Gələn il, fevral ayında, Soçi olimpiadası zamanı Qarabağda müharibə başlaya bilər. Bu iddia ilə rusiyalı tanınmış politoloq, Rusiya Hərbi Politoloqlar Assosiasiyasının eksperti Aleksandr Perenciyev çıxış edib. O, Qarabağda müharibəni real hesab etdiyini söyləyib. Politoloq hətta dəqiq tarix də söyləyib. Bu tarix isə 2014-cü ilin fevralında keçiriləcək Soçi olimpiadası zamanıdır.
Azərbaycan cəmiyyəti və siyasi elitasında problemin həllinin uzanmasından yana artan gərginlikdən söz açan ekspert müharibəni gələn ilin qışında zəruri edən amil kimi Azərbaycan ordusunun erməni ordusu ilə müqayisədə qış hərbi kampaniya zamanı özünü daha inamlı hiss etməsini söyləyib: "Əsas məqamlardan biri isə fevral ayında Rusiyanın əsas güc və vasitələri Soçi Olimpiadası iştirakçılarının təhlükəsizliyini təmin eləməyə yönələcəyidir. Bu isə Rusiya Silahlı Qüvvələrinə, Ermənistan-Azərbaycan hərbi konfliktinə operativ müdaxiləsini əngəlləyə bilər. Söhbət, sadəcə, mümkün olan, ehtimaldan gedir. Bu cür neqativ ssenarinin qarşısını almaq, hər şeyi ölçüb biçmək, Dağlıq Qarabağın kimə məxsusluğunu bildirmək üçün hələ siyasətçilərin vaxtı var. Minsk Qrupu ölkələri, həmsədrlər vaxt itirmədən fəal işə keçməlidir. Hərbi konfliktin alovunu ən yaxşısı, rüşeymində söndürməkdir, nəinki genişmiqyaslı müharibə alovunu söndürmək”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu rusiyalı politoloqun haqlı olduğunu deyir. Onun sözlərinə görə, ekspertin açıqlaması onu göstərir ki, artıq Qarabağ münaqişəsi ətrafında aparılan sülh danışıqları dalana dirənib: "ATƏT başda olmaqla, münaqişədə vasitəçi olan beynəlxalq təşkilatların da fəaliyyətsizliyi göz önündədir. Əslinə qalsa, rusiyalı politoloqla hamımız razılaşmalıyıq. Çünki əgər 20 ildir danışıqlar nəticə vermirsə, deməli yeganə çıxış yolu alternativ yollardan istifadə etməkdir. Dağlıq Qarabağ probleminin həllində alternativ yol da ikinci Qarabağ müharibəsinin başlanmasıdır. Sadəcə indi bölgədə vəziyyət elədir ki, tərəflərin heç biri münaqişənin başlanmasına risk edə bilmir. Çünki İran və Rusiyanın bölgəyə təsiri onlara bu addımı atmaqda mane olur. Ancaq istənilən halda problemin sülh yolu ilə həlli mümkün deyilsə, müharibə ehtimalı qaçılmazdır. Mən dəqiq deyə bilmərəm ki, Soçi olimpiadası zamanı müharibə başlayacaq. Heç bunu rusiyalı politoloq da deməyib. Sadəcə bu zaman kəsiyində münaqişənin alovlana bilməsi ehtimalını irəli sürüb. Onun da öz arqumentləri var. Amma bütünlükdə nə qədər ki, torpaqlar azad edilməyib, sülh danışıqlarında irəliləyiş yoxdur, müharibə ehtimalı həmişə qalır”. E.Şahinoğlunun sözlərinə görə, rusiyalı politoloq Qarabağ müharibəsinin başlayacağını deməklə həqiqəti açıqlasa da, o bir şeyi unudur: "Xatırlamır ki, konfliktin həllinə ən böyük əngəl, məhz onun təmsilçisi olduğu ölkə, yəni Rusiyadır. Əgər Rusiya bölgədən əlini çəksə, hər hansı bir yolla münaqişənin həlli mümkündür. Sadəcə, Rusiya aranı kəsib və heç cür problemin həllini istəmir”. E.Şahinoğlu beynəlxalq qurumların və ekspertlərin müharibədən çəkindirən açıqlamalarını "baş altına yastıq qoymaq” adlandırıb: "Əgər beynəlxalq təşkilatlar bölgədə sabitlik istəsəydilər, münaqişənin sülh yolu ilə həlli istiqamətində effektiv fəaliyyət göstərərdilər. Zənnimcə, artıq Azərbaycan kimi beynəlxalq təşkilatlar da problemin yalnız hərb yolu ilə həll olunacağını dərk edirlər, sadəcə qəbul etmək istəmirlər”.