İki funksioner istefa verdi

İqbal Ağazadənin partiyası parçalandı



Ümid Partiyasının rəhbəri, millət vəkili İqbal Ağazadənin prezident seçkisinin nəticəsi ilə bağlı verdiyi açıqlama partiya rəhbərliyindən iki nəfərin getməsinə səbəb olub. Sədr müavini Aynur İmranovadan sonra gənclərlə iş üzrə digər müavin Ruslan İzzətli də qurumdan istefa verib. İstefasını təsdiqləyən A.İmranova hələlik bu barədə danışmaq istəmədiyini deyib:

"Açıqlamaq istəyirəm ki, bu andan etibarən Ümid Partiyasının sıralarından istefa barədə qərar qəbul eləmişəm. Mən, başda İqbal Ağazadə olmaqla bütün ümidçilərə bundan sonrakı siyasi fəaliyyətlərində uğurlar arzulayıram”. R.İzzətli isə Ümid Partiyasının prezident seçkilərinə verdiyi qiymətə görə partiyadan istefa verdiyini bəyan edib: "Biz gənclər hər zaman demokratiyanın, insan haqlarının yanında olmuşuq. Ümid Partiyasının seçki açıqlaması isə demokratiya və xalqın qərarına qarşıdır. Partiyada olan dostlarıma bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirəm”. Məlumata görə, R.İzzətlinin ətrafında təşkilatlanmış 300 nəfərə qədər gənc də onunla birlikdə partiyadan istefa veriblər.

Ümid Partiyasının sədr müavini Razi Abbasbəyli istefalarla bağlı "Şərq”ə bunları deyib: "Əslində, hər iki şəxs partiyadan istefa vermələrinin səbəbini açıqlayıb. Mən partiyadan istefa verən müavinlərlə eyni statusda olduğuma görə, onların partiyadan getməsinə münasibət bildirməyim etik olmaz. Özləri qərar veriblər və təşkilatdan gedərək siyasi mövqelərini bəyan ediblər. Biz də, partiya sədri İqbal bəy də gedənlərə normal münasibət bildirərək hər iki gəncə uğurlar arzulamışıq”.

R.Abbasbəylinin sözlərinə görə, partiyadan gedənlərlə yanaşı, gələnlər də olur. Ancaq bu əvəzləmələr qurumun fəaliyyətinə zərbə vurmur: "Ümid Partiyası Azərbaycanda kifayət qədər elektoradı, rayon təşkilatları və strukturları olan, institut halında fəaliyyət göstərən nüfuzlu bir qurumdur. Partiyada azad və demokratik mühit var. Ona görə də təşkilatda gediş-gəlişlərin olmasını normal qarşılamaq lazımdır. Çünki bu, əslində partiyanın güclənməsinə xidmət edir”.

Partiya sədrinin müavini qeyd edir ki, bəzən partiyanın verdiyi kollegial qərarlar hansısa funksionerləri qane etməyə və onlarda narazılıq yarada bilər. Amma eyni zamanda verdiyimiz qərarlardan dolayı, partiyamıza gələnlər də çox olur: "Əgər qərarımızla barışmayan bir neçə nəfər partiyadan gedəcəksə, sizi əmin edirəm ki, tərəddüd içində olan onlarla şəxs rəhbərliyin mövqeyini bəyənərək partiyamıza gələcəklər. Ola bilər ki, sabah Razi Abbasbəyli də partiyadan getsin. Amma bu o demək deyil ki, mənim gedişim Ümidə zərbə vuracaq. Hər qurumda məyyən kollegial qərarlara fərdlərin münasibəti birmənalı olmaya bilir və bu, təbiidir. Əgər bu gün verdiyimiz qərarlara etiraz edən olmasaydı, əksinə hamı sədri alqışlasaydı, onda bu vəziyyət daha acınacaqlı olardı, nəinki kimlərinsə etirazdan dolayı partiyadan getməsi. Ancaq zaman gələcək, burdan gedənlər yenidən bizimlə işləmək üçün geri dönəcəklər”.

İqbal Ağazadə sədri olduğu Ümid Partiyasından iki funksionerin Aynur İmranova ilə Ruslan İzzətlinin istefasına münasibət bildirib.

Partiya sədri deyib ki, hər bir kəsin partiyaya gəlmək və getmək hüququ var. Bunu normal qarşılamaq lazımdır.

İqbal Ağazadə eyni zamanda bildirib ki, onların hər ikisi sıravi üzvlər olub : "Hər kəs bilirdi ki, qurultaydan sonra bizdə heç bir müavin təyinatı olmayıb. Sıravi, amma dəyərli üzvlər idilər. Baş verənləri biz təxminən müzakirə etmişdik və gözlənilən idi. Dostlarımız hər zaman dostlarımız olaraq qalacaq, onlara uğurlar arzulayıram”.