ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar yaydığı bəyanatda seçkilərin beynəlxalq standartlara cavab vermədiyini və ATƏT qarşısında götürülmüş öhdəliklərə uyğun olmadığını bildirib. Qeyd olunub ki, Dövlət Departamentinin rəyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, habelə yerli qeyri-hökumət təşkilatı olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) hesabatları əsasında formalaşıb.
Son 2 gündə elektron və yazılı kütləvi informasiya vasitələrinin materiallarını araşdırarkən qəribə mənzərənin şahidi olduq. Məlum oldu ki, SMDTM seçki prosesinə oktyabrın 9-da bir cür, 10-da isə tamam fərqli münasibət açıqlayıb.
Oktyabrın 9-da seçki məntəqələri bağlandıqdan bir neçə saat sonra SMDTM-in şimal bölgəsi üzrə müşahidə qrupunun rəhbəri Aftandil Məmmədov mətbuat konfransı keçirərək, monitorinq apardıqları 6 dairədə (51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər, 56 saylı Xaçmaz kənd) səsvermə prosesində hər hansı qanun pozuntusunun qeydə alınmadığını bildirmiş, həmin dairələr üzrə "exit-poll”un nəticələrini açıqlamışdır. 6 dairədə İlham Əliyev 81,2 %-dən 85,1%-dək, Cəmil Həsənli isə 6,5%-dən 7,7%-dək səs toplamışdır.
Elə həmin gün "Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi də (VCİD İB) prezident seçkiləri ilə bağlı keçirdikləri müşahidələrin və "exit-poll”un nəticələrini açıqlayıb. İctimai Birliyin sədri Ramin Göyüşov qeyd edib ki, təşkilat ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə "Gənclər seçki prosesinin şəffaflığının keşiyində” adlı layihə icra edir. Layihə çərçivəsində 450 nəfər gəncdən ibarət müşahidəçilər komandasının hazırlanması və seçki prosesinin müşahidə edilməsi SMDTM ilə birgə həyata keçirilib. 450 məntəqədə müşahidə aparan şəxslərin göndərdiyi məlumatlara əsasən, səsvermədə əhalinin və xüsusən də gənclərin fəallığı müşahidə olunub. Seçkilərdə iştirak 70-72 faiz təşkil edib. R.Göyüşov həmin məntəqələrdə rəyi soruşulanların 80,6%-nin İlham Əliyevə, 10,2 %-nin isə Cəmil Həsənliyə səs verdiyini bildirib.
Oktyabrın 10-da SMDTM prezident seçkisi ilə bağlı hesabatını açıqlayıb. Həmin hesabatda seçki prosesinin bütün mərhələlərinin kobud qanun pozuntuları ilə müşaiyət olunduğu, milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun olmadığı vurğulanıb.
Göründüyü kimi, bu hesabat oktyabrın 9-dakı açıqlamalarla tam ziddiyyət təşkil edir. (milli.az)
Beləliklə, sual yaranır: özünü seçki sistemi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı yönündə ixtisaslaşmış, tərəfsiz qeyri-hökumət təşkilatı adlandıran SMDTM-in neçə mövqeyi var? Eyni qurumun eyni məsələ ilə bağlı bir-birindən köklü şəkildə fərqlənən rəylər sərgiləməsinin əsasında hansı maraqlar dayanır? Biz təşkilat rəhbəri Anar Məmmədlinin bu suallara cavab verməsini istərdik.