İl ərzində yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunan 80 ədəd təcili tibbi yardım avtomobili alınıb.
Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
TƏBİB tabeli tibb müəssisələrində təmir işlərinə toxunan V.Qurbanov bildirib ki, Klinik Tibbi Mərkəzin 2 əsas korpusunun əsaslı təmir layihələndirilməsi üzrə tender prosesinə, Respublika Klinik Xəstəxanasının isə tam əsaslı təmir işlərinə başlanılıb. Eyni zamanda, Nərimanov Tibb Mərkəzinin yenidən qurulması həyata keçirilir.
O həmçinin xəstələrin dərman təchizatı məsələsinə də toxunub:
"Hazırda şəkərli diabet xəstələrinin vahid elektron registrində qeydiyyatda olan ümumi xəstə sayı 322 min 353 nəfərdir ki, onlar da zəruri preparatlarla təmin olunub.
B və C virus hepatitli xəstələrin virusəleyhinə dərman preparatları ilə təmin olunması üzrə Komissiyasının dekabrın 1-nə olan məlumatlara əsasən 512 xəstə 6 aylıq periodlarla hepatit B əleyhinə, 1 055 xəstə isə il ərzində hepatit C əleyhinə dərman vasitələri ilə təmin edilib".
Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, Bakıda 80 yeni təcili tibbi yardım avtomobilinin xidmətə verilməsi bir neçə cəhətdən müsbət qiymətləndirilə bilər:
“Təcili tibbi yardım avtomobilinin sayının artırılması daha çox insana vaxtında yardım göstərilməsinə imkan verir. Bu, xüsusilə Bakıda əhəmiyyətlidir. Yeni avtomobillər adətən müasir tibbi avadanlıqlarla təchiz olunur. Bu da diaqnostika və ilkin tibbi yardımın keyfiyyətini yüksəldir. Bakıda sıx tıxac şəraitində təcili tibbi yardım maşınlarının sayının çoxalması xidmətin daha sürətli olmasını təmin edə bilər. Yəni müasir avadanlıqlarla təchiz olunmuş təcili yardımların alınması insana lazım olan bütün yardımları göstərməyə imkan verir. Yeni təcili yardım avtomobilində xəstənin uzanması üçün istifadə edilən çarpayılar da çox müasirdir. Əvvəl həkimlər çox çətinlik çəkirdi. Yəni çarpayını əlləri ilə düzəldirdilər. Bu həm də xəstələr üçün daha yaxşıdır. Təəssüf ki, bu tıxaclara görə həkimlər gec gəlirlər. Bizim insanlar anlayışlı olmalıdır. Yaxın vaxtlarda həkimi döymüşdülər. Bu həkimə qarşı edilən hörmətsizlikdir. Yeni təcili tibbi yardım avtomobilinin xidmətə verilməsi Bakıdan başqa regionlara da tətbiq olunması təcili tibbi yardım xidmətinin ümumilikdə ölkə üzrə daha səmərəli təşkilinə səbəb ola bilər. Ümumiyyətlə bu addım səhiyyə sektorunun inkişafını və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasını göstərir”.