Üç gün öncə Azərbaycan daha bir tarixi gününü yaşadı. Belə ki, ölkədə keçirilən 9 oktyabr seçkiləri, ölkəmizin müstəqillik tarixinə demokratik, şəffaf, sakit seçki kimi yazıldı. Ölkə vətəndaşlarının böyük əksəriyyətinin səsini qazanan hazırkı prezident İlham Əliyev yenidən birinci seçildi. Səslərin 84 faizindən çoxunu toplayan İ.Əliyevi artıq bir sıra ölkələrin dövlət başçıları təbrik ediblər.
Amma buna baxmayaraq Azərbaycana qarşı qərəzli mövqedə dayanan bəzi dövlətlər və beynəlxalq təşkilatlar xoşagəlməz bəyanatlar veriblər. Guya ki, seçkilər şəffaf şəkildə baş tutmayıb, qanun pozuntuları olub və s. Bunlar isə həqiqətə uyğun olmayan yanaşmaların nəticəsidir.
Seçkilərdən sonra proseslə bağlı ilkin rəyini bildirən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) yanaşması da bu qəbildəndir. ABŞ Dövlət Departamenti də ATƏT-in seçkiləri müşahidə missiyasının mübahisəli və obyektivliyi şübhə doğuran hesabata əsaslanaraq qərəzli bəyanat verib. Təbii ki, bu cür rəy heç kimə, o cümlədən ABŞ Dövlət Departamentinə başucalığı gətirmir. Maraqlı məqam ondan ibarətdir ki, ABŞ-da seçkilər zamanı ATƏT-in müşahidəçiləri heç seçki məntəqələrinə buraxılmır. İndi ABŞ Dövlət Departamentinin istinad etdiyi ATƏT-in müşahidəçilərinə bu ölkədə hətta bəzi qadağalar da tətbiq olunub. Amma Dövlət Departamenti bu təşkilatın hesabatına əsaslanan bəyanatla çıxış edir. Əgər bir dövlət bu təşkilatı özlərində keçirilən seçki prosesinə buraxmırsa, o zaman verdikləri bəyanat qərəzli yanaşmanın göstəricisi sayılır.
Ermənistanda prezident seçkilərinin tam saxtalaşdırılmasına göz yumaraq müsbət qiymət verən ABŞ hökumətinin Azərbaycanda dinc və şəffaf şəraitdə keçən demokratik seçkilərə qeyri-obyektiv münasibəti ikili standartların bariz nümunəsindən başqa bir şey deyildir.
Halbuki Ermənistanda keçirilən seçkilərdə namizədlərdən biri açıq şəkildə atəşə məruz qalmışdı. Əgər qarşıdurmalarla keçən Ermənistandakı prezident seçkilərini yüksək dəyərləndirən ABŞ-ın, dinc şəraitdə baş tutan Azərbaycandakı seçkiləri qeyri-demokratik adlandırması qərəz deyil nədir?
Oktyabrın 9-da seçkiləri müşahidə edən ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzinin çoxsaylı ekspertləri, bu ölkənin siyasətçiləri, QHT nümayəndələri və s. birmənalı şəkildə qeyd etdilər ki, seçkilər şəffaf, demokratik və beynəlxalq standartlara uyğun keçirilib. Maraqlıdır ki, öz ölkələrinin QHT-lərinin, müşahidəçilərinin hesabatına Dövlət Departamenti niyə baxmayıb. Məntiqlə ABŞ Azərbaycandakı seçkiləri dəyərləndirən zaman öz təşkilatlarının rəyinə əsaslanmalıdır. Amma özlərinin müşahidəçilərinə deyil də ATƏT-in qərəzli müşahidəçilərinin sərgilədiyi absurd yanaşmaya əsaslanmaq Dövlət Departamentinin ikili standartlarından xəbər vermirmi?
ABŞ-ın nüfuzlu konqresmenləri və senatorları, ayrı-ayrı ştatların qubernatorları və yüksək vəzifəli şəxsləri Azərbaycan Prezidenti İlham Əliyevi demokratik seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik ediblər. Həmçinin ABŞ-ın tanınmış "Arthur J.Finkelstein and Associates” şirkəti "exit-poll” keçirərək İlham Əliyevin seçicilərin 83,7 faizini qazandığını təsdiqləyib. Amma bunları nəzərə almayan Dövlət Departamentinin rəyi, münasibəti qərəzli sayılmalıdır.
Onu da nəzərə çatdıraq ki, Dövlət Departamentinin açıqlamasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) adlı yerli təşkilatın donoslarına əsasən seçkilər zamanı qanun pozuntularına yol verildiyi iddia olunur. SMDTM ABŞ-ın Azərbaycandakı səfirliyinin himayə etdiyi, ABŞ fondları tərəfindən maliyyələşdirilən və bu ölkənin maraqlarına işləyərək Azərbaycanı ləkələməyə çalışan bir təşkilatdır. Amma bu təşkilatın və onun tərəfdaşlarının Azərbaycanın bölgələrini əhatə edən 66 dairədə apardıqları monitorinqə əsasən, seçkilərdə qanun pozuntularına yol verilməyib, seçici aktivliyi 70-72 faiz təşkil etmiş və seçicilərin 80 faizindən çoxu İlham Əliyevə səs verib. Özlərinin himayə etdiyi yerli təşkilatın rəyinə əsaslanmaq daha doğru olmazdımı? Amma Dövlət Departamenti qərəzli yanaşan ATƏT DTİHB-nun rəyinə əsaslanıb həqiqətə uyğun olmayan yanaşma ortaya qoydu. Görünür, ABŞ Dövlət Departamentinin Azərbaycandakı seçkilərlə bağlı rəyi əvvəlcədən hazırlandığına görə, SMDT-nin son nəticələri də nəzərə alınmadan dövriyyəyə buraxılıb. Yaxud bu məlumatlar onların konsepsiyasına yuğun gəlmədiyinə görə, nəzərə alınmayıb.
Azərbaycanın seçki reallığı ilə bağlı ABŞ-ın rəyi deyəndə seçkilər haqqında heç bir məlumatı olmayan şəxslərin əsassız donoslar əsasında, kabinetdə diqtə altında hazırladıqları qərəzli bəyanat deyil, bu ölkənin seçkilərini müşahidə edən və onu adekvat qiymətləndirən nüfuzlu nümayəndələrinin fikirləri, "exit-poll” keçirən şirkətinin nəticələri əsas götürülməlidir.
ATƏTDTİHB-nin qərəzli hesabatına əsaslanan ABŞ Dövlət Departamentinin subyektiv rəyi Azərbaycan seçicisi ilə yanaşı, bu ölkənin seçkiləri müşahidə edən nümayəndələrinin, konqresmenlərin, senatorların, "exit-poll” keçirən şirkətinin mövqeyinə hörmətsizlikdir.
Müşahidəçilər də belə qənaətdədirlər ki, ATƏT kimi uğursuz bir təşkilatın qərəzli rəyi ilə yanaşma ortaya qoyan ABŞ Dövlət Departamenti öz ölkəsinin vətəndaşı olan və Azərbaycanda seçkiləri müşahidə edən ekspertlərini də ayaqlar altına atmış oldu. İctimaiyyət Dövlət Departamentinin onların səsverməsinə etdiyi hörmətsizliyə görə sərt şəkildə qınamaqdadır. Həmçinin, ABŞ hökuməti, qeyri-obyektiv yanaşma ilə özünü Azərbaycanın ictimai rəyi və mövcud seçkiləri müşahidə etmiş dünya ictimaiyyəti ilə üz-üzə qoydu.