İstehlak bazarlarında qida məhsullarının qiymətində bahalaşma müşahidə olunub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata əsasən, ərzaq məhsullarının qiymətləri 0,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb. Əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalıb. Ətin, düyünün, süd və süd məhsullarının qiyməti artıb.
Qeyd edək ki, bəzi ekspertlər qiymət artımının müvəqqəti olduğunu və mövsümi xarakter daşıdığını bildirirlər.
İqtisadçı-ekspert Nazim Məmmədov isə "Şərq”ə açıqlamasında bahalaşmanın əmək haqlarının artması ilə bağlı olduğunu qeyd edib: "Azərbaycanda artım ənənəvi olaraq vətəndaşların aylıq məvaciblərinin qalxmasından sonra baş verir. Eyni zamanda, monopoliya, Azərbaycan iqtisadiyyatına kifayət qədər ciddi təsir edib. Bu da ölkədə iqtisadi fəallığı azaldır”. N.Məmmədovun sözlərinə görə, region sakinlərinin Bakıya və Bakıətrafı qəsəbələrə inteqrasiyası da ərzaq məhsullarının qiymətinə mənfi təsir göstərir: "Regionlardan paytaxta gələnlərin sayı ildən-ilə çoxalmaqdadır. İqtisadi miqrasiyanın səviyyəsi 50-60 faizi keçib. Kənd təsərrüfatı ilə məşğul olmağa potensialı olan insanlar şəhərlərə üz tuturlar. Sözsüz ki, bu da ölkə daxilində istehsalı məhdudlaşdırır. Tələb təklif dizproporsiyasını əmələ gətirir. Bu da qiymətlərin bahalaşmasına gətirib çıxarır”.
Ekspertin qənaətincə, ölkədə istehlak bazarlarının sıxışdırılması prosesi də mövcuddur: "Yerli istehsalı stimullaşdırılmır. Xarici ölkələrdən idxal olunan məhsulların bazara çıxışı monopolistlərin əlində olduğuna görə, qiymətlərdə arzuolunmaz dəyişikliklər qeydə alınır”.