portlarına qoyduğu sərmayə və yeni limanların tikilməsini həyata keçirməsi bu yükdaşıma gücünü daha da artırmış olacaq.  Bakı-Tiflis-Qars dəmiryolu xətti də sərnişinlərimiz üçün istifadəyə veriləcək. Digər tərəfdən işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yeni beynəlxalq hava limanlarının tikilməsi bu nəqliyyat şəbəkəsini daha da şaxələndirməkdədir. Qarabağ və Şərqi Zəngəzurda quruculuq, abadlıq işlərinin sürətlə həyata keçirilməsi, Böyük Qayıdışın reallaşması, uzun illərdir vətən həsrətini çəkən soydaşlarımızın nəhayət ki, öz dəva yurdlarına qayıdaraq orada yaşamaları məhz, cənab Prezident İlham Əliyevin liderliyi, uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Bu gün biz Qarabağ və Şərqi Zəngəzurda tikinti işlərinə şahidlik edirik və bu ərazilər minalardan təmizlənir, paralel olaraq şəhərlər, qəsəbələr, kəndlər salınır. Həmçinin yararlı ərazilərdə məhz əkin işləri həyata keçirilir, yeni meşə massivləri salınır. Bir sözlə bu ərazilər bir növ cənnət məkana çevrilir. Bütün bu ərazilərin yaşıl ərazi elan edilməsi də gələcəyə doğru atılmış bir addımdır. Biz yalnız bu günün deyil, uzaq gələcəyin də tələblərinə cavab verə biləcək tikinti, quruculuq və bərpa işlərini həyata keçiririk ki, gələcəkdə də bu ərazilər öz mövqeyini daima qoruyub saxlasın. Xüsusilə də Xankəndində Qarabağ Universitetinin əsasının qoyulması orada tələbələrin qəbul edilməsi, cənab Prezident İlham Əliyev tərəfindən Qarabağ Universitetinin açılışının həyata keçirilməsi məhz Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilmiş uğurlu işlərdən biridir. Bu gün bütün sərhəd boyu ərazilərdə Azərbaycan ordusu möhkəmlənir və yeni ordu sisteminə komanda tipli hərbi birliklər sisteminə keçidi həyata keçirilir. Digər tərəfdən professional hərbiçilərdən ibarət ordu qurulur və ən müasir texnikalar Azərbaycan ordusunun inventarına daxil edilir. Azərbaycan sosial yönümlü siyasət həyata keçirilən bir dövlətdir və  hərbi büdcəmizi daha da artırmışıq. Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan  uğura doğru irəliləyir və Azərbaycan xalqı cənab Prezidentin ətrafında sıx birləşib. Noyabrın 24-ü Prezident İlham Əliyevin doğum günüdür. Fürsətdən istifadə edib Ali Baş Komandan İlham Əliyevi və onun silahdaşı olan ailə üzvlərini doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, cənab Prezidentə uzun ömür, can sağlığı arzulayıram”.