Mərkəzi Seçki Komissiyası ATƏT/DTİHB-in 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair ilkin hesabatını Azərbaycan seçicilərinin iradəsinin təhqiri kimi qiymətləndirir və ümumiyyətlə qəbul etmir. APA-nın məlumatına görə, bu haqda MSK-nın yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd olunub ki, Azərbaycanda keçirilən prezident seçkilərinə oktyabr ayının 10-da ATƏT/DTİHB-in verdiyi qiymət bu seçkiləri müşahidə edən digər 20 beynəlxalq təşkilatın mövqeyindən kəskin surətdə fərqlənir və bu cür hesabatı qəbul etməklə ATƏT/DTİHB özünü təcrid vəziyyətinə salmış olur. Sənətdə vurğulanıb ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT və Avropa İttifaqı kimi çox nüfuzlu beynəlxalq qurumların təmsilçiləri, Fransa, İtaliya, Böyük Britaniya, Rusiya, Türkiyə və bir sıra digər ölkələrin parlamentariləri, MDB-nin, Türkdilli Ölkələrin Parlament Assambleyasının və seçkilərə yüzlərlə müşahidəçi ilə qatılmış digər Avropa və Amerika təşkilatlarının nümayəndələri seçkilərin nəticələrinə kölgə sala biləcək hər hansı bir halın müşahidə olunmadığını bəyan edib.
"Lakin ənənəvi olaraq yalnız bir qurum - ATƏT DTİHB Azərbaycanda keçirilən seçkilərə qarşı yenə də qərəzli, ümumi müşahidə ab-havasında xüsusi qeyri-obyektivliyi ilə fərqlənən mövqe tutub. Bu seçkilərin müşahidəsinə dair missiyanın ilkin hesabatı çoxsaylı müşahidəçilərin real müşahidələri və faktlara söykənən mövqelərinə tamamilə zidd olmuş, həqiqətin açıq şəkildə təhrif olunmasına xidmət edən aralıq hesabatlarındakı qərəzli xətti davam etdirib. Qonşu ölkələrdə keçirilən seçkilər zamanı kobud qanun pozuntularına, o cümlədən insan həyatına qarşı sui-qəsdlərə göz yuman ATƏT DTİHB həqiqətə uyğun olmayan, uydurulmuş iradları Azərbaycana qarşı irəli sürməkdə davam etməkdədir.
Prosesə kölgə salmaq səyləri ilə xüsusi fərqlənmiş bu hesabat tərtib edilərkən ən azı sadə balanslaşdırma prinsipinə məhəl qoyulmayıb, hətta ATƏT/DTİHB-in əvvəlki seçkilərdəki missiyaları tərəfindən yüksək qiymətləndirilmiş məqamlar bir çox hallarda kəskin tənqid edilib, seçki prosesinin müxtəlif mərhələlərinə qiymət verilərkən əksər hallarda ya heç bir fakta söykənilməyib, ya faktlar və Seçki Məcəlləsi də daxil olmaqla ölkə qanunvericiliyi açıq şəkildə təhrif olunmuş, ehtimallar əsas götürülüb. Həmin hallarla bağlı mövcud olan çoxsaylı təkzibedilməz faktlar MSK tərəfindən missiyanın təmsilçilərinə dəfələrlə çatdırılsa da, bunlar nümayişkaranə surətdə qulaqardına vurulub.
Eyni zamanda, beynəlxalq dəyərlərin qorunması istiqamətində çox çətin proseslərdən keçməkdə olan və torpaqlarının 20 faizindən çoxu 20 ildən artıq müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan Respublikasında yaranmış bir milyondan artıq məcburi köçkün və qaçqın reallığının seçkilərdə yaratdığı problemə missiya tərəfindən ümumiyyətlə əhəmiyyət verilməyib. Bununla qərəzli qiymətləndirməni təsdiq edən halların siyahısı daha da genişlənmiş olub.
Bütün bunları nəzərə alaraq, MSK sözügedən hesabat tərtib edilərkən müşahidə aparılması iddia edilən məntəqələr üzrə ATƏT/DTİHB-in müşahidə qruplarının rəylərinin qurumun internet səhifəsində açıqlanmasını və eyni zamanda, MSK-ya təqdim edilməsini israrla təkid edir və yalnız bundan sonra indi və gələcəkdə ediləcək təkliflərlə bağlı müvafiq addımlar atıla biləcəyini qurumun diqqətinə çatdırır. Mərkəzi Seçki Komissiyası bir daha bəyan edir ki, bir qayda olaraq qərəzli mövqe nümayiş etdirən ATƏT/DTİHB ilə gələcəkdə əməkdaşlıq edilməsi məsələsinə yenidən baxılması üçün Azərbaycan hökumətinə müraciət etmək məcburiyyəti qarşısında qaldığını bildirir”.